Habil RzaNur Mustafayev - Elə Allahım kimisən!!

2016-10-04 22:27:42 / 8358 dəfə oxunub

...BU YAĞAN YAĞIŞ DEYİLDİ..

Bizim göydə bulud yoxdu.
Bu yağan,yağış deyildi.
Bu,ruhların göz yaşıydı.
Bu yarımçıq duaların...,
..bu ahların göz yaşıydı!

Bizim göydə bulud yoxdu.
Bu yağan,yağış deyildi.
Bu göy üzü uçulacaq!
Çətinki nur saçılacaq.
Bu,günəşsiz açılacaq..,
..sabahların göz yaşıydı!

Bizim göydə bulud yoxdu.
Bu yağan,yağış deyildi.
Bu,şeytana səcdə qılan,
İçdiyi şərbət qan olan.,
Bu,atəşə peşman olan...,
...silahların göz yaşıydı!

Bizim göydə bulud yoxdu.
Bu yağan,yağış deyildi.
Bu,bətində yetim qalan,
Ana bətninə atılan,
Bu,doğulmamış yox olan..,
..uşaqların göz yaşıydı!

Bizim göydə bulub yoxdu.
Bu yağan,yağış deyildı.
Daha yoxdu bizi duyan..,
Necə deyim,yağma,dayan?!
Axı bu,göyə sığmayan...,
...günahların göz yaşıydı!!
Axı bu,göyə sığmayan..,
...günahların göz yaşıydı!!



....BƏSİMDİ....

Hər gülüşün,bir aləmdi..,
Bircə an gülsən,bəsimdi.
Bir gün nəki,qıymayırsan?!
Bir anlıq gəlsən, bəsimdi.

Görürsən də,divanəyəm,
Mən əcələ bəhanəyəm,
"Mən kiməm,nəçiyəm,nəyəm",
Tək bunu bilsən,bəsimdi.

Ölləm,sızlama,acıma,
Bax,məzar sığmaz içimə!
Ölsəm yeddimə,üçümə..,
...qırxıma gəl sən,bəsimdi.

Budur,yarı eşq yaşamı!
İldə bir kəz baş daşımı,
Hər yağışda göz yaşımı,
Əlinlə silsən,bəsimdi..!



..BİR DAŞ OLMAQ İSTƏYİRƏM..

Bir daş olmaq istəyirəm!
Sizin,pəncərəyə dəyib,
danışmağı bilən daşdan!
Səni gizlicə səsləyib,
həsrətə meydan oxuyub.
Görüşünə gələn daşdan.

Bir daş olmaq istəyirəm!
Daş olmaqdan həzz alan daş.
Ürəkdəki daşdan deyil,
göz yaşını silən daşdan!
Bir damla yaşdan da,kiçik,
ən kiçik daşdan da kiçik.
Ayrılıq kimi dağlara,
dərd olub,güc gələn daşdan!

Bir daş olmaq istəyirəm!
Gecənin tən ortasında,
aynəbəndə gülən daşdan!
Gecə,sevgilər doğulan.
Gündüz,gözdən itib batan,
ayaq altda ölən daşdan!


..BİZİM DAŞIMIZ AĞIRDI...

Biz neçənci əsirdəyik,
Necənci ilə düşmüşük?
Biz yağışdan gizlənirdik,
Bəs nədən selə düşmüşük?

Sanmayın qaçıb gəlmişik,
Göylərnən uçub gəlmişik,
Dəryalar keçib gəlmişik,
Bataqlıq gölə düşmüşük!

Ah çəkəsən,sığmaz aya...!
Üsyan edəsən səmaya...,
Qışqırasan bu dünyaya.,
Əzəldən kölə düşmüşük.

Üstümüzə dərd yagırdı,
Qardaş işimiz ağırdı,
Bizim daşımız ağırdı,
Onunçün dilə düşmüşük!


..ÇALIŞ PAYIZ FƏSLİ QARŞIMA ÇIXMA...

Bu gün buludları satın almışam,
Sənli xatirələr,bahadır baha..
Payız boyu ehtiyyatım var hələ,
Buludlar mənimçün ağlıyır daha.

Bu payızda heçkəs ağlamasın ha....,
Bu payızın yağışları mənimdi!
Qalan fəsilləri verirəm sənə,
Payızdan özgəsi mənə qənimdi!

Bilirsən nə qədər ağlamışam mən?!
Heç anam mənimçün bələ ağlamaz.
Anam bu yazdığım şeiri görsə...,
Oğul deyib, heç məni qucaqlamaz!

Aldığın hər nəfəs əyandır mənə,
Düşünmə heç məni,şəklimə baxma.
Birdə inciməsən,bir xaişim var,
Çalış payız fəsli qarşıma çıxma!!!



..SƏN..

Yatmadığım gecələrdə..
gördüyüm yuxum kimisən.
Bütün varlığım sən idin,
olmusan,yoxum kimi,sən!

Şevişir ağ dən başımla,
Nə durmusan,buyur şumla!
Sən qəlbimdə göz yaşımla,
yetişən toxum kimisən.

Budur,mənim sədaqətim...
Elə saf ki,məhəbbətim,
Hərdən duam,ibadətim,
hərdən də,ahım kimisən.

Küsürsüzsə küsün məndən!
İmanımi kəsin məndən..!
Allah inciməsin məndən,
Elə Allahım kimisən!!



...KAŞ AYRI BİR DÜNYA OLA...

Kaş,ayrı bir dünya ola,
Şəhərlər də,başqa cürə.
Sevinclər də başqa olsun,
Kədərlər də,başqa cürə.

Kaş,ayrı bir dünya ola,
Günəş başqa,Ay da başqa.
Gecələr də,başqa olsun,
Səhərlər də,başqa cürə.

Kaş,ayrı bir dünya ola,
Ağlayanı,olmaya heç.
Gülüşlər də,başqa olsun,
Qəhərlər də,başqa cürə.

Kaş,ayrı bir dünya ola,
Tərk edib gedən olmaya.....!
Gedənlər də,başqa olsun,
Səfərlər də,başqa cürə.

Kaş, ayrı bir dünya ola,
Dərddən,şeir yazılmasın!
Şeirlər də,başqa olsun,
Əsərlər də,başqa cürə.

Kaş,ayrı bir dünya ola,
Şəhərlər də,başqa cürə.
Sevinclər də,başqa olsun, 
Kədərlər də,başqa cürə.



..XƏBƏRİM VAR...

Hər nazından,hər işvəndən,
Hər işindən xəbərim var.
Vallah səni yeyərdim qız!
Nə yazıq ki,şəkərim var..

Bax hislər dil açıb yenə,
Gəl insafsız olma mənə, 
Eşq yolunda qulam sənə,
Gəl ki mənim nökərim var.

Hələ Habil baxır gendən,
Əlin rahat üzmər sədən,
Fağır bilib keçmə məndən, 
Qız;hərdən bir xətərim var..

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!