Süleyman Abdulla - Ürək ağrısı

2016-09-14 21:43:09 / 13905 dəfə oxunub

Süleyman Abdulla 1965-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olub.1988-ci ildən şeirləri dövri mətbuatda çap olunur.2001-ci ildən AYB-nin üzvüdür.2 şeir,4 nəsr kitabının müəllifidi














Ürək ağrısı

Sən niyə sifətini turşudursan,ay həkim?- O qədər sadədir ki,ürəyimin ağrısı... Doğulandan içir hey... qaytarır ki,dəm çəkim, Qan dolu badədir ki,ürəyimin ağrısı.

Sənə yazığı gəldi o gün mənə dəyən vaxt, Nə yaxşı ki,görmədin iradəmi əyən vaxt. "Qalım"dan keçib gedən,ölümə işləyən vaxt, Tükənən radədir ki,ürəyimin ağrısı.

Mən,axı,hardan bilim damardakı nə nədir, Özü oyun çıxarır əziyyəti mənədir. O cihaz nə göstərir,o şkala...bə nədir?- Həddən ziyadədir ki,ürəyimin ağrısı!

Özünə yer də tapmır dincələ yasda-toyda, Dərd qazır,fikir oyur dibini "götür-qoy"da. Bir dünyaya sığmayan ağrılar var... nə boyda, Eh,hələ bu nədir ki...ürəyimin ağrısı!


Qaldı.

Sənə bir sirr açım,hamıya bəlli, Bizim gəncliyimiz döyüşdə qaldı. Korlar yaxamızdan tutdu ikəlli, Canımız qarğışda,söyüşdə qaldı.

Satqınlıq nə imiş,biz sonra bildik, Bir vaxt sınmaz idik,o gün əyildik. Dönəndə heç kimə lazım deyildik, Vətən boyda sevgi bir küncdə qaldı.

Torpaq parçalandı canı dilikdən, Cıxdı vətən eşqi qandan-ilikdən. Alçaqlar yüksəldi fərarilikdən, Biz endik... zəfərlər ''qalx-düş"də qaldı.

Biz harda azdıraq bu dərd ağları, Dağ boyda ağrıymış Vətən dağları. Getdi ömrümüzün qızıl çağları, Qısılan səsimiz gümüşdə qaldı.

...Bu elə sirdi ki,bilir çağa da, Gərək qara deyəm,ağam,ağa da. Video fırladır Əzizağa* da, Təsəlli köhnədə-kürüşdə qaldı.

Boz Qurd övladıydıq,qurda uduzduq, Verilən son əmr:-DUR!-da uduzduq. Biz döyüşdə deyil,burda uduzduq, Xainlər sevindi,gülüncdə qaldıq...



Sənə nə deyim

Sənə nə danışım,nə deyim sənə, Nə desəm eləməz halına təsir. Hələ çat düşməyib gülüşlərinə, Bir əlin cib qırxır,biri pul kəsir.

Nə qarnın ac qalıb,nə də gözün boş, Güllə istisinə tərləməyin yox. Ala buluddasan,günün keçir xoş, Torpaq xışmalayıb,daş yeməyin yox.

Burnun öyrəşməyib barıt iyinə, Üstünə çökməyib ölüm tüstüsü. Sığınıb dünyanın yetimliyinə, Göz yaşın islatmaz bir mərmər üzü.

Sən necə anlaya bilərsən,axı, Bir gündə saçları ağaranları... Təpib yarasına qara torpağı, Haqqın dərgahına yol varanları?!

Sənə gülünc gələr, partlamasından, Birinin ağlını aparsa mərmi. Dünya qara geysə oğul yasından, Üstündə qara rəng gözə dəyərmi?

...Qarabağ səninçün "amerika"dır, Büllur sarayının yanında nədir. Hərdən qulağına söz-söhbət çatır, Deyəsən hardasa müharibədir...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!