Elnarə Günəş - Anam təbiətin şah əsridir

2016-10-15 09:30:25 / 8058 dəfə oxunub
Ya Rəsul Allah!
 
Çalışıb gedərəm seçdiyin yolu,
Ürəyim eşqinlə doludur, dolu.
Səni heç danarmı Tanrının Qulu?
Ya Rəsul Allah! Ya Rəsul Allah!
 
Sənin məhəbbətin dərin kök atmış,
O, nurlu kökləri cənnətə çatmış.
Kim sənə baş əyib, başını ucaltmış,
Ya Rəsul Allah! Ya Rəsul Allah!
 
Allahın salamı olsun yoluna,
Salavat göndərdim gül-camalına.
Tamahı sevməzsən dünya malına,
Ya Rəsul Allah! Ya Rəsul Allah!
 
Əli, ilk Hüccətin, hafizin oldu,
İslam dünyasına varisin oldu.
Hər kəlmən Quranın hədisi oldu,
Ya Rəsul Allah! Ya Rəsul Allah!
 
Ay Allah!
 
Qara kölgəsini cismimə salıb,
Yaman naxoşlayıb ruhum Ay Allah!
Adam düşündükcə belə, mat qalır,
Ərşə çəkilibdir yuxum Ay Allah!
 
Bu hansı ruzigardır əsib ruhuma,
Şeytan fitnə-fəsad kəsib ruhuma,
Elə bil əli ilə əzib ruhuma,
Səpib istiotdan toxum Ay Allah!
 
Bilirəm bu cığır zülmətə gedir,
Məşəqqətə, ağır zillətə gedir.
Şairlər öləndə cənnətə gedir,
Mən niyə kənardan baxım, Ay Allah!
 
Nə olar sən məni öz yoluna çək,
Yoxsa qalacağam tamam tənha, tək.
Cismim yaşayacaq, ruhum öləcək,
Budur ən dəhşətli qorxum, Ay Allah!
 
Yaz aylarında
 
Torpaq nəfəs alır ,küləklər gülür,
Yarpaq pıçıldayır, çiçəklər gülür.
Damarda qan coşur, ürəklər gülür
Doğur səmimiyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında.
 
Məlhəmdir yağışı günəşi, mehi
Dağda bar dumanın dan yeri şehi.
İnsan yaşadıqca duyur fərəhi.
Çəkilməz əziyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında
 
Ağsu torpağı
 
Loğman çiçəkləri dağ yamacında,
Oylağıdır Kəkliyin, Turacın da.
Bura səfər edək ilin yazında,
Alaq bülbüllərdən bahar sorağı,
Cənnət məkanıdır Ağsu torpağı.
 
Girdiman hövzəsi lalə qatarı,
Hər yanı al əlvan çiçək hasarı.
Cavanşir gölünə salaq güzarı,
Seyr edək rayonu üzü aşağı,
Cənnət məkanıdır Ağsu torpağı.
 
Pıçıldayır Ağsu çayı mehriban,
Vadisindən səhər boylanır duman.
Seyrəngahı buludlara ucalan.
Dolayları istirahət ocağı,
Cənnət məkanıdır Ağsu torpağı.
 
 
Çağdaş dövr Azərbaycan Ədəbiyyatının sütunu - Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni” şeirinə ithaf.
 
İzin ver, öyrədim özümə səni
 
Sən qəlbinin qapısını bağlama,
İzin ver öyrədim özümə səni.
Sonrasını burax mənim ağlıma,
Öyrədəcəm dərdə, dözümə səni.
İzin ver, öyrədim özümə səni.
 
Sənin dərdlərinin ayaqları var,
Mənim də yaramın qaysaqları var.
Ayıra bilməzlər, nə haqları var?
Tutmamış oduma, közümə səni,
İzin ver, öyrədim özümə səni.
 
 
Şair Namiq Dəlidağlının "Heç nəyi qalmadı getdi!” misrasına istinadən...
 
