“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı

2017-10-21 13:48:29 / 3298 dəfə oxunub

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ” 3 turdan sonra aktivinə 1 xal yazdırıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi "ölüm qrupu”nda son pillədə qərarlaşmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını qoruyur.

Belə ki, qitə futbol qurumu "Qarabağ”la yanaşı, ilk 3 turda qələbə qazana bilməyən komandaların 1/8 final mərhələsinə adlayacaqlarını istisna etməyib. Bununla bağlı yazı hazırlayan UEFA yaxın keçmişdə analoji vəziyyətlə üzləşib qrupdan çıxan komandaları örnək göstərib.

Hazırda Azərbaycan çempionu ilə bərabər "Benfika”, "Anderlext”, "Atletiko”, "Olimpiakos”, "Maribor”, "Feyenoord”, "Monako”, APOEL və Dortmund "Borussiya”sı qrup mərhələsinin ilk dövrəsindən sonra qalibiyyət üzü görməyən klublardı.

2003-04 mövsümündən bəri isə 11 komanda eyni duruma düşməsinə baxmayaraq, qrupu ilk iki sırada tamamlamağı bacarıb. Bunlar "Arsenal” (2003-04), "Selta” (2003-04), "Porto” (2004-05), "Verder” (2005-06), "Liverpul” (2007-08), "Panatinaikos” (2008-09), "Ştutqart” (2009-10), "Qalatasaray” (2012-13), "Mançester Siti” (2014-15), "Gent” (2015-16) və "Roma”dı (2015-16). Adıçəkilən klublardan göstərilən mövsümlərdə 8-i 1/8 finalda mübarizəni dayandırıbsa, "Arsenal” və "Qalatasaray” 1/4-ə, "Liverpul” isə yarımfinala qədər irəliləməyi bacarıb.

UEFA ilk 3 turda 7 xal toplayan "Çelsi”, "Real” və "Tottenhem”i arxayınlaşmamağa da dəvət edib. Çünki vaxtilə Moskva MOİK-i (2006-07), "Marsel” (2007-08), "Reyncers” (2007-08) və "Porto” (2015-16) uğurlu start götürərək 2 qələbə, 1 heç-heçəlik nəticə göstərsələr də, sonda qrupda qalıblar.

Həmçinin ilk 3 turda aktivinə 2 qələbə yazdıran "Bazel”, "Bavariya”, "Yuventus” və Donetsk "Şaxtyor”u da çox öyünməsinlər. Əks təqdirdə "Ayaks” (2003-04), Kiyev "Dinamo”su (2003-04) və Donestk "Şaxtyor”unun (2007-08) aqibəti ilə üzləşərlər.

Statistika onu deməyə əsas verir ki, hazırda 9 xala malik olan "Mançester Yunayted”, PSJ, "Barselona”, "Mançester Siti” və "Beşiktaş” mütləq 1/8 final mərhələsinə adlayacaqlar.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!