“Onlar jurnalist adına ləkədirlər” - Mətbuata inamdan DANIŞDILAR

2018-11-21 15:26:51 / 2063 dəfə oxunub

Azərbaycan mətbuatının 143 yaşı var. Təxminən bir əsr yarım müddəti geridə qoyan mətbuatımızda bu gün köklü dəyişikliklər, müasir zamanla uyğunlaşma, yeniliklər özünü göstərir. Keçən əsrdə, elə XXI əsrin əvvəllərində də cəmiyyətin mətbuata inamı tam idi. Hər kəs qəzet və jurnallardan oxuduğu xəbərlərin düzgünlüyünə şübhəsiz yanaşırdı. Bəs maraqlıdır, bu gün Azərbaycan mətbuatına inam hansı səviyyədədir?

Modern.azbu barədə sorğunu təqdim edir:

Tanınmış təhsil eksperti, fəlsəfə doktoruEtibar Əliyevdeyib ki, fəaliyyətdə sonuncu mətbuat orqanı qalsa belə, Azərbaycanda mətbuata inam olacaq:

"Çünki mətbuat informasiya daşıyıcısı kimi bütün dövrlərdə inam qazanıb. Yaşadığımız informasiya əsrində təbii şəkildə çap mediası sıradan çıxır. Dominantlığı elektron media - saytlar öz əlinə alır. Bütün dünyada isə çap mediası ilə elektron media paralel olaraq addımlayır. Ona görə, hesab edirəm ki, bizdə də çap mediasına diqqət artırılmalıdır.

Mətbuat elə bir tribunadır ki, alimlərin, ayrı-ayrı ekspertlərin fikirlərinin operativ şəkildə oxucu kütləsinə çatdırılmasının yeganə yoludur. Kimsə düşünürsə ki, öz fikirlərini hansısa kitabda dərc etdirib, cəmiyyətdə yayacaq, buna uzun vaxt sərf etməlidir. İnformasiyanın, təhlillərin, dünyada baş verən hadisələrin qısa zamanda bütün dünyaya çatdırılması baxımından medianın rolu əvəzsizdir”.

Etibar Əliyev mətbuatda "reket” tipli ünsürlərin meydana çıxmasının belə, mediaya inamı sarsıtmadığını düşünür:

"Hər hansı media orqanı özünü ayaqda saxlamaq, tələblərini ödəmək üçün xoşagəlməz addımlar ata bilir. Cəmiyyətin mətbuatdan başqa alternativi olmadığına görə, mənfi hallar belə ona inamı sarsıtmır. İnsanlar öz daxilində ayırd etməyə çalışır ki, hansı media orqanı obyektivdir, təhriflərə yol vermir, ciddidir. Bu da samballı media orqanlarına münasibəti yaxşılaşdırır, inamı bir az da artırır. Çox tez-tez eşidirik, əksəriyyət televiziyaları izləmədiyini söyləyir. Sanki xüsusi bir dalğa şəklində bu fikirlər yayılıb. Belə situasiyanın formalaşması televiziya kanallarında rəqabət mühitinin olmaması ilə bağlıdır. Televiziya ilə müqayisədə, elektron və çap mediası qərəzsizliyə, peşəkarlığa, operativliyə görə bir-birindən fərqlənməyə çalışır. Belə rəqabət davam etdikcə, mediaya inam hələ uzun illər qalacaq”.

Sabiq xarici işlər naziriTofiq Zülfüqarovbir kəlmə ilə mətbuata inandığını bildirib:

"Müsbət və mənfi misallar gətirmək olar. Amma hesab edirəm ki, mətbuat öz rolu ilə cəmiyyətdəki gözləntiləri doğruldur. Mətbuatın daha da effektiv işləyə bilməsi üçün siyasətçilər, cəmiyyət onunla əməkdaşlıq etməlidirlər”.