Getdi

Geri dön deməzlər özü gedənə,
O mənim həmdəmim olmadı getdi. 
Gələndə bir dünya vermişdi mənə,
Apardı, heçyi qalmadı, getdi.
 
Düşünməzdim illər onu soyudar,
Özgə laylasına rahat uyudar.
Dedim məni yada salıb qayıdar,
O isə yadına salmadı, getdi.
 
Yaman incimişəm lal baxışından,
Mürgülü, yuxulu, kal baxışından.
Ögey, aciz, soyuqhal baxışından,
İncimiş könlümü almadı, getdi.
 
Telli saz
 
Üç min illik dədəm Qorqud yadigarı,
Üz tuturuq yavaş-yavaş ona sarı.
Ozanların sarı simçün yazdıqları
Başqa bir ürəkdir, başqa bir avaz,
Söz məqamı, söz dəmidir Telli Saz
Ruhumuzun məlhəmidir Telli Saz.
 
O Qopuzun bir budağı, balasıdır,
Nə qədər ki, dünya durur qalasıdır.
Söz divarlı mədəniyyət qalasıdır,
Möhtəşəm qalanı uçurmaq olmaz,
Muğamın ilk aləmidir Telli Saz
Ruhumuzun məlhəmidir Telli Saz.
 
Haqq eşqiylə yananların arxası,
"Qara donlu kafirlər”in qorxusu
Hər simindən gəlir tarix qoxusu,
Dəhşətimdir, sitəmimdir, Telli Saz,
Ruhumuzun məlhəmidir  Telli Saz.
 
Mizrabında möcüzələr bəslədi,
İnsanları cəsarətə səslədi.
Bu İlahi sevgi deyil bəs nədir?
Min İllərlə səslənsə də yorulmaz,
Əzəldən ruh aləmidir Telli Saz,
Ruhumuzun məlhəmidir Telli Saz.
 
Şairin
 
Gənc nəslə örnək olub
Əsl ədəbi dərnək olub.
İşi təhsil vermək olub.
Əhliman tək bir şairin
Sözü məktəbdir şairin.
 
Gəraylısı başqa aləm
Dərd köşəsi yanıq-Kərəm
Bazubəndi kağız-qələm.
Qıfılbəndi sirr şairin,
Sözü məktəbdir şairin.
 
Şah pərdələr pıçıldaşır,
Ruhumuza ilham qoşur.
Sevgisiylə aşıb-daşır,
Araz - Kürün, Kür-Şairin,
Sözü məktəbdir şairin.
       
Var imiş
 
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yaşı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən nəsilə bir yadigardır.
 
Xalq şairi Səməd Vurğunun bu misralarına istinadən
 
Öyrənir alimlər bəşər gərdişin,
Tarixin Milyard il yaşı var imiş.
Min sirrin yükünü daşıyan daşın,
Bir zaman düşünən başı var imiş.
 
O, da insan kimi günah işlədib,
Nə qədər dəhşətə şahidlik edib.
Daşa daş olmağı zülm öyrədib,
Daşın da gözünün yaşı var imiş.
 
Xeyli yadigarlar itdi, məhv oldu,
Özüllü xətalar haqsız əfv aldı.
Zamanın özü də buna mat qaldı,
Dünyanın belə də işi var imiş.
 
Mirfazil ağa
 
Bir adın altında min ad yaşayır,
Cəsarət yaşayır, cihad yaşayır.
Şerə qanad verir, rahat yaşayır
Ehtiyac duymayır tərif olmağa
Tarixi natiqdir Mirfazil Ağa.
 
Küləklər səsini yayıb ölkəyə,
Dəvət alır hər şəhərə, bölgəyə.
Şükür olsun Haqdan gələn vergiyə,
Çəkmək olmaz onu sözlə sınağa
Tarixi natiqdir Mirfazil Ağa.
 
