Prezident Qobustanda açılışlar edib

2017-10-02 12:15:40 / 5013 dəfə oxunub
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.





***

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyədə qurulması istiqamətində olduqca mühüm layihələr icra edilib. Onlardan biri də Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yoludur. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin 2013-cü və 2016-cı il tarixli sərəncamlarına əsasən aparılıb.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri məhsullarını daha tez və rahat şəkildə alıcılara çatdıra biləcəklər.

Onu da deyək ki, bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək "40 yol” layihəsindən biridir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq "40 yol” layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə respublikamızda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində çox sayda kənd yolları da yenidən qurularaq müasir səviyyəyə çatdırılıb.

Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

"Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

Bildirildi ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya-texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. "Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək ümumiyyətlə mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!