MüğənniNura Surininfikrincə, hər bir sahədə olduğu kimi, mətbuatda da peşəkarlar və qeyri-peşəkarlar var:

"Burada hansı jurnalistin Jurnalsitika fakültəsini bitirib-bitirmədiyindən söhbət getmir. Məsələ xəbərlərə, hadisələrə peşəkar yanaşmadır. Şəxsi münasibət üzərindən yazı hazırlamaq peşəkarlıq deyil. Jurnalistin müsahibindən xoşu gəlmirsə, onun haqqında qeyri-obyektiv yazı yazmamalıdır. Mən məqaləni oxuyan kimi anlayıram ki, onu yazan jurnalistin haqqında yazdığı insandan xoşu gəlmir. Mətbuatı oxuyanda tez-tez belə məqamlara rast gəlirəm.

Buna rəğmən, mənim də hörmət etdiyim, ağıllı və peşəkar jurnalistlər kifayət qədər çoxdur. "Mətbuata inanırsınızmı” sualına konkret "hə” və ya "yox” demək mümkün deyil. Qeyd etdiyim kimi, yaxşı, peşəkar jurnalistlər, mətbuat orqanları da var, qeyri-peşəkarlar da. Özünə və qələminə hörmət edən jurnalistlər araşdırılmış, mənbəyi dəqiq olan məlumatları yayırlar. Hansısa verilişə baxıb, kəsib-doğrayıb, yazı yazan, yalançı başlıqla xəbər yayan, subyektiv məqalə hazırlayan jurnalistlərə isə inam yoxdur. Onlar jurnalist belə deyil, jurnalist adına ləkədirlər. Amma tək mətbuatda deyil, hər bir sahədə bunun kimi peşəkar və qeyri-peşəkarlar var”.

Mətbuatla aktiv ünsiyyətdə olan həkim, pediatrVaqif Qarayevinmediamıza yaxşı mənada xüsusi münasibəti var. Buna baxmayaraq, həkim hesab edir ki, Azərbaycan mətbuatı bu gün pis vəziyyətdədir:

"Xəbərlərin əksəriyyəti səhv, qərəzli, yalan şəklində verilir. Yazının oxunması üçün istənilən səs-küylü başlığın qoyulması, ən əsası isə ədəbi dilimizin normalarına riayət edilməməsi kimi mənfi nüanslar yer alır. Qısa desəm, mətbuatda kifayət qədər təsadüfi adamlar var. Məncə, bu, düzgün deyil! Öz sahəmizi götürsək, səhiyyədəki neqativlərdə mətbuatın günahı yoxdur, amma ölkə səhiyyəsinə, həkimlərə inamsızlığın yaradılmasında mətbuatın rolu müqayisə olunmazdır. Səhiyyədən çox qərəzli yazılar yayımlanır - "cəlladlar", "vandallar", "yenə öldürdülər" və s. ittihamlar göydə uçuşur. Belə olmaz! Bu tipli ittihamlar ya məhkəmə tərəfindən, ya da peşəkar komissiya tərəfindən səsləndirilməlidir! Adi jurnalistin səlahiyyətinə aid məsələ deyil!

İndi tamamilə inandığım, obyektivliyinə, qərəzsizliyinə əmin olduğum mətbu orqanlar yoxdur. Əvvəllər APA İnformasiya Agentliyinə daxil olan saytları izləyirdim. İndi səhiyyəyə aid rəsmi məlumatları oxuyuram. Bir də əsasən uşaqlara aid mövzuları, açıqlama verdiyim saytları da izləməyə çalışıram. Davamlı hansısa saytı izlədiyimi deyə bilmərəm”.