Söz-sənət dünyası başqa bir aləm,
Düşüncəsi çox humanist möhtəşəm.
Övlüyadır, Haqq eşqindən deyil kəm ,
Xeyir dua verir neçə ocağa,
Tarixi natiqdir Mirfazil Ağa.
 
Sənin xətrinə
 
Bir sevginin tarixini yazaram,
Bir arzunun məzarını qazaram
Lazım  gəlsə ömür boyu  susaram
Tək sənin xətrinə, sənin xətrinə
 
Biganəlik ürəyimi ağrıdır,
Şirin sözün hisslərimə oğrudur.
Hər nə desən deyəcəyəm doğrudur
Tək sənin xətrinə sənin xətrinə.
 
Zəmanənin ələyindən keçərəm,
Oyunundan, kələyindən keçərəm.
Hər gün, hər an ürəyindən keçərəm,
Tək sənin xətrinə, sənin xətrinə.
 
Dörd yanında mən olanda görmədin,
Nə qəmgin, nə şən olanda görmədin.
Mən də səni dəyişdikcə gözlədim.
Tək sənin xətrinə, sənin xətrinə.
 
Sənin
 
Sən mənim gözümün içinə baxma,
Gözlərim yandırar gözünü sənin.
Lal su tək o, yana, bu yana axma,
Bu gediş azdırar özünü sənin
 
Baxışlar baxışdan sevgi doğurar,
Fürsət bilib şeytan səni çağırar.
Yandırıb külünü göyə sovurar,
Tapmazlar bir qətrə közünü sənin.
 
Gərəyim deyildir indi bu qayğı,
Şübhəli təzimlər, israrlı sayğı.
Yenicə köksündə böyüyən duyğu,
Mənə çatdırmasın ərzini sənin.
 
 
Vətən daşı
 
Vətən daşı - cəsarətim, güvən yerim,
Vətən! Mənim Qarabağdır dərdim, sərim
Xocalıda, Kəlbəcərdə gördüklərim,
Bilirəm ki tək erməni işi deyil,
Köhnə Cəllad bu mövzuda naşı deyil.
 
Qara donlu ittifaqlar yaradıldı.
Qabar tutmuş yara üstə yara doldu.
Pul gördülər Millət. torpaq unuduldu,
O,  adamlar vətənimin daşı deyil.
Türk oğlunun bir soydan qardaşı deyil.
 
Çəkər
 
Çalış öz yurdunda yarat yuvanı,
Gəzsən də yad eli, özgə obanı.
Yenə əvəz etməz Azərbaycanı,
Ruhum Təbriz həsrətini hey çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Bir gün torpağıma çökdü çən, duman,
O, gündən çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə yaşayan,
Sırtımızdan ox tuşlayıb, yay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Qarabağ dərdini tüm cahan ağlar,
Gecə zülmət ağlar, səhər dan ağlar.
Yurd dağılıb, bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Qalar
 
Xislətimiz olub bizim əzəldən,
Muğayətdir dil qulaqdan, göz əldən.
Qeyrət umar, namus umar gözəldən
Mərd doğulan mərd yaşayar, mərd qalar.
 
Ta əskidən bu eldə, bu obada,
Adət olub ulu dədə babada.
Söz danışıb, şərt kəsibsə bir vədə,
Kişi kəsən şərt əbədi şərt qalar.
 
Millət var ki, özgələrdən pay umar,
Millət də var Tanrıdan haqq-say umar.
Bir obanı taladılar, soydular,
El köçsə də yaşadığı yurd qalar.
 
Çərxi-fələk dövr etsədə tərsinə,
Anlatmaz ki, düzü nədir, tərsi nə.
Dönüb sərt qaydalar həyat tərzinə,
Bu qanunlar sərt yazılıb, sərt qalar.
 
Millətimi Allah özü qorusun!
 
Haqsızları Haqq əli ilə vurulsun,
Ədalətin tərəzisi qurulsun
Vətənimə silah çəkən yağılar,
Silah tutan qollarınız qurusun.
 
