Nazim Yaquboğlu - RƏBB hər şeyi yaxşı bilir

2016-10-26 09:24:17 / 3762932 dəfə oxunub
Nazim Yaquboğlu 1975 - ildə Xocalı rayonunda anadan olub. Şeirləri 2000 - ci ildə dövri mətbuatda cap olunur . 2008- CI İLDƏ " BIR EŞQİN HƏSRƏTİ " , 2015 - Cİ İLDƏ " MÜSİBƏTDİR BU MƏHƏBBƏT " ŞEİRLƏR kitabları çap olunub .






BİZDƏN YUXARIDA 

XALİQ gözəl qələm çəkib ,
Qaş var gözdən yuxarıda .
Dünya sözdən yaranıbdır ,
Nə var sözdən yuxarıda ?

Gülün ömrü sona yetib , 
Gül bağında qanqal bitib .
Abır gedib , həya itib , 
Tuman dizdən yuxarıda .

Nadan taxtın qandan qurub ,
Aqillərə yara vurub .
Şər xeyirdən başda durub , 
Əyri düzdən yuxarıda .

Ocaq yanır can isinə ,
Kor olmuşuq tüstüsünə .
Odun qalıb sinə - sinə ,
Çör - çöp közdən yuxarıda .

Kasıb ayaq üstə ölür ,
Hey gözünün yaşın silir .
RƏBB hər şeyi yaxşı bilir ,
Durub bizdən yuxarıda .

 

AY ÜZÜ DÖNMÜŞ

Sənin sitəmin də xoş gəlir mənə ,
Bilmirəm nə sirdir , ay üzü dönmüş .
Qədəmin dəyən yer , izin düşən yer 
Elə bil ki , pirdir , ay üzü dönmüş .

Qəlbimə vurduğun yara , iz dərin , 
Canıma od salıb acı sözlərin .
Mənə ilham verən qara gözlərin 
Qəzəldir , şeirdir , ay üzü dönmüş .

Ayağım yalındır , yollarım tikan , 
Vəslinə yetməyə qalmayıb güman .
Sənin ilk görüşə gəldiyin məkan 
Ən müqəddəs yerdir , ay üzü dönmüş .

İnanıb olmadın könl həmdəmi ,
Vermisən Nazimə kədəri , qəmi .
Mənim adım kimi , ALLAHIM kimi 
Əhdim sözüm birdir , ay üzü dönmüş .

 

ZALIM

Sən hardan biləsən məhəbbət nədir ?
Sən hələ sevgidə naşısan , zalım .
Mən dedim ömürümə yaz gətirərsən ,
Ömrümün payızı , qışısan , zalım .

Səni sevən gündən əriyir bu can ,
Yetiş harayıma , bir halıma yan .
Sən mənim qəlbimdən axan qara qan ,
Sən mənim gözümün yaşısan , zalım .

Bir üzün xeyirdi , bir üzün şərdi ,
Öldürmə uğrunda can verən mərdi .
Yaralı qəlbimin sağalmaz dərdi ,
Bəlalı başımın daşısan , zalım .

Naziməm , eşqindən gül tək solmuşam ,
Bu eşqin önündə aciz qalmışam .
Neyləyim , mən sənə əsir olmuşam ?
Bütün gözəllərin başısan , zalım .

 

 

ƏDALƏT SAZIYLA BƏHMƏN SÖZÜYLƏ 

Dədəmiz Qorquddan ta üzü bəri ,
Sazla söz yaşadır bizim elləri .
Sehriylə ram edir daş ürəkləri ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Sənət meydanında mətinləşiblər ,
Şəmşir ocağında sıx birləşiblər ,
Ucala - ucala zirvələşiblər ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Məcnunun eşqindən ilham götürüb ,
Kərəmin ruhundan xəbər gətirir .
Aşiqdən məşuqa salam yetirir ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Qoşa ulduz kimi qoşa yanırlar ,
Odlar diyarına işıq salırlar ,
Dədə Ələsgəri xatırladırlar ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Biri sazda çalır hey şirin - şirin ,
Biri inci düzür mənası dərin ,
Yerin tutubdular Dədə Şəmşirin ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Bəhmən hər söz üçün məşəl tək yanıb ,
Tanrının hökmüylə şair yaranıb .
Sənət meydanında məğrur dayanıb ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Ədalət çaldıqca ruhum oynayır ,
Könlüm dilə gəlir , qanım qaynayır .
Yurdu vəsf etməkdən heç vaxt doymayır ,
Ədalət sazıyla , Bəhmən sözüylə .

Nazim , hər ikisi şöhrət qazanıb ,
Müqəddəslik adlı sərvət qazanıb .
Ariflər yanında hörmət qazanıb , 
Ədalət sazıyla , Bəhmən sözüylə .

 

A CEYRAN

Bir dəfə əlindən tutmaq istədim ,
Uşaq tək inciyib küsdün , a Ceyran .
Səni qucaqlayıb öpmək istədim ,
Nanə yarpağı tək əsdin , a Ceyran .

Nə bir yol üzümə baxıb gülmədin ,
Nə bir yol gözümün yaşın silmədin ,
Son dəfə görüşə niyə gəlmədin ?
Yoxsa əlaqəni kəsdin , a Ceyran ?

Sənə könül verib " sevirəm " dedim ,
Götürüm başımı mən hara gedim ?
Naziməm , dərdimi kimə ərz edim ?
De bir nədir mənə qəsdin , a Ceyran ?

 

SEVƏNLƏR BİLƏR

" Məhəbbət " adlanan nemətin dadın 
Sevməyənlər bilməz , sevənlər bilər .
Sevən ürəklərin ahın , fəryadın ,
Sevməyənlər bilməz , Sevənlər bilər .

Dünyanın bəxtəbəxt nərd olduğunu ,
Qəlbən sevənlərin mərd olduğunu ,
Sevginin şirin bir dərd olduğunu , 
Sevməyənlər bilməz , sevənlər bilər .

Cavanlar , sözümə siz qulaq asın , 
Dinləyin bu yurdun şair balasın .
Məhəbbətlə keçən ömrün mənasın , 
Sevməyənlər bilməz , sevənlər bilər .

Aşiqin əzablı yollar keçdiyin , 
Eşqin zəli kimi al qan içdiyin ,
Biçarə Nazimin nələr çəkdiyin ,
Sevməyənlər bilməz , sevənlər bilər .

 

 

 

 

 

 

 

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!