Saqif Qaratorpaq - Saçını gah yağış,gah da qar öpər

2016-08-06 21:22:58 / 10205 dəfə oxunub

Saqif Qaratorpaq 26 oktyabr 1963-cü ildə Qazax rayonunun(indiki Ağstafa) Köçəsgər kəndində anadan olub.Ailəlidir.İki övladı var. "Şamın kölgəsi”(2006-cı il),"Bir könül varağında” (2012-ci il), "Üç addım” (2014-cü il) şeirlər kitabının müəllifidir.Ağstafa rayonu Köçəsgər kənd H.Əlizadə adına 1saylı tam orta məktəbdə müəllim işləyir.Ağstafada fəaliyyət göstərən Hüseyn Arif Ədəbi Məclisinin sədridir.AYB-nin üzvüdür.








Necə girdin ürəyimə, Xəbərim olmadı bundan. Gözümü açınca gördüm Elə min ildi ordasan…

Axı,kim öyrədib sənə Bu cadunu,bu ovsunu? Sən gəldin,anlatdın mənə eşqin gözəl olduğunu.

Quruyub qalmışam elə, Söz də tapmıram deməyə. Bilmirəm,necə "get” deyim, Yerin varmı ki getməyə…

 

*** Bilmirəm nə deyim sənə bu yaşda, Ilk dəfə vurulan uşaq deyiləm. Bir az utancağam,bir az da tənbəl, Neyləyim, elə də qoçaq deyiləm.

Kəsdirib qapımı budu son bahar, Ayağım altında xəzəldi illər... Mənim qız qaytaran vaxtım ha deyil, Elə görən kimi sevə gözəllər.

Yoxsa sən gecikdin bu ömrə-günə, Bilmirəm, gec tapdım bəlkə mən səni. Bir nakam sevdanın naxışıdı bax, Alnımın qırışı,saçımın dəni.

Bir eşqin acısı sızlar içimdə, Adını sinəmə yazıb ayrılıq. Mən çoxdan ölmüşəm bir buz ürəkdə, O gündən qəbrimi qazıb ayrılıq.

Demirəm halıma acı bir azca, Səndən bir cabab da gözləmirəm mən. Bir az ürəyimi boşaltdım yetər, Bundan sonrasını özün bilərsən...  

***

Bir az da bu qarı bəhanə elə, Nə olar,bir gün də yuban yanımda. Sənsiz üşüyəcək,qəribsəyəcək Təzə isitdiyin yuvan yanımda...

Zəng elə,denən ki,yollar bağlıdı, Nə qatar işləyir,nə də ki maşın. Burda qaldığından xəbər tutmasın Hələ ki nə anan,nə də qardaşın...

...Qarış taleyimə,qarış ömrümə, Yaşayaq qəlbimiz istəyən kimi. Çəkik şəklimizi qarın üstünə, Sevinək uşaqlar sevinən kimi.  

****

Daha çıxmayacam yoluna sənin, Yox,sənə sevgidən danşmayacam... Titrəyə-titrəyə çıxıb qarşına Bir də girməyəcəm qoluna sənin, Yox,sənə sevgidən danışmyacam...

Eh,ötüb gedəcəm səni görəndə, Almayacam belə salamını da. Səndə nəyim varsa,geriyə qaytar, Qaytar ən xırdaca yalanımı da, Yox,sənə sevgidən danışmayacam...

Adını eşidib susacam daha, Qayaya dönəcəm,daşa dönəcəm. Gülüştək üzündə gül acmayacam, Daha gözlərində yaşa dönəcəm... Yox,sənə sevgidən danışmayacam...

Sən də unut məni,çıxart yadından, Düşün ki,dünyada yox belə adam... Eh...aylı gecədə o sirli sözü Bir də qulağına pıçıldamaram... Yox, sənə sevgidən danışmayacam...

Mümkünmü qaytarmaq vaxtı geriyə? Yuxutək gözümdə kölgələnir qəm. Hər səni görəndə səndən gizlicə İçimi yandırır bir söz:-sevirəm! Yox...sənə sevgidən danışmayacam.

 

***

Elə xoşbəxtdilər küləklər...elə... Yorulmur saçını sığallamaqdan. Nə ola üzümə toxuna bir yol... Baxıb həsəd çəkə çoxu uzaqdan.

Bir az mənim olsun qoy sizin küçə, Bitim ağac kimi yolunun üstə. Özüm gələmmirəm,barı uyusun Gecələr xəyalım qolunun üstə...

Eh,qismət deyilmiş yanında olmaq, Həsrətin sinəmdə təzə köz kimi. Heyif,gözlərindən öpə bilmədim... Öpüm dodağından şirin söz kimi.

Saçını gah yağış,gah da qar öpər, Uzaqdan baxaram cızdağım çıxar. Elə korun-korun yanaram altdan, Axıra nə külüm,nə yağım çıxar...  

*** Qəfil gəldi bu sevda,. heç olmadı xəbərim. sən deyirsən "qayıt get", dönmək olurmu geri? Çoxdan yanıb tökülüb arxadakı körpülər. Qısılıb ürəyimə Bir qərib həsrət inlər...

Arxada bir payız var, qarşıda bir qarlı qış. Uzatsın ömrümüzü bir azca bu aldanış...

Qorxum yoxdu kimsədən, qoy olsun olacaqlar. yanıq yeri duracaq, eh,sönsə də ocaqlar...