Mərdlər üçün çox qurulub planlar,
Məşəqqətlər, fitnə-fəsad yalanlar.
Düz ilqarı, düz məsləyi olanlar,
Mümkün deyil peşəsindən yorulsun.
 
Lazım gəlsə oğul kimi, ər kimi,
Mən də döyüşəcəm bir əsgər kimi,
Görüm bizim məsum şəhidlər kimi,
Düşmənimin bütün xalqı qırılsın.
 
Tarix boyu sinə gəldik dərdlərə,
Erməni tək çaqqallara, itlərə.
Gücümüz bəllidir çox millətlərə
Millətimi Allah özü qorusun!
 
Altında
         
Qan qoxulu işlər ləngimədikcə,
Acizik, ”bəlkənin, ”kaşın altında
Cəbhədə döyüşlər səngimədikcə
"Yasdıq daşa dönür” başın altında.
 
Oyaqkən  yatanlar asan oyanmaz,
Var olanın dəyərini duyanmaz.
Qaş yerində qərar tutub dayanmaz,
Göz rahat durmasa qaşın altında.
 
Xalqımızı soy –kökündən qırdılar,
Böhtan atıb üzümüzə durdular.
"Başımıza kül töküb, daş vurdular”
Baş da ucalarmı daşın altında?
 
Ata
 
Sən dünyanı dəyişəndən ay ata,
Qızın tərkicahan, nagüman gəzir.
Yuxu kimi yaşayıram həyatda.
Xəyallar başımda bir ümman gəzir.
 
İtirmişəm, taqətimi, gücümü
Yaşamaq üçün kimdən alım dözümü?
Bircə dəfə görmək üçün üzünü,
Gözlərim axtarır min ünvan gəzir.
 
Qadın şəfqəti.
 
Şimal okeanın əridə  bilər
Topal arzuları yeridə bilər,
Dünya savaşını kiridə bilər
Bir qadın zəkası, qadın hikməti,
Dünyaya bəzəkdir qadın şəfqəti.
 
 
Bayraq
 
Bayraq fərəh yerim, istinadgahım,
Bayraq ən zərərsiz sivil silahım.
Onunla mövcuddur nurlu sabahım,
Üç rəngi üç məna yükü daşıyır,
Nə qədər Bayraq var ,Vətən yaşayır.
 
Yaşıl müsəlmanın ən şux rəngidir.
Mavi Türklüyümün həmahəngidir.
Qırmızı müasir Yallı. Cəngidir,
Ay və ulduz saf səmaya oxşayır
Nə qədər Bayraq var Vətən yaşayır.
 
O bəşərin ən müqəddəs bayrağı,
Gerbimiz də möhkəm arxa dayağı.
Hər kim olsa torpağımın qonağı,
Mənlə birgə Bayrağıma baş əyir,
Nə qədər Bayraq var Vətən yaşayır.
 
Dilə düşürdü.
 
Sən elə bir gündə çıxdın qarşıma,
Mənim toy qatarım yola düşürdü.
Gəlinlik duvağın görüb başımda,
Gözlərin min haldan-hala düşürdü.
 
Gəldim görməzlikdən müthiş halını
İlk dəfə seyr etdim məh-cəmalını,
Sanki oxuyurdum hər xəyalını.
Elə bil gözündən gilə düşürdü.
 
Diqqətlə baxırdı adamlar mənə,
Guya dəyişmişdim mən neçə günə.
Bəzən uymayanda el adətinə,
Hər sözüm dillərdən-dilə düşürdü.
 
Famil Məmmədli
 
Qartal tək şığıdı əngin səmaya.
Salamlar yetirdi günəşə, aya.
Vətən bayrağını çəkdi fəzaya,
Göstərirdi əzm Famil Məmmədli
Fəxrimizdi bizim Famil Məmmədli.
 
Şəhid olub xilas etdi bir kəndi.
Əsil oğul el qeyrəti çəkəndi.
Qəlbindəki Haqq eşqinə güvəndi
Haqqa etdi təzim Famil Məmmədli
Fəxrimizdir bizim Famil Məmmədli.
 
