Naibə Yusublu - Yalanlar dünyaya duman, gəzirəm

2016-08-11 23:28:52 / 31156 dəfə oxunub
Naibə Yusublu Salyan rayonun Qaraçala qəsəbəsində anadan olub. Əli-Bayramlı şəhər 10 saylı orta məktəbini bitirdikdən sonra APU-nun filologiya fakültəsində ali təhsil alıb."Dünya, səndə nəyim qaldı" adlı kitabın müəllifidir. Şeirləri müxtəlif almanaxlarda və "Azərbaycan" jurnalında dərc olunub.




Nə ağır imiş?

Ömrün xəzan yeli vaxtsız əsəndə, İztirab dəmbədəm yolu kəsəndə, Yarpaqlar budaqdan bir-bir küsəndə Bağın soluxması nə ağır imiş!

Qaçar bət-bənizi tər bənövşənin, Açılmaz çətiri sünbül, süsənin, Ağ duman həsrətli zümrüd meşənin, Dağın doluxması nə ağır imiş!

Dərdlilər dərd qoydu yolumun üstə, Naləsi baş qoydu qolumun üstə, Ağrı köç salanda solumun üstə Sağın yoluxması nə ağır imiş!

Naibə, bu dünya sınaqdan keçib, Sünbül dən tutmamış zəmidən biçib, Ölümün tutduğu badədən içib Sağın duruxması nə ağır imiş!


Gəzirəm.

Kökdən qoparmağa zülmü, zilləti Göylərin altında aman gəzirəm. Həqiqət mülkünə yol salmaq üçün Ömürdən sayılan zaman gəzirəm.

Qəlblərdə həqiqət çadırın qurub, Sanki bülbül bağa möhürün vurub, Bağlara yalanlar keşikdə durub, Yalanlar dünyaya duman, gəzirəm.

Susur addım-addım böyük həqiqət, Bürüyür ətrafı qaranlıq, zülmət, İnləyir qəfəsdə ən böyük nemət, Böyük Yaradanda güman, gəzirəm.

Həzin nəğmələrin bəstəsi susub, Köçən durnaların dəstəsi susub, Azadlıq, həqiqət xəstəsi susub, Susan dünyalara kaman gəzirəm.

Nədən dan yerinə zülmət doğulur, Nagüman ümidlər çin-çin yığılır? Naibə üzülür, dərddə boğulur, Boğulan dünyama saman gəzirəm.


İncidir.

Yaman kövrəlmişəm bu günlər, ana. Məni hər əsən meh, külək incidir. Gözümdən şeh çəkən qara buludlar, Dərdə boyun bükən çiçək incidir.

Solğun yarpaqların altda qısılan, Yağan qar, doludan haqqı asılan, Bəxtinə vədəsiz xəzan yazılan Taleyi büzüşmüş ləçək incidir.

Köksü şan-şan olan viranə dağlar "Yanıq Kərəmi"nin bağrını dağlar. Gözümə yas tutar, göz yaşı çağlar, Qarası kül olmuş bəbək incidir.

Naibə, bu dünya fani dünyadı, Günləri qapqara, ani dünyadı. Qılıncı qınında cani dünyadır, Gömülən təzə-tər bələk incidir.


Qalıb.

Yurd salıb saçımda həsrət qoxusu, Bənövşənin ətri daraqda qalıb. Arabir gizlincə ağ zolaqları Dolaşan külək də soraqda qalıb.

Bu həsrət, görəsən, bitəcəkmidir? Yolumdan sis, duman itəcəkmidir? Harayım göylərə yetəcəkmidir?... Xəyalım asılı bucaqda qalıb.

Köksümdə doğulan hər yeni bəstə Yığılır üst-üstə, dəstəbədəstə, Darıxır arabir yorğun qəfəs də, Mürgü vura-vura qucaqda qalıb.

Naibə, çırpıldım özüm özümə Çatmadı əllərim titrək dizimə, Həsrət yağışları əkib gözümə, Atəşi hıçqıran ocaqda qalıb.


*** Söyləmişdin, saçlarını öpsə meh, Kirpiyimdə sırğalanar narın şeh. Kəssə yolu sal qayadan bir zireh, Şimşək olub böləcəyəm, bölmədin.

Dağ başında dalğalanan tül olsan, Yollar üstə qönçələnən gül olsan, Xəzan vursa, ləçəklənib kül olsan, Xoş ətrini biləcəyəm, bilmədin.