Daha baxma heç nəyə, utanma bu sevgidən. Bu həyatda heç kimi belə sevməmişəm mən. **** Sənə dedim illərdi heç kimə demədiklərimi, sənəcən bildiklərimi, bilmədiklərimi... üst-üstə yarpaq kimi yığmışdım dərdlərimi sinəmə. Bir gün varaq-varaq çevirib sənə deyəcəkmişəm demə... İçimdə göynəyən arzuların boxçasını açıb tökdüm qarşına bir-bir. bir bax,sözlərimdən bir qərib həsrətin qoxusu gəlir... Sənə dedim nə varsa, illərdi hamıdan gizlətdiyim bakirə xəyalları, sənə dedim yuxuda gördüklərimi belə... sənə dedim, gizlətmədim heç nəyi, bir vergülü də... əllərimdə solan o gülü də xatırladım... unutmadım ölən sevgilərə dediyim ağını belə, danışdım, bir şirin nağıl kimi... Danışdım nə varsa,sənə... nə yaxşı... nə yaxşı, inandın mənə.

*** Sən ey payız çiçəyi, Gör nə düşüb bəxtinə. Içimdə bir sevgi var, Necə oxşayır sənə.

Durnalar köçdü getdi, Yoxsa yoxdu xəbərin? Ömrü gödək olurmuş Payızda sevgilərin...

Mən bilmədim bu sevda Hardan düşdü könlümə. Indi gizli dərdimi Deyəmmirəm heç kimə.

Külək əsir,tökülür Ağacların yarpağı. Məni həsrət üşüdər, Səni payız sazağı.

Səhərdi...günəş çıxıb... Gəl sevinmə bu başdan. İndi hələ payızdı, Xəbərin yoxdu qışdan.  

*** Ürəyim köçəri quş yuvasıdı, Gedərsən,boş qalar sənin də yerin. Yastığı isladan göz yaşlarımı A zalım,silərmi bir də əllərin?!

Gör necə asandı bir qəlbi qırmaq... Qoy uçsun əlinlə könlümün evi. Yetim uşaq kimi boynunu büküb Bir kiçik misrada yaşar bu sevgi...

Nəmli gözlərimdə bir ümid ölər, Axar ulduz kimi göyün üzündən. Ölü balıq kimi çıxaram üzə Səhər açılanda eşq dənizindən...  

*** Unudaram hər şeyi bircə səndən savayı. Getmə,dayan,nə olar, gecə könlümün ayı!

Gəl gizlənmə buluda, göstər hərdən üzünü. Gözlərini görməsəm, necə yumum gözümü?

Qoy gedənlər getsinlər.. ayaq saxla sən bir az. Bilirsən,həsrətinə könlüm daha daynmaz...

İsladar gecələri gözlərimin yuxusu. Kaş məni öldürəydi saçlarının qoxusu...

Gərək vaxt dayanaydı əllərindən öpəndə... Eh,ölüb dirilirəm neynim səni görəndə...

Məni də qəlbinə yaz, gec olsa da,nə olar. Bilim ki ürəyində bircə misra yerim var...  

*** Üzümə gülümsəmə Hər məni görəndə sən. Hər səhər baxışınla Vurma könül evimdən.

Qoy gedim öz yolumla, Gör nə qədər işim var. Saymaqla bitən deyil, Məktəb,maşın,ev,bazar...

Saçlarını çiyninə Belə tökmə nə olar... Mənim buna dözəsi Elə ürəyimmi var.

Nə olar görüşəndə Bir də elə vermə əl. Tükənirəm,bitirəm... Mənə ümid vermə gəl!

Çox da yaşıma baxma, Lap uşaqdan betərəm. Qoşulub gülüşünə Sənnən çıxıb gedərəm.  

*** 

Yadımdan çıxır daha Nə varsa səndən yana. Yolllarım elə bağlı, Gələmmirəm yanına.

Səssizcə çiçəkləyir Adın dodaqlarımda. Göz yaşım bir misradı, Donub yanaqlarımda.

Üst-başımda,saçımda Həsrətinin qoxusu, Hər gecə yuxumdadı Ayrılığın yuxusu.

Sənsiz gör necə itib Ömrün-günün səhmanı. Sızıldayır içimdə Səni görmək gümanı…

Bu gün də bitdi belə, Demirəm ki yaşadım… Titrəyən əllərimlə Xəyalını oxşadım.

Yenə səhra ömrümə Düşdü bir qərib axşam. Ürəyim elə təşnə, Tək sənə susamışam…

 

*** Yenə çatdı qaşını ömrün qərib axşamı... Sevgi öldürmür, ancaq dəli edir adamı.

Korun-korun,gizlicə tüstüləyir bir ocaq. Ürəyimin ağrısı gözlərimə çıxacaq.

Bu da qismətdi belə, yazılıb alnımıza. Bəlkə heç görüşmədik, vədə vermə bu yaza...


*** Belə sevgimi olar? Bu ki divanəlikdi. Könlüm arı şanıtək baxsan dəlik-dəlikdi...

Yollar elə uzaqdı, Bəlkə gələ bilmədim. Gözlərinin yaşını Heyif, silə bilmədim.

Hər gün yollara baxıb çox ağlama,nə olar... O körpə ümidini sellər yuyub aparar.

Bu dünyada heç kimin Bircə gülü solmasın. Gəlib səni tapacam əgər dəli olmasam...  

***

Yollarına boylanıb səni gözləmək gözəl... Gözümü yolda qoyma, nolar, bir azca tez gəl.

Qısılıb bir bucağa boynumu bükmüşəm bax. Gedib sənə çatdımı gizlicə çəkdiyim ah?

Kipriyimlə gecənin Pərdəsini sökmüşəm. Həsrətin kölgəsində özümə ev tikmişəm...

Axı, girov qoymuşam eşq yolunda bu canı. Yaxşıca tanıyırsan sən bu qərib ünvanı.

Sən ki yaxşı bilirsən Nələr çəkib bu ürək... Yadından çıxmasın ha, Dönəndə mənə baş çək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!