Həmkar, dost təbriki

2017-01-31 10:54:02 / 8855 dəfə oxunub
SECİLƏN QƏLƏM SAHİBLƏRİMİZ... 
Bir neçə il öncə bu statuslar və layklar aləmində təzəcə qeydiyyatdan keçmişdim. Adətim üzrə buraya da səssizcə girib-çıxar, paylaşımları izlər, illərlə şeirlərini oxuyub sevdiyim sairlərin, sənət adamlarının yazıb-pozduqlarına, zarafat və mübahisələrinə diqqət kəsilər, onları aydan-gündən gəliblərmiş kimi izlərdim. Dost "qazanmaq", paylaşımlara fikir bildirməkdə də "fərsiz" idim. Sıramı gözlər, kimi isə narahat edəcəyimdən ehtiyat edərdim. İş yoldaşlarım və Vətəndən uzaqda yaşayan qohumlarımdan sonra Zakir Məmməd, Ramiz Qusarçaylı, Eldar İsmayıl, Saday Şəkərli, Maarif Soltan, Eldəniz Quliyev, Fərqanə xanım və başqalrı ilə "dostluq" əlbəttə ki, həyatın mənə verdiyi ən gözəl fürsətlərdən idi... Bütün bunlar öz yerində, amma bu gün virtual aləmdə qazanıb haqqında ürək dolusu söz demək, dərin-dərin təşəkkürümü bildrmək istədiyim bir Dostum da var - Yusif Məhəmmədoğlu Osmanlı! Növbəti günlərdən biri idi, yəni səhər tezdən kompüteri açıb bildirişləri, paylaşımları izləyirdim. Həm də Ramazan bayramına təsadüf edirdi bu gün. Bir az əvvəl elə adının möhtəşəmliyi kimi yarlı-yaraşıqlı, dilli-dilavər bir oğlandan dostluq qəbul eləmişdim. Mənimlə həmkar - jurnalist idi. Şeir paylasıb gözə girmək istəməsə də şair olduğunu da təxmin eləmişdim. O qədər pozitiv, enerjili, aktiv idi ki, virtual aləmdə ona rəy yazmağa ürək eləmirdim. Amma deyəsən yan keçə bilmədim... Bu dəfə sübh tezdən yanan işığım onun da diqqətini cəlb eləmişdi. Mənimlə salamlaşıb bayramımı təbrik edəndən sonra telefon nömrəmi xahiş elədi. Duruxduğumu hiss edib lətifə danışmaq istədiyini dedi, əhvalsızlığımı hiss eləmişdi deyəsən... Bizim Yusiflə tanışlığımız, əsil dostluğumuz da bundan sonra başlandı. Gözlərim yaşarıncaya qədər güldürdü məni: uşaqlığından, doğulub böyüdüyü İsmayllıdan, rəhmətlik nənəsindən o qədər şirin rəvayətlər söylədi ki, onu illər öncə tanıdığımı, yaxınım, doğmam kimi çoxdan sevdiyimi zənn etdim. Söz arası nəşr olunan kitabı olub-olmadığını soruşdum və xahiş elədim ki, Qubaya yolu düşəndə hökmən mənə gətirsin. Sağ olsun, sözümü yerə salmadı. Onunla ilk görüşümüz Quba, Qırmızı Qəsəbədə çalışdığım "Birlik-Edinstvo" qəzeti redaksiyasında, ustad şair Ramiz Qusarçaylı ilə birgə oldu. Zənnimdə yanılmamışdım. Yusif mehriban, istedadlı, ziyalı olduğu qədər də öz yerini bilən, böyüklərə hörməti ilə seçilən, ləyaqətli bir gənc idi. Onunla sonrakı ardıcıl dost və sənət görüşlərində müşahidə etdim ki, Yusif uğraşdığı insanlarla tez dil tapır, iti yazar gözü ilə tez nəticə çıxarır və asanlıqla qərar verə bilir. Onu da deyim ki, onunla ünsiyyət qurub fikir bölüşmək nə qədər asan, maraqlı olsa da özü haqqında danışdırıb fakt götürmək bir o qədər çətindir. Hissə-hissə ondan özü haqqında öyrəndiklərimi bu yazıya əlavə edirəm: Jurnalist kimi 1997-ci ildən fəaliyyət göstərən ali təhsilli Yusif Məhəmmədoğlu Osmanlının ilk şeiri 1988-ci ildə çap olunub. İlk şeirlər kitabı "Qocalmışam demə Ata" 2009-cu ildə nəşr edilib. Səkkiz kitabın müəllifi, iyirmidən çox kitabın tərtibatçısıdır. Otuzdan çox kitabın redaktoru, on beşdən çox kitabın nəşr olunmasında məsləhətçidir. Yusif Məhəmmədoğlu 2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Yeni Avropa" həftəlik ictimai-siyasi hüquq qəzetinin və Sabahinfo.az saytının baş redaktorudur. Ailəlidir, iki gözəl balanın İsmayılın və Məhəmmədin atasıdır. Mən sabah növbəti doğum gününü qeyd edəcəyimiz Yusif Məhəmmədoğlu haqqında ürək sözlərimi Sizlərlə bir qədər öncə bölüşməyə tələsdim. Onun yaradıcılığı haqqında mülahizələrimi genişləndirməyə imkan bulmadım. Tələsdim, ona görə ki, yaxşı dost, gözəl İnsan, istedadlı qələm sahibi haqqında ən dəyərli sözü özüm demək istədim! Və Yusif bu amalın sahibidir - düzü düz, əyrini əyri yazan söz Sahiblərimizdəndir. Yolun açıq olsun hər zaman, əziz Qardaşım! Neçə belə əziz illərində, günlərində xoş sözlər deyək! Ad günün mübarək olsun! 
SEVİNC MƏMMƏDOVA, sair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!