Habil RzaNur Mustafayev - Mən özüm özümü sevə bilmirəm,

2017-01-26 21:04:24 / 8665 dəfə oxunub

..AZADLIQ MƏNİMLƏ HƏMYAŞID İMİŞ..

Büs bütün güllələr vəfalı ola,
Daha silahları tərk etməyələr.
Tətiklər o qədər ədalı ola,
Barmaqlar dəyməyə ərk etməyələr.
Nə tabut qalıbsa toz basa qalsın,
Nə fəryad duyulsun, nə, gözlərdə yaş.
Ot bassın məzarlıq çığırlarını,
Qərənfil satanlar kasıblaşa kaş!
Daha utanmayım, çəkinməyim heç,
Bu şərəf yolunum, dərdi, kədəri-
azarı mənimlə həmyaşıd imiş.
O, "20 Yanvar" şəhidlərinin,
Ana göz yaşları, ana ahları-
məzarı, mənimlə həmyaşıd imiş!


***********

Mən gedən yolların tozu başqadı,
O gedən yolların izləri başqa.
Bu, "zalım balası" elə yaşdadı,
Baxışı başqadı, gözləri başqa.

Naz çəkim, tab edim, yıxılım, ölüm!?
Nə qəşəng bəladı, nə qəşəng zülüm!
Baxışı buz kimi, nəfəsi həlim,
Dodağı başqadı, sözləri başqa.

Buxağı ağappaq, teli, qapqara,
Gülüşü şipşirin, dodaqı püstə.
Bu zalım məni də çəkəcək dara,
Çəkirsə qoy çəksin, gözümün üstə!



....DAHA GÜLÜŞÜNLƏ ƏTİRLƏNMİRƏM...

O qədər suları bulandırmışam.
Bir dəfə olsa da, boğulmamışam.
Bəsti yuxularda görüşməyimiz,
Mən yuxu yozmağa doğulmamışam!

Səni sevməyimdə günah gəzirsən,
Elə, böyük günah olum bəsimdi.
Yuxumda qol-qola gəzməyimizdən,
Gəlim qollarında ölüm bəsimdi.

Dünyanın ən qəşəng seiri səndədi,
Yoxsan keyfi yoxdu varaqların da.
Bütün gülüşlərin sirri səndədi,
Gülsən, dünya gülər dodaqlarında.

Onda məni yuxularda çağırma!
Çağırsan yol üstə gül tökəndə gör.
Sən nə görmüsən ki, "zalımın qızı",
Sən məni yollara dil tökəndə gör.

İpindən qırılan çərpələng kimi,
İtdi gözlərimdən "məhəbbət quşum".
Daha gülüşünlə ətirlənmirəm,
Ayrılıq qoxuyur artıq üst başım.

Demək, gələnlərlə aran yoxdur heç!
Demək, gedənlərin yol yoldaşısan.
Bil ki, sən ömrümün bahar çağının,
Hələ də gecikən qaranquşusan!




...SÖZLƏRİM ÖZÜMDƏN YARAŞIQLIDI...

Zəhərdi sözlərim,zəhərdi dilim.
Sən mənim nəyimi sevəsən axı?!
Seyrəkdi saçlarım, qabardı əlim,
Sən mənim nəyimi sevəsən axı?!
Göy olsam, uçmağa quşum tapılmaz,
Yer olsam, atmağa daşım dapılmaz,
İncimə, ağıllı mənə qapılmaz,
Sən mənim nəyimi sevəsən axı?!
Nə yazsam, yazımı sevə bilmirəm,
Danışsam, sözümü sevə bilmirəm,
Mən özüm özümü sevə bilmirəm,
Sən mənim nəyimi sevəsən axı?!
Qaranquş nəfəslim, Sərçə vəfalım,
Göyərçin qanadlım, Kəklik camallım,
Əl dəymə qurbanam qadanı alım,
Əllərin üzümdən yaraşıqlıdı.
Sən mənim nəyimi sevəsən axı?!
Baxma ki, mən sənə şeir yazmışam,
Sözlərim özümdən yaraşıqlıdı,
Sən mənim nəyimi sevəsən axı?!



...TAPILMAZ...

Bilirəm,ömür də sirdi.
And olsun səbrim dəmirdi.
İçimi qəmim gəmirdi-
çölümü yeyən tapılmaz!

Bu belə dünyadı atam!
Mən belə dünyada yadam.
Hərdən günah edər adam,
Üzünə söyən tapılmaz.

Bu ömür atın çaparsan,
Sənindi hara aparsan,
Yolüstü bir dərd taparsan,
Mənimdi deyən tapılmaz.

Mən doğulandan beləyəm,
Beşiyəm qəmə,bələyəm!
Qorxuram ölüb eləyəm,
Dizinə döyən tapılmaz!!



..BU QIZA BİR ŞEİR YAZIN..

Bu qıza bir şeir yazın.
Nə olsun dodaq boyası,
Qaşına qələm çəkməyib?!
Kim deyə bilər ki, axı,
Bu qızı qələm çəkməyib!!

Tanrının da qələmi var.
Bəlkə şeirlər də yazır.
Bəlkə də, biz xəbərsizik,
Büs bütün bəşərdi bu qız.
Bəlkə elə yazılmağı gözləyən əsərdi bu qız!

Üşüyür əli, ayağı,
Nəfəsi donur bu qızın.
Gözünün yaşı qaynayır,
Ciyəri yanır bu qızın!

Bu qıza bir şeir yazın.
Bu şeirə nəfəs verin.
Bu qıza bir şeir yazın.
Yaşamağa həvəs verin.

Qurbanam elə yazın ki,
Hər sözündə bir can ola.
Şeir elə uzun olsun, başı qarışsın şeirə.
Büs bütün şeir can ola.

Bu qıza bir şeir yazın.
Bu şeirə nəfəs verin.
Bu qıza bir şeir yazın.
Yaşamağa, həvəs verin!!

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!