Şəhidlik zirvəsinə ucalıb Milli Qəhrəman olanlar: Nəsibov Mərfət Əhməd oğlu

2017-05-22 17:42:05 / 7025 dəfə oxunub
Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. Yaşasaydı bu gün 45 yaşı tamam olacaqdı. 

O, da digər insanlar kimi ömrünün gözəl çağlarını yaşayacaqdı. 1989-cu ildə Aşağı Əskipara kənd orta məktəbini bitirən Mərfət təhsilini başa vuran kimi Qazax rayon hərbi komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. O, 1990-cı ildə hərbi xidmətə çağrılıb. Sovet Ordusu sıralarında 1 il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb. Vətəninin dar günündə yanında olmağı, torpaqlarını qorumağı özünə borc bilib.

İlk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edən M.Nəsibov şəxsi igidlik və fədakarlıq nümunəsi göstərib, torpağa, döyüş dostlarına çox sadiq olub, həmişə öndə gedib. 1992-ci il yanvar ayının 28-də Mərfət Nəsibov sonuncu dəfə döyüşə gedib. O, Qazaxın Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak olub şəhdlik zirvəsinə ucalıb. Rayonun Məzəm kəndində dəfn edilib.

Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna ölümündən sonra "Azərbacanın Milli Qəhrəmanı” adı verilib, xatirəsi əbədiləşdirilib, adına bulaq tikilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən həmin bulaq abidə-bulaq kompleksi kimi yenidən qurulmuş və öz görkəmizi tam dəyişmişdir.

2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman-Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" adlı sənədli-bədii filmi çəkilib. 2015-ci ildə çəkilmiş "Ölümə qənşər” adlı bədii-sənədli filmdə isə üç igidin—Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun keçdikləri ömür və döyüş yollarından bəhs olunur.

Bu gün rayon İcra Hakimiyyəti tərəfindən Milli Qəhrəmanın xatirəsi anılmış, ata evinə baş çəkilmiş və doğmaları ilə görüş keçirilmişdir. Adını daşıyan bulaq kompleksinin önünə tər-çiçək dəstələri qoyulmuşdur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!