İlqar İsayev - Ayrılıqdan saçlarıma düşüb dən

2016-09-03 17:40:42 / 54054 dəfə oxunub
İlqar İsayev 12.01.1962-ci ildə Gədəbəy rayonunun Alnabat (Əli-İsmayıl)kəndində anadan olub.Ali təhsillidir. Dövrü mətbuatda qəzet və jurnallarda məqalə və şeirləri,TÜRKLƏR;MİLLƏTÇİLİK VƏ DÖVLƏTÇİLİK mövzusunda siyasi-analitik yazıları dərc edilmişdir."Ülvi duyğuların günahı olmaz"adlı şeirlər kitabının müəllifidir.Türkiyə Yazarlar Birliyinin, İLESAM-ın,İraq-Türkmənlər Yazarlar Birliyinin üzvüdür.



HEYDƏRBABAYA MƏKTUB 
Heydərbaba, yollarına çən düşüb, 
Bir ürəyim iki yerə tən düşüb, 
Saçlarıma bir gecədə dən düşüb, 
Qoy çalınsın vüsalımın nəğməsi, 
Gözlə məni, gələsiyəm-gələsi.

Odda yanan ürəyimin başıdı, 
O tay, bu tay bu ağrını daşıdı. 
Nakam Araz gözlərimin yaşıdı, 
Damcı-damcı əriyibdi giləsi, 
Səni görsəm siləsiyəm-siləsi.

Heydərbaba,gədiyində itən iz, 
Xudafərin ürəyimdən ötən iz, 
Nakam getdi oğulların vətənsiz, 
Göz yaşıdı çiçəklərin jaləsi, 
Axsa qanım, laləsiyəm-laləsi.

Heydərbaba, kədərinə qovuşdum, 
Əsrlərin dərd-sərinə qovuşdum,
 Arazboyu çox dərinə qovuşdum,
 Gün gələcək sevincimi böləsi 
O tay, bu tay güləsiyəm, güləsi!

QAYIDAM GƏRƏK
Ayrılıqdan saçlarıma düşüb dən, 
Yuva saldı gözlərimdə duman,çən, 
Unutmuşam uşaqlığı o gündən. 
Sıxılıb həsrətdən a kəndim,ürək, 
Səninlə görüşə qayıdam gərək!

Bulaqlar həsrətdən dolubdu indi, 
Qaraxal lalələr solubdu indi, 
Söyüdlər saçını yolubdu indi, 
Bir azca qayğılı,bir azca kövrək 
Səninlə görüşə qayıdam gərək!

Əlimdə daşların xınası qalıb, 
Gözümdə suların aynası qalıb, 
Əlində yarımçıq hanası qalıb, 
Yatmayıb bir ana, gecə sübhədək 
Səninlə görüşə qayıdam gərək!

Boşalıb el-oba, azalıb sayı, 
Gözləyən qızların bir oğlan payı. 
Ata ocağında bir övlad hayı, 
Ana ürəyində min arzu, istək 
Səninlə görüşə qayıdam gərək!

GEDİM 
Qonağınam bugünlüyə a dağlar, 
Ürəyimin məlhəmi sən ol,gedim! 
Kəkotulu,göyçəmənli yaylaqlar, 
Bala-bala məni yola sal,gedim!

Gədiklərin ağ dumana bələnə, 
Yaz yağışı narın-narın ələnə, 
Quzu kəsim o sallanıb gələnə, 
Gözəllikdən dili-ağzı lal,gedim!

Bir meh əsə,gedə duman,gedə çən, 
Hürkə-hürkə ovum keçə bərədən. 
Moruq dərəm bir də enib dərədən, 
Bulaqların dodağımda bal,gedim!

Bu yerlərin Kərəmi saz,Xanı saz, 
"Misiri”tək "Cəngi”tutan hanı saz? 
Əldə səhəng su dolduran a naz-naz, 
Bircə dəfə salamımı al,gedim!

Çadır-çadır qurulubdu binələr, 
Qonaq oldum bal-qaymağa səhərlər, 
Yalçın qaya zirvələrdən əl elər, 
A yurd yeri,di salamat qal,gedim!

SÜZƏN VAXTI 
Ağacaltı,yaşıl meşə... 
Yada salıb,gəl görüşə, 
Könlüm yenə bəndə düşə, 
Eşq canımı üzən vaxtı _ 
Ay gecədə süzən vaxtı.

Bulaqbaşı yenə rəng-rəng, 
Dayanmışdın əldə səhəng. 
Görüşünə hörüb çələng, 
Lalə-nərgiz,süsən vaxtı_ 
Ay gecədə süzən vaxtı.

Deyirdin ki,dər gülləri, 
-Ayağıma sər gülləri! 
Yadındamı,tər gülləri, 
Saçlarına düzən vaxtı?.. 
Ay gecədə süzən vaxtı.

Bəlkə,qalıb bu yerlərdə 
Qoşa gəzək,qoşa bir də. 
Dəli könül coşa bir də, 
Qaranlığı əzən vaxtı_ 
Ay gecədə süzən vaxtı.

BU YERLƏRDƏ 
Yaz buludu enə dağa, 
Qayalarda şimşək çaxa, 
Narın-narın yağış yağa, 
Çaylar verə güc,səsinə.

Gədikləri duman ala, 
Ceyran-cüyür azıb qala, 
Qoca vələs layla çala, 
Yatıb qalam gecəsinə.

"Daş bulağ”ın daşı rəng-rəng 
Qızlar gələ əldə səhəng, 
Bir-birindən gözəl göyçək, 
Gözüm düşüb bircəsinə.