Yağsa yağış, döysə dolu, sis, duman, Sağlığıma zənn etmə ki, yox güman, Tərs fırlansa sayğacda da, bil zaman, Qəhqəhəylə güləcəyəm, gülmədin.

Vursa fələk sənə hicran yarasın, Oyar dərdlər ürəyimin parasın. Dəsmal edib gözlərimin qarasın Göz yaşını siləcəyəm, silmədin.


*** Seyr elədim yaz gecəsi göyləri, Nədən məni qəhər aldı, bilmədim. Ay, ulduzlar başın salıb aşağı, Göylər susub, nədən laldı, bilmədim.

Daraqladım əllərimin saçağın, Şeh əsdirdi gözlərimin darağın, İki damla yaş ovladı bulağın, Sellər sular harda qaldı, bilmədim.

Səhralaşdım, oyum-oyum oyuldum, Haqq istəcək künc - bucağa qoyuldum, Nəsimitək diri-diri soyuldum, Kimlər məni seyrə daldı, bilmədim.

Qarabağım Vətənimin tacıydı, Şəlalələr qulac-qulac saçıydı, Qarğa-quzğun çoxdan onun acıydı, Əllərimdən necə çaldı, bilmədim.

Naibənin dərdi dağdan böyükdü,, Çəmənləri qandallanan hörükdü, Dərdlər gizli alov saçan körükdü, Nədən məni yada saldı, bilmədim.


Mənim.

Bu dünyanın zəvvarıyam Özəldən, Bir suala min cavabım var mənim. Yerin-göyün sirri məndə bulundu, Hər addımda min savabım var mənim.

Günəş oldum, zərrələnib sərildim, Ləçək-ləçək, dəstə-dəstə dərildim, Ürəklərə kəlmə-kəlmə hörüldüm, Qəlb ovudan şəhd, gülabım var mənim.

Aqillərə rübab oldum əzəldən, Xəbər verdim Tanrı adlı gözəldən, Bəhs elədim şeir, sənət, qəzəldən... Nöqtəsində min hesabım var mənim.

Naibəyəm, yollardayam zamandır, Eşqsiz ürək xarabadır, virandır, Mənə həmdəm Haqdan gələn İmandır... Quran adlı bir kitabım var mənim


İçin-için

Bəzən susdum için-için, Bəzən küsdüm için-için, Bəzən bağlı qapı kimi Qəlbi pusdum için-için.

Dilə düşən xəyalları, Bitməyən qilü-qalları, Çox cavabsız sualları Qəlbdən asdım için-için.

Səsim qəlbdə səda verdi, İstəkləri fəda verdi, Hər naləsi qada verdi, Bağra basdım için-için.

Bağrımda boş yer aradım, İlləri bir-bir daradım, Görən, nə işə yaradım, Yeltək əsdim için-için?

Naibəyəm, yerim bəlli, Özümə verib təsəlli, Qısa ömrün ikiəlli İpin kəsdim için-için.


Gəlir.

Sığışmıram yerə, göyə, Bağıma ilk nübar gəlir. Həyat dövrəmdə fırlanır, Əcəl əynimə dar gəlir.

Təzə açıb nar çiçəyi, Dil uzadır hər birçəyi, Meh öpdükcə al ləçəyi Ruhuma xoş bahar gəlir.

Naz-ədası bir tamaşa, Tər butada xallar qoşa, Vüsal günü gəlib cuşa, Bülbül qoynunda tar gəlir.

Vurulmuşam çöl-çəmənə, Yaşıl donu geyib yenə, Dağ başına sinən çənə Çəmənə enmək ar gəlir.

Naibəyəm, bayılmışam, Nur içində sayılmışam, Yaman "erkən" ayılmışam, Bahar ömrümə qar gəlir.


Ruhum mənim.

Şirin nağıl dünyasıydı, Lal şerimin röyasıydı - Duyğulanan sevdasıydı Ruhum mənim.

Ulduzların sayəsydi, Çəmənlərin dayəsiydi, Əbədiyyət qayəsiydi Ruhum mənim.

Arzuların yuvasıydı, Həzin kaman nəvasıydı, Min bir dərdin davasıydı Ruhum mənim.

Çiçəklərin həyasıydı, Görüş yeri - qayasıydı, Saf bir eşqin mayasıydı Ruhum mənim.

Məhəbbətin cəfasıydı, Sevənlərin vəfasıydı, Dünya boyda səfasıydı Ruhum mənim.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!