Günay Fuad qızı Abdullayevadan: Şirin diləklərdə,yaratdım səni..

2016-12-29 17:39:43 / 73465 dəfə oxunub

Bildim


Sevgin ehtirasın bələdçisiymiş,

Ovçuykən,şikara çevrilə bildim.

Qorxdum yıxılmaqdan,bir an içində,

Qalxdığım zirvədən,devrilə bildim.


Üstüm paramparça,mən bu biçimdə,

Yaşadım,dərdimi sükut içində,

Gecələr sıxılıb,evin küncündə,

Dolub,bulud kimi,kövrələ bildim.


Mən səni itirdim,hansı limanda,

Tərsinə işlədi,sanki zaman da,

Ocağım alışdı,söndü dumanda,

Küləklər toxunub,sovrula bildim.


Çəkmə ağrıları,sinənə dedim,

Ağlayıb,sızlayıb dinənə dedim,

Axıb,varlığıma enənə dedim,

Axı,dərd əlindən,qovrula bildim...


Sən oldun


Gözümdə göylərə,ucaltdım səni,

Özünü yerlərə,vuran sən oldun.

Şirin diləklərdə yaratdım səni,

Əbəs xəyalları,quran sən oldun.


Səninlə alışan,gözü neylədin?

Adını unutdum,sözü neylədin?

Üzümə baxmağa,üzü neylədin?

Köksümü incidib,qıran sən oldun..


Nədir bu üç günlük,beş günlük yaşam,

Mən də bu həyatda,bir quru daşam,

Yanan bir alovam,əriyən bir şam,

Məni söndürəcək,tufan sən oldun.


Günəşdi gündüzün ziynəti,ləli,

Aydı gecələrin büstü,təməli,

Heç tuta bilməmiş,bir dəfə əlin,

Məndən uzaqlaşan,qopan sən oldun.


Çaxdı arzularım,ağladı,susdu,

Unutdu özünü,həyata küsdü,

Səbri sona yetdi,ümidi kəsdi,

Sonunda xəstəlik,tapan mən oldum....


Gülüm


Ver ki,əllərini alım əlimə,

Qoyum ürəyimin,üstünə gülüm.

Düşüm kəməndinin,şirin dilinə,

İsinim verdiyin,istinə gülüm.


Gül ki,gözlərində səhər açılsın,

Gül ki,bu aləmə,işıq saçılsın,

Kədərdən gen düşüb,dərddən qaçılsın,

Gülməyir,gözünün qəsdi nə gülüm.


Yanağın çökəlsin,qəmzənə baxım,

Qəlbimi göynədib,üzənə baxım,

Birce baxışımdan,sezənə baxım,

Baxım,camalının dəstinə gülüm..


Sən nəyimi sevdin?


Könlünü,gözünü sevdi ürəyim,

Sən nəyimi sevdin,biləmmədim mən?

Əyrini,düzünü sevdi,ürəyim,

Sən nəyimi sevdin,biləmmədim mən?


Doğrular acıdır,doğrular xəyal,

Bir ömür yanımda,həyatımda qal,

Məni məndən alır,bu fikir,bu hal,

Sən nəyimi sevdin,biləmmədim mən?


Özün öyrətmisən,özünə məni,

Həsrət qoyma gülüm,üzünə məni,

Dəlisi eylədin,gözünə məni,

Sən nəyimi sevdin,biləmmədim mən?


Naz edim,nazımı çək səninəm mən,

Yolumda çiçəklər,ək səninəm mən,

Onu bil,sevirəm,tək səninəm mən,

Sən nəyimin sevdin,biləmmədim mən?


Günay qurban,gülüm,sənin yoluna,

Xoşbəxt ollam,girə bilsəm qoluna,

Bənd olmuşam,aldanmişam dilinə,

Sən nəyimi sevdin,biləmmədim mən..?


Sevərəm


Dünyalara bədəldi,gözlərinin gülüşü,

Həsrət çəkən bülbülün,gülü kimi sevərəm.

Sixaram varlığını,möhkəm-möhkəm özümə,

Sarılaraq boynuna,zəli kimi sevərəm.


Ruhum oxşar ruhunu,hər saatda,hər an da,

İstəmərəm,keçməsin sənsiz günüm bir an da,

Məni qorxuda bilməz,nə tufan nə boran da,

Öldürərsə bu eşqin,ölü kimi sevərəm.


Coşar sinəmdə eşqin,bürüyər qəhər məni,

Öldürmürsə bu nisgil,öldürər zəhər məni..?

Görənlər dəli deyər,sanar birtəhər məni,

Səni sevərsəm əgər,dəli kimi sevərəm..

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!