Xalqımız hər zaman yad edir onu,
Yeni başlanğıcdır ömrünün sonu
Tarixə yazdırdı həyat yolunu,
Bir mayakdır izin Famil Məmmədli
Fəxrimizdir bizim Famil Məmmədli.
 
 
Günəş
 
Səmada izini gəzirəm sənin,
Yuxuda üzünü gəzirəm sənin.
Özümdə-özünü gəzirəm sənin
Sən getdin əbədi yaşamaq üçün,
Mən gəldim adını daşımaq üçün.
 
Bir gün Günəş adı qismətim oldu
Cəmalın gözümün həsrəti oldu.
Ruhunla nə qədər söhbətim oldu,
Gəlmədim yaranı qaşımaq üçün,
Mən gəldim adını daşımaq üçün.
 
Kökü üstə yarpaqlayan budağam,
Hər fitnədən, hər fəsaddan uzağam.
Nə qədər ki nəfəsim var mən sağam,
Öz təmiz soyuma oxşamaq üçün,
Mən gəldim adını daşımaq üçün.
 
 
Mən gedərəm
 
Mən gedərəm, sənin mənə inamın yox,
Mən gedərəm, gözləməyə zamanım yox.
Mən gedərəm, qayıtmağa gümanım yox
Mən gedirəm daha məni gözləmə!
 
Mən gedərəm, yollarımda qalar gözün,
Mən gedərəm göz yaşıyla dolar gözün.
Mən gedərəm ,sənə düşmən olar gözün,
Mən gedirəm daha məni gözləmə!
 
Başqa bir aləm tək gəldim ömrünə
Gedəndə başqa bir aləm gedərəm.
Mən gedərəm, çox da etmə qəm gedərəm
Mən gedirəm daha məni gözləmə!
 
 
Anam təbiətin şah əsridir.
 
Misilsiz yaranmış həyatda ana,
Ömrünü həsr edir övladlarına,
Hamı nəğmə qoşur, onun adına,
Dilimizin şövqü, laləzarıdır,
Anam təbiətin şah əsəridir.
 
Bu adı daşımaq çox çətin olur,
Ana məğrur olur, mərd mətin olur.
Dünyanı qoruyan hikmətin olur.
Yer üzünün zinətidir, zəridir,
Anam təbiətin şah əsəridir.
 
Evimizin dirəyidir analar,
Hamımızın gərəyidir analar.
Təbiətin ürəyidir analar,
Təbiət Allahın şah əsridir,
Anam təbiətin şah əsəridir.
 
Baş əyirəm ana sənin qarşında,
Saflığına təzim edir altun da,
Əsil ananın ayaqları altında,
Cənnət məkanıdır, cənnət yeridir,
Anam təbiətin şah əsəridir.
 
Bilməz
 
Bir baxın şairi Ulu yaradan,
Bəxş edib həyata əvəzedilməz.
Min alim doğular şersiz qandan,
Lakin bircə şair doğula bilməz.     
 
Söz aşiqi vurğunudur dünyanın,
Onun məhəbbəti ölçüyə gəlməz.
Qələm kimi dostu olan insanın,
Qəm-kədər qəlbinə yığıla bilməz.
 
Hər kəs ki, işinə baxacaq dayaz,
Dolacaq qəlbinə çovğunlu ayaz.
Bacarırsan doğru danış, doğru yaz,
Həqiqət heç zaman boğula bilməz.
 
İnsan olmadıqca işinə bələd,
İstəməz bərqərar olsun ədalət.
Pis xətlə işlənmiş, oğurluq sənəd,
Qəti doğru-dürüst oxuna bilməz.
 
 
Qarabağımın
 
Ürəyim ağrıyır inanın daha,
Adı çəkiləndə Qarabağımın.
Dünya bəyan olur naləyə, aha,
Adı çəkiləndə Qarabağımın.
 
