Məmmədhəsənova Aygün - Taleyin qələmi tükənib yenə

2016-09-15 22:33:53 / 13301 dəfə oxunub
Məmmədhəsənova Aygün Fəxrəddin qızı 1986-cı ildə Rusiyada doğulub. 2004-cü ildə Balakən rayonu Katex kənd 1 saylı orta məktəbi bitirərək həmin il Bakı Azərbaycan Universitetinin filologiya fakultəsinə daxil olub. 2008-ci ildə oranı əla qiymətlə bitirib. Həmin ildən Balakən rayonu Katex kənd 3 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.









GÖRÜŞ

Qayıtdım, ayüzlüm, gözümüz aydın, Daha birdəfəlik qayıtdım sənə. Nə ola, qarşıma xöşbəxt çıxaydın, Ömür yazılaydı ömrüm üstünə.

Cismiylə sevənlər eşqi nə anlar, Ruhumuz ölümə olmadı təslim! Sözümü tutmuşam, qayltmışam, yar! Sevin, gül ətirlim, ənbər nəfəslim !

Üçrəngli qutuda sənə gəlirəm, Əyninə ən gözəl əlbisəni tax. Gəl, çıx pişvazıma, ey nuri-didəm, Gül də gətirmişəm, tabutuma bax.

Görüşə geydiyin həmin don hanı? Ağ paltar niyədi? Yaraşmadı, yox. Niyə geyinmədin sevdiyim donu? Niyə bu istidə əllərin soyuq?

Bənizin soluxmuş, dərdlisən, nəsə. Mən elə bilirdim, sevinəcəksən. Axı dəyişmədim səni bir kəsə, Yenə əvəzsizsən, mənimçün təksən.

Ah, nələr söyləyir anamın ruhu, İntihar etmisən öz toy günündə?! Bu, nağıl olmalı, ya da bir yuxu, Xəyal mı dır duran indi önümdə?

Daha üzülmə sən, daha qovuşduq, İndi məzarımız yan-yana durur. Bütün bəlalardan keçdik, sovuşduq, Qoy tale etdikcə eləsin qürur.

Sevgimiz yaşayır, hələ ki sağdır, Sədaqət andımı içib gəlmişəm. Başımız ucadır,üzümüz ağdır, Şəhadət yolunu seçib gəlmişəm.

Bircə qadın

Həsrət dolu buludların bətnindəki qəfil sancı Məni sənə gətirəcək yağışlarla, damcı-damcı, Bir aşiqin eşqdən savay yox qibləsi, yox inancı, Anlamadın?

Qəlbindəki savaşlardan qulaqlarım batır indi, Uzatsam, ruhumun əli birbaş sənə çatır indi, Ayrılığın zindanında məsum bir hiss yatır indi- Sən qoy adın!

Mənsizliyin qəm yükünü daşımaqdan bezməklər var, Xatirələr adasında qərib kimi gəzməklər var, Hər gün həsrət badəsinə göz yaşını süzməklər var, Et fəryadın..

Yaxınların çəkməz səni küsüb gedər, iz itirər, Can yandırmaz, qüsurları üzə vurar birər-birər, Tənhalıqdan üşüyəndə ömrünə bahar gətirər Bircə qadın !

Taleyin qələmi

Taleyin qələmi tükənib yenə, Çalışır yazmağa, qələm düzəlmir. Mürəkkəb dağılıb vərəq üstünə, Ehtiyat vərəq də köməyə gəlmir.

Bulanıq sulartək axıb gedirəm, Tozlu pəncərəmdən baxıb gedirəm, Tanrım, al bu ömrü, çıxıb gedirəm! Daha çiyinlərim saxlaya bilmir.

Sakininə həsrət könül otağım, Qırılıb qanadım, qolum, budağım, Duman içindədir səadət dağım, Ruhum çoxdan gedib, cismimsə ölmür.

Nələr yazılacaq, hələ nələr var! Taledən qaranlıq xariqələr var! Dodağı qaçdıran çox kəlmələr var, Heyhat, üz gülsə də, ürəyim gülmür.

