Məmmədova Xatın - Axı mənim bu dünyada nə işim?!

2016-08-10 14:29:56 / 20119 dəfə oxunub

Məmmədova Xatın 1962-ci ildə İsmayıllı rayonunun Vaşa kəndində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu bitirib.Dövri mətbuatda şeirləri dərc olunmuşdur. "Girdiman” qəzeti nəzdində fəaliyyət göstərən "Dağ çiçəkləri” ədəbi məclisinin üzvüdür."Gözlərim dan yerində” şeirlər kitabının müəllifidir.





Yaz ürəyimdə

Bütün varlığımda əzabım,acım, Yanğısı tutubdur köz, ürəyimdə. Bir həmdəm olmadı qəlbimi açım, Qubara çevrilib söz ürəyimdə. Doydurub hamını pərişan halım, Hardan dözüm alım,hardan güc alım? Nə qədər gümana, xəyala dalım, Qadın ürəyimdə, qız ürəyimdə?!

Qulağı karlaşır duyğularımın, Rəngləri qarışır uyğularımın. Sorğusu bitməyir qayğılarımın Sığınıb qalmışam öz ürəyimdə.

Xatın bu fələyin zoruna düşüb, Ömrün boranına, qarına düşüb. Bir fidan arzumun nuruna düşüb Göyərə biləydim yaz ürəyimdə.


Tutum xəyalının əlindən

Mən sənin eşqinin əsiri idim, Özgəsi sevgisin öyməsin mənə . Tutub xəyalının əlindən gedim Kimsənin nəzəri dəyməsin mənə.

Xəyal aləmində batmaz ki, gəmim, Arzu sahilinə çıxım, dayanım. Beləcə ərisin həsrətim, qəmim, Başımı köksünə sıxım, dayanım.

Çağırıb geriyə sənli zamanı, Nağıllar qurmuşam yenə, əzizim. Mənim səadətim yuxu gümanı, Yuxuda çatacam sənə əzizim.

Mən sənin eşqinin əsiri idim, Özgəsi sevgisin öyməsin mənə . Tutub xəyalının əlindən gedim Kimsənin nəzəri dəyməsin mənə.


Təki

Bir güman əlimdən tutub aparir, Bir iman yolumu bağlayır mənim. Bağrımın içinə hıçqırtı düşüb, Bir arzu qəlbimdə ağlayır mənim.

Bir həsrət arayıb axtarır məni, Gözümün içinə gözü yol çəkir. Gah güldürür məni, gah qırır məni, Verdiyi fərmana özü qol çəkir.

Nədi Allahımın hökmü görəsən, Bircə qəzəbinə tuş olmayaydım. Baxışı ğöyləri həsrətlə gəzən, Qanadı qırılmış quş olmayaydım.

Dözəydim ömrümün ta sonunacan, Verdiyi qismətə əyilsin başım. Bir gün olacaqsa qəbrimi qucan, Xəcalət çəkməsin təki baş daşım.


Nola

Bir fidan duyğumun izinə düşən, Sevginin oduna,közünə düşən İşığı üzümə,gözümə düşən Ürəyim,dərdindən qaçaydı,nola.

Arzular içində gözəlləşməyə, Nağıla bürünüb göydən düşməyə, Sevgidən, fərəhdən bir az şişməyə, Qoşa qanad taxıb uçaydı,nola.

Payızdan bahara yol almaq üçün, Nisgilli yuxudan ayılmaq üçün, Bir az da sevilib duyulmaq üçün Yuxuda butasın içəydi,nola.


Könlüm

Başını qatıram nəğməylə sənin, Nə olar,ürəyim,bir az kirisən?! Sənin məhəbbətin məzar içində Sevgidən uzağam, özün bilirsən.

Açılma kimsəyə, duymazlar səni, Qoyma qiymətini sən, düşə,könlüm! Şirin xəyallarla unut dərdini, Ay mənim ətirli, bənövşə könlüm!

