Cavanşir Əsgər - Söz də yalan, səs də yalan

2016-10-05 22:33:20 / 10540 dəfə oxunub

Gözlərim körpüdü gördüklərimə, Küçələr, adamlar gözümdən keçir. Yarpaqlar saralıb düşür gözümə, Limanlar, adalar gözümdən keçir.

Şimşək parça-parça bölür gecəni, Çəkir şəklimizi dar küçələrdə. Yağış damcıları döyür gecəni, İşıqlar ağlayır pəncərələrdən.

Keçir əsasına söykənən qoca, Büdrəyir, yapışır baxışlarımdan. Gözləri mərhəmət uman qarının, Dərd yağır üzünün qırışlarından.

Axır gözlərimdən zaman çay kimi, Gün - gündən qısadır, il - ildən qısa. Gözümə girənlər qəlbimə girmir, Qəlbimə girənlər gözümdən uzaq.

İtir şeh damlası gül yanağında, Hər şey gəldi gedər, hər şey ötəri. Mənim sevincimin kimə dəxli var, Mənim kədərim də özgə kədəri.

Gözlərim körpüdü gördüklərimə, Küçələr, adamlar gözümdən keçir. Yarpaqlar saralıb düşür gözümə, Limanlar, adalar gözümdən keçir.


HƏSRƏTIN

Həsrətin gözümdə bir gilə yaşdı, İllər ötüşsə də asılıb qalıb. Həsrətin sinəmdən asılan daşdı, Qəlbimin küncünə qısılıb qalıb.

Həsrətin ulduzsuz zülmət gecədi, Nə bir işıq ucu, nə ümid yeri. Həsrətin şüşəsiz bir pəncərədi, Dolub otağıma xəzan yelləri.

Həsrətin qurumuş bulağa bənzər, Ruhuma sərinlik gətirmir daha. Həsrətin saralmış budağa bənzər, Arzular, diləklər bitirmir daha.

Həsrətin don vurmuş qönçə çiçəkdi, Yaxına gəldikcə üşüdür məni. Həsrətin çiynimə qonmuş mələkdi, Duyur, hiss eləyir, düşünür məni.

Həsrətin yuxusuz açılan səhər, Həsrətin üzümə bağlanan qapı. Nə yaxşı dünyada tənha deyiləm, Həsrətin mənimtək həmsirdaş tapıb.


SƏNƏ ŞEİR YAZMAMIŞAM...

Dağdan yazmışam, daşdan yazmışam, həsrətdən, sevgidən, küləkdən, kölgədən, sinəmi göynədən oddan yazmışam, Sənə şeir yazmamışam...

Əynim-başım tərtəmiz, evimdə səliqə, sahman, süfrəm açıq, çiçək kimi balalarım başımda, arzuları gerçək edən mələk kimi dayanmısan qarşımda. Sənə şeir yazmamışam...

Sənsiz bütöv olmazdım, sən mənim yarımsan, özümsən özümdən kənarda, mən hardayam sən orda. Sənə şeir yazmamışam...

Sən tanrının yazısı, qismətim, qədərim, başıma fırlanıb, qayğımı çəkənim, sevincim sevincin olubdu, kədərim kədərin, İncitmişəm... Küsdürmüşəm... Bezdirmişəm... Sənə şeir yazmamışam...


QAR YAĞIR...

Hər tərəf ağappaq, küçələr ağ çiçək, təpələr ağ papaq. Qızların başında gəlinlik fatası, üzündə gəlinlik duvağı, cavanlar qocalır, Qar yağır... Burnumun ucunda ulduzlar sayrışır, uşaqlar qaçışır qartopu əlində, sərçələr dolaşır o kolun, bu kolun dibində. Yanaqlar qızarıb, allanıb, qar əyib, budaqlar yollara sallanıb, hamının üzündə təbəssüm, saymırlar şaxtanı, ayazı Qar üstə hər izdən bir imza, bir şəkil, bir yazı.

Qar yağır... Buludlar tökülür başlayıb göylərin payızı, ayağım altında qar səsi, burula - burula oynayır havada ruhumla nəfəsim.


YOLÇU

Yolu yorub gələn yolçu, Dəryanı keçsin, keçməsin ? Gözündə yaş, sinədə od Suyundan içsin, içməsin ?

Baxır sahildə daşlara, Biri ağdı, biri qara. Əsasını atıb yana, Əyilib seçsin, seçməsin ?

Ağzında tütün acısı, Dəlik - deşik yapıncısı. Fələyin bezi, qayçısı, Donunu biçsin, biçməsin ?

Çiynində köhnə heybəsi, İçində dərdi, qüssəsi. Çağırır quşların səsi, Bu yerdən köçsün, köçməsin ?


YALAN

Adamdan çoxdu küçədə, Gəzir asta - asta yalan. Külək ağızdan aparır, Söz də yalan, səs də yalan.

Dünən gedirdi otlağa, Bu gün asılıb qarmağa, Ağa nökər, qəssab ağa, Atı sürür düzdə yalan.

Çiçəklər gözü aldadır, Uşağı yüzü aldadır, Hamı öz - özün aldadır, Aldığı nəfəs də yalan.

Ömür qəribə yuxudu, Kim əyirdi ? Kim toxudu ? Son nəğməni kim oxudu, Yalan...Yalan...Yalan...Yalan...


* * *

Bu cığırı ot basıbdı, Nə gedən var, nə gələn var. Dəvəsi ölmüş ərəbəm, Nə qulum var, nə köləm var.

Sürtür əridir daş daşı, Dərd ürəyi, fikir başı, Gözü yandırır göz yaşı, Kənardan baxıb gülən var.

Bu qıfılı, bu açarı, Bağla qapını, bacanı, Axtar əlindən çıxanı, Bəlkə yerini bilən var ?

Sinən köhnə quş qəfəsi, Dər içindən gələn səsi. Hər günün bir gül qönçəsi, Yolan, tapdayan, dərən var.

Aynaya bax, bez üzündən, İlim - ilim it gozündən. Ha gizlən özün - özündən, Onsuz da səni görən var.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!