Müzəffər Məzahim - Ürəyimdən sirr damır

2016-10-04 09:10:55 / 9959 dəfə oxunub

SUÇUM ÇOX

Dupduru, saf suyun da, Dibində çirkabı var. Ömrün də, ölümün də, Hesabı, əzabı var.

Bu ömür yağışından, Taleyimə kir damır. Ürəyimə damır ki, Ürəyimdən sirr damır.

Suçum çox, bənzəriyəm, İnsanlığa qıyanın. Qoruya bilməmişəm, Salığını dünyanın.

Bu dünyada qəribəm, Hər şey mənə yad gəlir. Köçdən qalan ocağam, Hələ tüstüm yüksəlir.


DÖNÜM BU QÜRBƏTDƏN

Bu qərib dünyanın ocaq daşıyam, Bir üzüm qaradır, bir üzüm soyuq. Burda yaşamağa hələ naşıyam, İçimdə yurd salıb dərd oyuq-oyuq.

Getməyə yerim yox, qalmağa üzüm, Yumağa yer də yox günahlarımı. İçir göz yaşımı hələ də gözüm, Özüm böyütmüşəm öz ahlarımı.

Çalınan zəmitək biçilib içim, Yeyilmiş, tapdanmış örüş yeriyəm. Art;q yol üstəyəm, yüklənib köçüm, Dünyada sonuncu görüş yeriyəm.

Qorundum böhtandan, şərdən... Yem oldum, yal oldum hər bədniyyətə. Bu fani dünyada yox imiş qayda, Dönüm bu qürbətdən əbədiyyətə!


OLUM

Allah, bu dünya fanidir, Yanında qoy mələk olum. Gərəksiz insan olunca, Gərəkli daş-kəsək olum.

Nahaqqa şahid olunca, Ruhumu nəfsim alınca, Qorxulara mat qalınca, Dağda-düzdə külək olum.

Sevinc gəzdim qəm içində, Düz axtardım kəm içində... Təklənincə cəm içində, Apar, yanında tək olum.


KEÇDİ

Arzunun əlindən düşən ümidəm, Bir də göyərməyin marağı keçdi. Titrədi vücudm, perikdi ruhum, İçimdən ölümün sazağı keçdi.

Günlər tökülsə də ömürdən gül-gül, Yenə də açılır arzular dil-dil, Gənclik həvəsinə düşsə də könül, Daha qürub ömrün o çağı keçdi.

Səhvini yaşadım naşı ömrümün, Yaşımdan böyükdür yaşı ömrümün, Sirinsəyib qalan kaşı ömrümün, Közü də külləndi, ocağı keçdi.

Əziz tutammadım ömrün xətrini, Açdı Əzrail də əcəl çətrini,- Gördüm kölgəsini, duydum ətrini, Qapımdan Allahın "qonağı” keçdi.


SEVİNC DƏ QƏMDƏN YORULUB

Ümid toxu sözlərimdən, Kədərli, qəmli şerinə. Nəm qarışır gözlərimdən, Bu kövrək, nəmli şerinə.

Sevinci yuxutək yozma, Qəlb möhtacdır təsəlliyə. Dərdi belə gözəl yazma, Dərd öyrəşər gözəlliyə.

Bu gərdiş belə qurulub,- Qalarmı heç daş yonan ac? Sevinc də qəmdən yorulub, Hərdən ona qəlbini aç.

Sevinc ürkək, qəm ərklidir,- Vəsf edirsən acı-acı. Onsuz da dərdin şəklidir, Gördüyümüz dünya, bacım.


QORXUDUR MƏNİ

Halaldır üz-üzə vuruşan mərdə, Namərdin pusqusu qorxudur məni. Həmd olsun Allahın verdiyi dərdə, Bəndənin basqısı qorxudur məni.

Çoxda gözüm yoxdur, aza dözərəm, Belimə şəllənən duza dözürəm, Hər türlü cəfaya, naza dözərəm, Duyğusuz vasvası qorxudur məni.

Qayıdar özünə etdiyin qarğış, Öz bahar ömrünə gətirmə qar-qış, Sözü üzə deyən düşmənə alqış, Dostların "mus-mus”u qorxudur məni.

