İslamiadada qalib idmançılarımız bu günə qədər neçə milyon qazanıblar - MƏBLƏĞ

2017-05-17 14:34:57 / 2722 dəfə oxunub

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları davam edir. Artıq sonlara doğru yaxınlaşdığımız oyunlarda atıcılıq, karate, gimnastika, futbol, həndbol, üzgüçülük, voleybol, boks, cüdo, atletika və taekvando idman növlərində qaliblər müəyyənləşib.

Hazırda cədvəl üzrə 2-ci yerdə qərarlaşan Azərbaycan milli komandasının aktivində 83 medal qeydə alınıb. Bunlardan 43 -i qızıl, 24-ü gümüş, 16-sı isə bürüncdür.

Bəs bu nəticələrdən sonra əldə olunan mükafatlar nə qədərdir?!

Modern.azsaytı bu barədə araşdırıb.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Belə ki, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat verilir.


IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşən idmançılar, Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılır. Belə ki, Milli Olimpiya Komitəsi birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat təyin edib.

Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında indiyədək medal qazanan idmançıların əldə etdikləri ümumi məbləği təqdim edirik:

Qızıl medal qazanan idmançılar – 6 milyon 450 min manat

Məşqçilər -3 milyon 225 min manat

Gümüş medal qazanan idmançılar - 1 milyon 920 min manat

Məşqçilər -960 min manat

Bürünc medal qazanan idmançılar - 800 min manat

Məşqçilər -400 min manat

Beləliklə, İslamiadanın 5-ci gününə qədər olan nəticələrə görə, yarışların medalçıları və onların məşqçilərinə ümumilikdə 13 milyon 305 min manat ödəniləcək.


Onu da qeyd edək ki, yarışın bitməsinə 5 gün var. Qarşıda bizi tenis, su polosu, uşu, suya tullanma, stolüstü tenis, zorxana, güləş, basketbol kimi idman növləri gözləyir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!