Həyat, sanma, sənə təslim olaram, Əyilsəm, bu ömür yazılsın haram, Nə qədər, səninlə üzbəüz varam, Biryolluq anla ki, Sadiq əyilmir.

Gəlsin

Yaddaşından al səsini, Düşünüb tap çarəsini, Yığ vüsalın nömrəsini, Ara, gəlsin.

Yolçusuyam bu yolların, Ey həsrətim, yoxum, varım, Boynuna həsrət qollarım Hara gəlsin?

Dünya qədər kədər yüküm, Dərdi sənsizliyə büküm, Kaş bircə yol adın çəkim Bura gəlsin.

Silək qəlbdən viranlığı, Talelərdən toranlığı, Söküb ataq qaranlığı, Nura gəlsin.

Yollar sənə aparmır heç, Sevmək suçsa, bağışla, keç. Ya həsrəti, ya məni seç- Kara gəlsin.

Puça çıxdı ümidlərim, Həyatımı istə, verim! Sənsiz açan hər səhərim Qara gəlsin...!

Bu benimmmmmm

Yenə küskün düşüb, sınıbdı ürək, Oyuncağı itən uşaq kimiyəm. Qədrimi bilənə çiçəkli yaztək, Dəyər verməyənə sazaq kimiyəm.

Sevənlər ad qoyur- "həyat"- sevgiyə, Axı heç yaraşmır bu ad sevgiyə, Hüdudsuz hislərə, azad sevgiyə Barmaqlıqdan baxan dustaq kimiyəm.

Ha çalışdım, çatsın idrakın əli, Yoxmudur yolu ki, seçim əvvəli? Sirli bir xaraba, köhnə tikili, Ruhlar dolaşdığı otaq kimiyəm.

Əlini yelləyib gedir bu ömür, Qəlbi parçalayır, didir bu ömür, Nədir bu yaşayış? Nədir bu ömür? Suallarla gələn qonaq kimiyəm.

Özümlə savaşa, yenməyə gəldim , Birbaş Haqqa doğru yola düzəldim , Yolçuluq çox şeyi öyrətdi, bildim.... Axdıqca arınan bulaq kimiyəm...  

Ümid qırıntıları

Sınmış ümidlərin qırıntıları Ovcumun içində qalıb eləcə. Atım mı, qoyum mu axı bunları? Daha faydasızdır, saxlayım necə?

Ovcumda tutmuşam çoxdan onları, Hərdən açıb, baxıb, köks ötürürəm. Qətl olmuş ümidin qırıntıları Mənə təbəssümlə baxır, görürəm.

Necə qürurludur, ilahi, onlar, Məğlub ikən belə, edir təbəssüm. Sənin öldürdüyün ümidlər ki var- Həm güvən hissimdi, həm sevgi hissim.

Bəlkə, cəhd eləyim birləşdirməyə? Bəlkə, sıxıb tutsam, o bütövləşər? Yox, yox ! Sevgim yoxdur sənə verməyə, Dönmərəm, qəsdimə dursa da bəşər!

Onu sən vermişdin- bütöv bir ümid, Mənsə saxlamışdım illər uzunu. Çıx, get ürəyimdən, birdəfəlik get! Görmək istəmirəm daha üzünü!

Ümid qatilisən, könül qatili! Vəfa kəlməsini gətirmə dilə. Sənə get söyləyir ürəyin dili, Sənə get söyləyir ümidlər belə !

Vüsal şairi

İstərəm bir vüsal şairi olum, Verim səadətin xoş sədasını. Oxuyan gözlərdən biryolluq silim Nakam könüllərin əlvidasını.

Həsrət nidasını misraya düzən Ayrılıq şairi doğulmaya kaş. Açalar qandalı ürəyimizdən, Könüllər vüsala yüyürə birbaş.

Möhürlü qəlblərin sına tilsimi, Ürəklər vicdana ibadət edə! Qələm, xilaskar ol mələklər kimi, Qıyma könülləri həsrət incidə.

Silinə xeyirxah sülh qələmiylə İnsanlıq qatili qanlı savaşlar! Məsum körpələrin təbəssümüylə Aydınlıq vəd edən gələcək başlar....


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!