Yenə kosa-kusa saqqal dəbərdir, Sülənən nəfsini yala gəbərdir, İçi kin-küdurət, əməli şərdir, Gülümsər maskası qorxudur məni.


DEYƏN, ÇOX YAŞADIM...

Deyən, çox yaşadım, qocaldı dünya, Məni saxlamağa taqəti yoxdur. Onu da çaşdırdı gördüyüm röya, - Xaliq özü vardı, xilqəti yoxdu...

Şəffafmı əlində tutduğu qələm? Hərdən tərsə düşür sıralaması. Güya bərabərmiş sevinclə ələm, Bizik Tanrımızın qaralaması.

İşıqlı dünyaya can atırıq biz, Divlar aləmidir bu zülmət dünya. Qırxıncı otaqdır hələ qəbrimiz, Sirrini saxlayıb məhşərə güya.

Tanrı qələmdən çox pozan işlədir, Bəs: -Yoxdur,- deyirlər,- yazıya pozu? Ölüm də, doğum da eyni çeşmədir, Ömrü də ölümün qələmi yazır.


CƏNG TƏBİLİ VUR, GEDƏK

Vətən oğlu,qoxu gəlir burnuma, Qarabağa bahar gəldi, dur gedək. Bir gözümdə qiş dolanır hələ də, Bir gözümə qəhər gəldi,dur gedək. İqbal Nəhmət.

O yerlərin hər qarışı bizimdir, Çəmənlərin gül naxışı bizimdir, Həm payızı, həm də qışı bizimdir, Yolumuza qoy ələnsin nur, gedək, "Qarabağa bahar gəldi dur, gedək”.

Silkələnib çıxaq bu dərd-qayğıdan, Vəcdə gələk bir müqəddəs duyğudan, Ruhumuzu bu mun illik uyğudan, Oyandırsın tanrı çalan sur, gedək, "Qarabağa bahar gəldi dur, gedək”.

Ocaqları sönüb, odu bizdədir, Tilsimlidir, sim-sim kodu bizdədir, Əbədilik özü, adı bizdədir, Tonqal qala, binələri qur, gedək, "Qarabağa bahar gəldi dur, gedək”.

Nə zamandır sahmanımız pozulub, Tariximiz yad əllərlə yazılıb, Xoş məramım bəd niyyətə yozulub, Məqam gəlib, cəng təbili vur, gedək, "Qarabağa bahar gəldi dur, gedək”.

Çox danışdıq, çox ləngidik burda biz, Gedək qazi, şəhid olaq orda biz, Azadlığı müjdə verək yurda biz, Qoy ucalsın zəfər zəngi gur, gedək, "Qarabağa bahar gəldi dur, gedək”.


MƏNİ

Bu ömrə urcah elədi, Qismət məni, qədər məni. Tanrı qorudu, bəslədi, Bəd bəxtimə nəmər məni.

Nə özümə gün ağladım, Nə son şələmi bağladım, Amma, ayaqda saxladı, İçimdəki təpər məni.

Ürəyimi günə sərdim, Günah yudum, savab dərdim, Günlərimi zəkat verdim, Varlandırdı bəhər məni.

Göz yaşlarım belə axsa, Gözlərimdən daşıb çıxsa, Üzməyi öyrənim, yoxsa, Qərq edəcək qəhər məni.

Öz odunda yandı ürək, Bu buz ömrü əridərək... Sevincimi kiridərək, Ovundurdu kədər məni.


VAR

Arın günahlardan, qalx ərkanına, Ruhunu təmizlə, sinsin canına, Qazan cənnətini, dön məkanına, Nə olsun dünyanın min bir şəhdi var.

İnsan bu dünyada əbədi qalmaz, Gəldiyi aləmə dönməsə olmaz. Allahın insanla bitməz, pozulmaz, Kitablar dolusu andı, əhdi var.

Bir gün qurulacaq mizan-tərəzi, Məhşərə çəkəcək tanrımız bizi, Sanma bu mətləbi dinin qərəzi, Zühuru gözlənən İsa, Mehdi var.

Əgər birləşərsə kamalla iman, Bəxş olar cahana mükəmməl ürfan. Mələk zirvəsinə yüksələr insan, Çatar məqsədinə kimin cəhdi var.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!