Aydan Abdullayeva - Nostalji hekayə

2016-10-25 11:08:29 / 15062 dəfə oxunub
Soyuq qış gecəsi idi. Evlərin pəncərəsindən məsum ümidlər, arzular, vaxtsız-vədəsiz ayrılıqlar boylanırdı. Əsmər ananın süzgün gözləri yol çəkirdi sanki... Gözlədiyi vardı. Ona elə gəlirdi ki, bunca zamandır o ömrünü yelə vermişdi. Danlayırdı özünü. Nə gözünü yollara dikmisən?! deyə. Düşünürdü ki, mənim gözlədiklərim heç vaxt gəlməyib yada mən hər zaman yalnış insanları yalnış dayanacaqda gözləmişəm... Əsmər ana artıq öyrəşmişdi təkliyində özünə hesab verməyə. Hər dəfə tək qalanda nələri itirdim, nələri qazandım deyə düşünürdü. İllər əvvəl ömür-gün yoldaşı Kamalı itirmişdi o. Kimsəyə boyun əymədən qadın başına övladlarını böyütmüşdü. Həyatda Allahdan kimsəyə möhtac olmadan yaşamağı diləyirdi. Böyük qızı Zeynəbi gəlin köçürmüşdü artıq. Oğlunu da evləndirmişdi. Kiçik qızı Rüqəyya ilə yaşayırdı. Rüqəyya: Ay ana, nə olub niyə bikefsən? Nə bilim ay qızım. Axır vaxtlar ağrılarım çoxalıb. Nə vaxt gözümə yuxu getsə o dəhşətli qəzanı görürəm. Eh... Vəfasız Kamal... Məni bu gen dünyada tək qoydun, tək... Rüqəyya: Ay ana, qurban olum belə demə... Atam nə bilsin belə olacaq? Bu da onun qədəri imiş... Nə bilum bala. Sən mənə fikir vermə qızım. Tez qocalarsan... Bir istəyim var Allahımdan. Övladlarım gül-çiçək vaxtında həyatın sınağında mənim kimi solmasınlar. İstəmərəm nə sənin, nə bacının həyatı talan olsun... Get bala, get dərsinə. Tez qayıt nigaran buraxma ananı. Mən də görüm gözümə yuxu gedəcəkmi?.. Bəlkə onda ağrılı günlərim çıxa yadımdan. Silinib gedə huşum... Ayılanda bilməyim Əsmər kimdir, Kamal kim... Yuxuya daldı bir az... Bəlkə canı rahatlıq tapar deyə. Çox keçmədi ki, ağlayaraq oyandı... Deyinməyə başladı. Eh... Ay zalım, demişdim... Tələskənliyin başına bəla olacaq demişdim... Məni eşitmədin ay Kamal eşitmədin... Rüqəyya: Ay ana, Həcər xala gəlib. Deyir gəldim bir az oturaq. Gəl ay Həcər gəl. Xoş gəlmisən. Heç xoş görmədim səni ay bacı. Nə olub niyə bikefsən? Nə bilim ay Həcər. Dərd yaxamı buraxmır ki buraxmır. Boşla getsin ay bacı. Guya mənim yaxamı buraxır ki?.. Dərd süfrə deyil ki açasan... Dərdsiz kim var ki?.. Əsmər: Bardaş qurub dərd evimdə oturmuşam Kamalsız... Gözüm axtarır. Həmdəki ay Həcər baxma qocalan vaxtında adama yoldaş lazımdır axı... Bilirsən, mən o rəhmətliklə çox mehriban olmuşam. Öl deyib ölən olmuşam, qal deyib qalan. Hər xırda sözü şişirdib başını ağrıtmamışam. Sevgi bir yana, mən Kamala çox bağlı olmuşam. Atam da şübhə etmirdi. Bilirdi ki, Kamal çox insan adamdır. Deyirdi Əsməri sənə versəm göz bəbəyin kimi qoruyarsan. Gözüm arxada qalmaz. Bax aa, Əsməri ərköyün böyütmüşəm. İncitmə. Məndən çıxdı, sən bilərsən. Həcər: Sən rəhmətliyi nə çox istəyirmişsən ay bacı. Bəxtəvər sevgidir vallah. Əsmər: Ay Həcər, sən Allah bəsdir. Olmaya içdən-içə mənə bəxtəvərçilik oxuyursan? Ay bacı, sən Allah incidin? Yəni deyirəm sevgin ölməyib hələ. Əsmər: Ay başına dönüm, sevgi ölmür ee öldürürlər... Düzdür ay bacı... Düzdür. Mən gedim, sonra yenə baş çəkərəm sənə. Üzmə özünü. Həyatdır... Min cür sınağı var... Rüqəyya: Ay ana, bacım zəng edib deyir, sabah yığışaq bir yerə. Nə münasibətlə ay bala? Rüqəyya üzgün bir səslə: Heç ay ana... Elə-belə... Yığışın ay bala, yığışın. Təki şadlıq olsun. Sevinib güləsiz. Mən də görüm ki balalarım xoşbəxtdir. Bəs sən ay ana? Sən xoşbəxt deyilsən?.. Övladlarım xoşbəxtdirsə, mən də xoşbəxtəm... Atamsız darıxırsan, yarımçıqsan... Hə qızım.. Atansız canım ağrılı, ürəyim küsgündür... Sən də atana bənzəyirsən. Hər halım sənə əyandır... Atana deyirdim. Deyirdim ki, bu tələskənliyin bir xətası var. Deyirdi süzgün gözlüm, qorxma. Qulaq as, birdən mən ölsəm ağlayarsan? Oy Allah eləməsin! Ay Əsmər, qorxma hələ çox çəkəcəyin var məndən deyib gülürdü. Elə bil bilirmiş... Sabah Əsmər ananın yaşı idi. O bunu bilirdi sadəcə düşünürdü ki, "nəyi qeyd edim? Kamalsız həyatımdakı boşluğu?! Gözlərinə sevinci çox görmüşdü illərdir... Balalarına xatir gülümsünürdü. Günün sonunda kürsüdə oturub lent yazılarına qulaq asırdı. Kamalın səsi vardı lentdə. "Əsmər, sən güclü qadınsan. Bax bir gün mən olmasam... Bu nə sözdür? Qurtar sən Allah! Əsmər qulaq as... Bir gün mən bu həyatda olmasam çökmə... Günü-gündən əriyib, tükənmə... Birdə uşaqlara hərdən məndən danış... Bura bax, yenə doldu süzgün gözlərin?.. Dərd etmə, ölsəm o dünyadan qayıdacağam. Yaxşı, bəsdir kövrəlmə... Neçə belə yaşlara! Səninlə birgə ay Kamal... Səninlə birgə... Lent qurtarır. İlləri sənsiz ötürmüşəm Kamal... Qoy övladlarımız xoşbəxt olsun. Amma mən... Neçə belə yaşlara sənsiz girmək istəmirəm Kamal... İstəmirəm... Oxuyur Şövkət Ələkbərova. Mən çox gün görmədim, Bil ki, dünyada... Ah nə dərdə düşdüm cavanlıqda mən... Hər günü, hər günü salıram yada, mən yada Ağlaya-ağlaya, ağlaya-ağlaya qaranlıqda mən...
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!