Pənahəli torpağıdır Qarabağ,
İbrahimin ocağıdır Qarabağ.
Hamı deyir, Torpaqda vüqara bax,
Adı çəkiləndə Qarabağımın.
 
Şuşanın düzləri çiçəkdi, güldü,
Cıdır düz bəzəyi Xarı Bülbüldü.
Fikrimdə canlanır Natəvan yurdu,
Adı çəkiləndə Qarabağımın
 
 İtkin şəhər       
 
Dörd bir yanı qala qoruq qaytağıdır,
Şirvanımın sənətkarlıq ocağıdır.
İtmiş Şəhər qədim Ağsu torpağıdır
Əhalisi cəsarətli ötgün şəhər,
Müəmmalı, əfsanəvi, itkin Şəhər
 
Biri dedi zəlzələnin gücü olub.
Biri dedi :- Şah Qacarın suçu olub
Hər nədirsə nəticəsi acı olub
Xarabaya çevrilibdir yetkin şəhər
Müəmmalı əfsanəvi, İtkin Şəhər.
 
Neçə əsr gözlənibdir xəzinətək
Açıq səma muzeyidir görmək gərək.
Ümidvaram tarixçilər öyrənəcək
Yeni səhifə açacaqsan bir gün Şəhər,
Müəmmalı, əfsanəvi itkin şəhər.
 
Atam dünyasını dəyişən gündən

 
Gözümün üstünü kölgələr alıb,
Ürəyimin hər pərdəsi saralıb.
Bu gen dünya mənim üçün daralıb,
Sevinc də, fərəh də, qaçaqdır məndən, 
Atam dünyasını dəyişən gündən.
 
Nə etsəm boynumu büküb gəzirəm,
Gizlicə göz yaşı töküb gəzirəm.
Dərdimi köksümə çəkib gəzirəm,
Asılı qalmışam bu qəm yükündən,
Atam dünyasını dəyişən gündən.
 
Şirin dilim, şirin dadım gedibdir,
Uçmaq üçün qol-qanadım gedibdir.
İlham pərim, istedadım gedibdir,
Bir ağı demək də gəlmir əlimdən,
Atam dünyasını dəyişən gündən.

Ruhəngiz
 
İlk baxışın şəfəqləri gözündə,
İlk kəlmənin hərarəti sözündə.
İlk addımın cəsarəti dizində,
Saf döyünən ilk ürəkdir Ruhəngiz,
Doğum günün mübarəkdir Ruhəngiz!
 
İlk arzuya ilk açılmış qoldur o,
İlk sevincə aparacaq yoldur o.
İlk doğulub, şirinlikdə baldır o,
İnsan donlu bir mələkdir Ruhəngiz,
Doğum günün mübarəkdir Ruhəngiz!
 
Çəkər
 
Çalış öz yurdunda yarat yuvanı,
Gəzsən də yad eli, özgə obanı.
Yenə əvəz etməz Azərbaycanı,
Könlüm Təbriz həsrətini hey çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Bir gün torpağıma çökdü çən, duman,
O, gündən çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə yaşayan,
Sırtımızdan ox tuşlayıb, yay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Qarabağ dərdini tüm cahan ağlar,
Gecə zülmət ağlar, səhər dan ağlar.
Yurd dağılıb, bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.
 
Payız sevdası

Bir payız ayında sevmişdim səni,
Ayrılıq anında, hicran dəmində.
Saatlarla anıb bir dəqiqəni,
Hey ölçüb-biçirdim, öz aləmimdə.
 
Səni danmağımdan hələ küsdün də,
O payız eşqiydi, adı üstündə.
Məndən zəiflər də, məndən üstün də,
Səni vəsf etmişdi söz qələmində.
 
Bir tək mənim cəsarətim lal idi,
Dünyam başqa, halım başqa hal idi.
Məhəbbət məhsulum onda kal idi,
Zamanla yetişdi könül zəmimdə.

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!