Saz götürüb babam Sarı 
Çala burda bir ”Ovşarı” 
Qəribsəyib yurd daşları, 
Naxış düşüb neçəsinə.

Qayaları qoşa burda, 
Yüz il ömrü yaşa burda, 
İlqar, könül coşa burda, 
Mən də deyim bircə sinə.

SÖZÜN İÇİNDƏ 
Nə qədər sevgi var,nə qədər istək, 
Qəlbimə sığmayan”öz”ün içində. 
Qəlbi soyuqlara yenə körpü çək, 
Donmasın alovun, közün içində.

Söz var ki,ucaldar, söz var endirər, 
Üz var ki,susdurar, üz var dindirər, 
Göz var çiraq olar, göz var söndürər, 
Od tutub yanıram buzun içində.

Ülvi duyğuların günahı olmaz, 
Soyuq ürəklərin pənahı olmaz, 
Paxılın, xainin sabahı olmaz, 
Diriykən yaşayar bezin içində.

Bu dünya bəsləyir, hələ sökəni, 
Əzir qarşısında boyun bükəni. 
Dostlarla bölmüşəm bircə tikəni, 
Ömür yaşayıram”düz”ün içində.

İlqar, saf niyyətin gərəyə çatar, 
Halalı haqqına,çörəyə çatar, 
Gah ox olar, gah da, köməyə çatar, 
Neçə hikmət yatar sözün içində.

İSTƏYİR 
Adı düşmür dodağımdan, 
Könlüm yenə naz istəyir. 
Xəzan ötür budağımdan, 
Qızınmağa yaz istəyir.

Məktublarım dəstə-dəstə, 
Sağalarmı könlüm xəstə, 
Bir alagöz sinəm üstə, 
Qalamağa köz istəyir.

Bulud tutub göy üzünü, 
Açıb göstər ay üzünü, 
Axşam-səhər hey üzünü, 
Görmək üçün göz istəyir.

Ömrü-günü biçdim belə, 
Şərab kimi içdim,belə, 
”Əlli” yaşı keçdim,belə, 
Vüsal ömrü ”yüz”istəyir.

Pir eşqimi pirdə saxla, 
Bu sevdamı sirrdə saxla, 
Yoldan elə,bir də saxla, 
İlqar, hələ döz, istəyir.

QIZLARA ŞANS VERİN
Qızlar bir yanadır,dünya bir yana,
Bu gün gəlin köçən sabah bir ana,
Gözəllik içində böyüyən sona...
Qızlara şans verin şeir yazmağa.

Hər xoş avazını bəstə duymuşuq,
Sözünü,səsini pəsdə duymuşuq.
Sevib gözümüzün üstə qoymuşuq,
Qızlara şans verin şeir yazmağa.

Atıb söz oxunu,yayla danışar,
Gecələr yatmayıb Ayla danışar,
Sabah körpəsinə layla danışar,
Qızlara şans verin şeir yazmağa.

Gedərlər,ürəklər qızınsın deyə,
Bahar gətirməyə,yaz gətirməyə.
Qəlbində qarışar nəğmə-nəğməyə…
Qızlara şans verin şeir yazmağa.

Qoy atsınlar,çəkib dara çadranı,
Getsin cəhənnəmə,gora çadranı,
Bircə bürünməsin qara çadranı,
Qızlara şans verin şeir yazmağa.

Uzaqda tutmayın,gendə olmasın,
Başları dumanda,çəndə olmasın,
Ərəb nağılına bəndə olmasın,
Qızlara şans verin şeir yazmağa.

Zərif duyğuların sərt işi olmaz,
Nə qədər yazsa da,vərdişi olmaz,
"Aslanın erkəyi,dişisi olmaz”,
Qızlara şans verin şeir yazmağa.

KÖNLÜMÜN
Kədərim,nisgilim düzüm-düzümdü, 
Bitməyib havası,sözü könlümün! 
Sönməyən ümidlər qalan dözümdü, 
Üşüyür həsrətdən közü könlümün.

Bir eşqin oduna calanıb gedim,
 Ümidlər içində dolanıb gedim, 
Uzanan gecənə boylanıb gedim, 
İşığa həsrətdi üzü könlümün!

Unutdun,yüyürüb yadına çatdım, 
Kədərin,nisgilin dadına çatdım, 
Bəlkə vüsalının atına çatdım, 
Hələ yorulmayıb dizi könlümün!

Bir ömür uzanır hara gecələr? 
Çəkirəm özümü dara gecələr. 
Zülfündə qaralıb qara gecələr, 
Yuxusuz qalıbdı gözü könlümün!

GÖZÜMÜN ÜSTƏ 
Yaxşının yolunda daş dayanmasın, 
Qurunun oduna yaş da yanmasın, 
Nəyimə gərəkdi, qaş dayanmasın, 
Dostları qoymuşam gözümün üstə!

Söz deyəndə çalış təzə deyəsən, 
Bədi-bədə,düzü-düzə deyəsən, 
Fikrini kişitək üzə deyəsən, 
Dara çəksələr də sözünün üstə!

Xəyalın gözümdən itib getsə də, 
Yerində qəm bitsə,kədər bitsə də, 
Eşqim tükənməzdi,illər ötsə də, 
Qoy dayansın üzün,üzümün üstə!

Saxta qızıllara qaş axtarma sən, 
Boş yerə hər gözdə yaş axtarma sən, 
Hər çiyin ustündə baş axtarma sən, 
Hər kəsi qınama,dözümün üstə!

Dostu qardaşıdır,hər düz İlqara, 
Dəyməsin nə xəta,nə göz İlqara, 
Ümid olsan gecə-gündüz İlqara, 
Qalarsan odunu közümün ustə!
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!