Bil ki,yuxulara qalıbdı çarəm, Özünü unutma, qopar qiyamət. Məni qınama sən, mənim biçarəm, Səni Allahıma verdim əmanət.


Bənövşəni Elə bil ulduzlar göydən enərdı, Şəbnəm süsləyəndə tər bənövşəni. Aləm nurlanardı, ətirlənərdi Yaxama düzəndə yar bənövşəni.

Doldu bulud-bulud,hayqırdı səma, Əsdi bəd ruzigar buz dama-dama. Bir bahar axşamı yetməmiş kama Vurdu vaxtsız yağan qar bənövşəni.

Töküldü ləçəyi, qaraldı üzü, Qaranlıq gecəyə döndü gündüzü. Nisgilin, həsrətin yağdırar gözü Dindirmə dünyası dar bənöşəni.


Sən gedəli

Daha boylanmıram pəncərəmizdən, Qarşına qaçmağa hazırlaşmıram. Demirəm həyatım, əzizim gəlir, Sevincdən kükrəyib, coşub daşmıram.

Daha qapımız da o qapı deyil, Açanda kəndarda görmürəm səni. Güllü bahar kimi, hərarət kimi, Bağrımın başına hörmürəm səni.

Sevgin şəfam idi,möhtacam sənə, Həsrətin sağalmaz azarım old Sən getdin bu aləm dar gəldi mənə, Dünya bircə qarış məzarım oldu.  

Səni itirməyim alın yazımdı, Mən kimin yadıyam, kimin doğması? Axı kimə gərək, kimə lazımdı, Sevincin ögeyi, qəmin doğması?

Daha yollarına boylanmıram mən, Bir payız ömründə qızılı qaldım. Sənli xəyalının tutub əlindən, Sənin ünvanına yazılı qaldım.


Göynəyir

Bu zülüm qismətim, yazımdı, demə, Hər gündə yediyim ruzimdi, demə. Ölümün özünə nazımdı, demə, Hər keçən ağrılı ilim göynəyir. Şirin arzu, xəyal qurdum içimdə, Ümidi gümanı yordum içimdə. Təşnə ürəyimi qırdım içimdə, Ağzımda böyüyən dilim göynəyir.

Neyləyim bu sınıq məhəbbətimi, Xəzana tuş olan hərarətimi? Qəlbimi yandıran bu həsrətimin- Odunun üstündə külüm göynəyir.

Bu dərd alov olub qanımdan axır, Ürəyimdən keçib gözümdən baxır Uda ,neyə dönüb yandırıb yaxır, Bəmim inildəyir, zilim göynəyir.

Dilimi dişimə tutub durmuşam, Gözümün yaşıyla yatıb durmuşam. Yeriyib özümə çatıb durmuşam, Dərdimdən yazanda əlim göynəyir.

Həlli tapılmayan cəbrimə doğru, Yol aldım daş-qaya səbrimə doğru. Gedirəm diriykən qəbrimə doğru, Ruhumu yandırıb ölüm göynəyir.


Düşər

Doğrudur meyarı kişinin,ərin, Yalan danışarsa hörmətdən düşər. Yaxşıya verərlər qızıl dəyərin, Onun da saxtası qiymətdən düşər.

Çürük ağac olar ruhsuz bir bədən, Heyvana bənzəyir nəfsini güdən. Öz el-obasına xəyanət edən Qalxdığı zirvədən,hörmətdən düşər.

Allah çox eyləyər dərdin,cəfasın, Oğulun nankorun,qızın yavasın. Uduzar hamının xeyir-duasın, Payına tənədən, töhmətdən düşər.

Haqqa tapınmazsa kişi,ya qadın, Xar olar yanında,doğmanın,yadın. Ölüm şərbətinin biləndə dadın, İtər könüllərdən,qiymətdən düşər.


