AZAL-ın Azərbaycana buraxmadığı “Pegasus” İrəvana reyslər açır

2017-04-21 15:28:02 / 3363 dəfə oxunub

Türkiyənin məşhur aviaşirkəti olan "Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək.

Skrom.Net xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən "Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

Xatırladaq ki, "Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.

Azbüdcəli uçuşlarıyla tanınan "Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. "Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…

AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.

Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.

İndi isə ölkəmizdə işləməyə imkan verilməyən "Pegasus” şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!