Şəkinin Kiş kəndinə 1 milyon manat ayrıldı

2017-09-27 18:12:43 / 5353 dəfə oxunub

Prezident İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, "Aşağı Karvansaray” kompleksi, "Şəki xanlarının evi” bərpa olunmuş, ən müasir tələblərə cavab verən "Şəki Saray", "Sheki Palace” və "Yaffle İnn” mehmanxanaları, "Şəki Park” istirahət mərkəzi, "Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Şəki şəhərində mütəmadi olaraq keçirilən beynəlxalq "İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.

Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.

Sərəncamda qeyd edilir ki, Şəki rayonunun Kiş kəndindəki "Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!