Bəzən yayılan yalan xəbərlərin, bəzən də dezinformasiyanın mediaya inamı zəiflətdiyini deyən "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoruGünel Səfərovadeyib ki, media ilə cəmiyyət münasibətləri etimada əsaslanır:

"Mediaya inamın əsasını doğru, obyektiv, qərəzdən uzaq və balanslı bir məzmunda xəbərin təqdimi təşkil edirsə, son zamanlar bu barədə danışmaq çətindir. İnamın formalaşması üçün jurnalist məsuliyyəti də vacib şərtdir. Peşə vəzifələrini icra edərkən əxlaq qaydalarına, etik prinsiplərə məhəl qoymayan jurnalistlər var. Bəzən jurnalist getdiyi tədbirdə ancaq qalmaqal axtarır. Cəmiyyəti maraqlandıran xəbərə yox, İP gətirən olaya diqqət verilməsi halları baş verir. Peşəkar jurnalistikada "etibarlı mənbələrdən aldığımız informasiya” ifadəsi yer alırsa, burda qərəzdən də, sifarişdən danışmaq üçün əsas var.

Mediada son zamanlar yalan, böhtan və təhqir xarakterli informasiyalar çoxalıb desək, yanılmarıq. Amma hər bir KİV özünə inam yaratmalıdır ki, reklam ala bilsin. Düzdür, burda da çətinliklər çoxdur. Eləcə də informasiya əldə etmək o qədər də asan deyil. Amma bütün bunlar yanlış informasiya yaymaq üçün əsas deyil. Bunu sözsüz ki, bütün mediaya şamil etmirik. Azərbaycanda peşəkar jurnalistlərin sayı az deyil və güvənilir media orqanlarımız da var. Şəxsən mən hər gün izlədiyim jurnalistlər və media orqanlarının peşəkarlığına inanıram.

Bəzən deyirlər ki, sosial şəbəkələr onlayn medianı üstələyib. Amma orda da tam inamdan danışmaq çətindir. Fake profillər, dezinformasiya və ya qaralama siyasəti aparılır”.

Tanınmış dietoloq, həkimTutu Zeynalovaisə oxuduğu xəbərlərin mənbəyinə diqqət edir. O qeyd edib ki, inanmadığı mətbuat orqanları və jurnalistlər də var:

"Ümumilikdə dəyərləndirsək, mətbuatımızı bugün tamamilə obyektiv, qərəzsiz hesab etmək olmur. Media orqanları təəssüf ki, heç də hər zaman bu vacib detala önəm vermirlər”.

PolitoloqTofiq Abbasovisə mətbuat komandasının təmsilçisi kimi Azərbaycan mediasına olan inamın yüksəlməsinin tərəfdarıdır. Onun sözlərinə görə, mətbuat orqanının ciddiliyinin əsas göstəricisi aidiyyəti mənbələrə iqtibasların verilməsidir:

"Jurnalistlər gün ərzində bir neçə məsələyə münasibət bildirir, təhlillər yayımlayırlar. Mətbuat o qədər ciddi sahədir ki, hər hansı məsələ ilə bağlı insanların düşüncələrini dəyişə bilir. Bir hadisəni ayrı-ayrı qəzet və saytlar, hətta televiziyalar fərqli təqdim edir. Maraqlısı odur ki, bu gün yaş qrupundan asılı olmayaraq, oxucular faktın özünü bilməyə can atır, hadisənin kökündə duran məsələni bilməyə çalışırlar. Çünki onlar faktı biləndən sonra hadisənin çıxarışını, qənaətini özləri təmin edirlər. Bu cür təhlil etdikdə onların məsələyə fərqli baxışı, analitik qabiliyyəti üzə çıxır. Əslində, oxucularımızın əksəriyyətinin bilikləri, dünyaya çıxışı, təhlil etmək qabiliyyəti var. Ona görə, xəbərləri təhrif etmədən, olduğu kimi çatdırmaq vacibdir. Yaxşı olar ki, jurnalist həmkarlar hadisələrin gedişatını boşluqlara yer vermədən, dəqiq və düzgün çatdırsınlar. Bu fərziyyələrin, şayiələrin artmasının da qarşısını alacaq”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!