"Formula-1"in rəhbəri Azərbaycandan üzr istəyib

2017-04-15 10:05:19 / 3432 dəfə oxunub

"Formula-1”in yeni sədri Çeyz Keri "Liberty Media”nın icraçı direktoru Qreq Maffeyin tənqidlərinə görə yarışların Azərbaycan mərhələsinin təşkilatçılarından üzr istəyib.

Bunu "F-1”in Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib. Bundan əvvəl Qreq Maffey bildirmişdi ki, "F-1”in sabiq sədri Berni Ekklstoun yarışların Bakıda keçirilməsinə yalnız maddi marağa görə razılıq verib.

"Mən Çeyzlə telefonla danışdım. Biz əvvəlcə başqa şeyi müzakirə etdik, lakin bu mövzunu da buraxmaq olmazdı. Belə qənaətə gəldik ki, heç də hamı bu mövqeni paylaşmır.

Keri baş verənlərə görə üzr istədi. Çeyzin sözlərindən belə çıxdı ki, o [Maffey]in iddiaları ilə qətiyyən razı deyil. Məsələnin bu yerə gəlib çıxması onu məyus edib, mənə isə onun bizim tərəfimizdə olması xoş təsir bağışladı.

Düşünürəm ki, biz indi bütün məsələləri həll etmiş olduq. Qaldı bircə möhtəşəm yarış təşkil etmək üçün gördüyümüz ciddi işləri hamıya göstərmək”, - deyə Arif Rəhimov bildirib.

O əlavə edib ki, Keri Bakı mərhələsinin "F-1” təqvimində qalmasının tərəfdarı olduğunu bildirib.

"Bizim yarış onun xoşuna gəlir. O, məmnuniyyətlə mərhələyə gələcək”, - deyə A.Rəhimov qeyd edib. (Report.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!