Qayıda bilmərəm

Ömrümü geriyə qayıda bilsəm, Qismət payım kimi izlərdim səni. Sən gedən yollarda, yol ayrıcında, Bir ömür boyunca gözlərdim səni.

Bir dəli sevdanın əlindən tutub, Göydən mələk kimi enə bilərdim. Bəlkə həyatının mənası olub, Çəkdiyin nəfəsə dönə bilərdim. Heyif ki araya illər sədd çəkib, Mən ötüb keçmişəm sən gedən yolu. Arada payız var, arada qış var, Hələ gələcəksən mən gedən yolu.

Nə olsun ürəyim bahardı hələ Hələ də çiçəyi gülü solmayıb?!? Bir ümüd basdırdım uşaq yaşında, Mənim məhəbbətim olü olmayıb.

Sən aşa bilməzsən bu uca dağı, Aradan qayanı, daşı götürmə. Neçə il gəlsən də sən mənə tərəf, Ömrümün üstündən yaşı götürmə.

Nədi gümanının sözü bilmədim, Mən dərin dəryayam, üzə bilməzsən. Sən hələ sevməyi öyrən bir az da, Sən mənim dünyama dözə bilməzsən


Həsrətin sonu

Mənim qismətimə həsrət yazılıb, Anı da, günü də, ayı da birdi Gündüz yaşatdıği əzab bir yana, Gecə də yatanda yuxuma girdi.

Hər yerdə, hər işdə izlədi məni, Könlümdə nisgili, gözümdə yaşı. Arzu məkanında gözlədi məni Oldu ürəyimin tale yaddaşı.

Bir çınqı gümanın ümidindəyəm, İntizar çəkməkdən ömrüm qısaldı. İstədim bəxtimi tərsinə geyəm Dedilər həsrətin sonu vusadı.


Demədi ki

Gözlədim, ürəkdən can deyə mənə, Oduna yandığım can demədi ki. Bəlkə nökər dedi, bəlkə qul dedi, Mələyim, sultanım, xan demədi ki.

Doğradı qəlbimi, səhra həsrətim, Neyləyim yazılıb acı, qismətim. Demədi, ürəyim, ay məhəbbətim, Sənsən damarımda, qan, demədi ki.

Sarıldım eşqimə Leylilər kimi, Sevdim, elə sevdim, dəlilər kimi. Baxanda üzümə ölülüər kimi, Könlünə "Sevdalan , yan” demədim ki.

Ürəyim sinəmdə küsülü qaldı, Sözlərim gümana qısılı qaldı. Baxışım üzündən asılı qaldı, Günəşim, sokülüb dan, demədi ki.


Niyə məni daş doğmadın, ay ana.

Ömrü boyu ağrı-acı tanıdım, Niyə məni daş doğmadın, ay ana! Hədəf oldm, sındı qolum, qanadım, Niyə məni daş doğmadın, ay ana!

Zülüm oldu bu dünyaya gəlişim, Axı mənim bu dünyada nə işim?! Nisgil, həsrət, qəhər imiş bəxşişim, Niyə məni daş doğmadın ay ana? Fələk mənə öz göyündən daş atdı, Çarmıx qurdu, cəhənnəmi yaşatdı. Xırpaladı varlığımı daşaltı, Niyə məni daş doğmadın, ay ana?

Deyirlər ki, daşın da öz dərdi var, Qurunun da, yaşın da köz dərdi var. Ürəyin də, başın da yüz dərdi var, Niyə məni daş doğmadın, ay ana?

Daşın dərdin qaya çəkir, dağ çəkir, Gedən gedir, əzabını sağ çəkir. Allah mənə niyə bunca dağ çəkir, Niyə məni daş doğmadın, ay ana?

Dua elə, könlüm-gözüm açılsın, Sevinc bilim, gülsün, üzüm açılsın. Gecəm ötsün, qoy gündüzüm açılsın, Axı mənı daş doğmadın, ay ana!

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!