Prezidentin təhsillə bağlı qurumu ləğv etməsinin səbəbləri - Rüşvət, qanunsuzluq, incitmələr...

2019-01-18 16:51:44 / 1976 dəfə oxunub
Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib, onun funksiyaları nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək.

BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilib, onun funksiyalarının Təhsil Nazirliyinin Aparatı vasitəsilə həyata keçirilməsinə münasibət bildirən təhsil eksperti Etibar Əliyev BakuPost-a deyib ki, təhsil sahəsində bir sıra əlavə qurumlar mövcud olub. Bu sahədə rasionallaşdırmanın zamanı çatdığı üçün birləşmə və ləğvetmə prosesinə qərar verilib. E. Əliyevin sözlərinə görə, Azərbaycan 2005-ci ildən Baloniya Bəyannaməsinə qoşulub. Baloniya Bəyannaməsində yer alan 5 bənddən biri ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi – akkreditasiyadır. Ekspert indiyə qədər obyektiv, hərtərəfli, dünyada yerli səviyyədə ali məktəblərin akkreditasiyasına uyğun olaraq təhsilin keyfiyyətinin qiymətləndirilməsinin həyata keçirilmədiyini vurğulayıb:"Ali məktəblərdə təhsilin keyfiyyəti düzgün qiymətləndirilməyib. Misir Mərdanovun nazir olduğu dövrdə akkreditasiya ilə əlaqədar nazirlikdə bir şöbə vardı. Ali məktəblərin akkreditasiyası çox səthi formada, formal həyata keçirilirdi. Burada istənilən neqativ hala yol verilirdi. Sonradan nazirliyin tabeliyində Akkreditasiya və Nostrifikasiya İdarəsinin yaradılmasının da məhz akkreditasiyaya bir o qədər böyük töhfəsi olmadı. Ali məktəblərdə hələlik təhsilin keyfiyyətinin qiymətləndirilməsinin düzgün yolu seçilməyib. Bütün dünyada ali məktəblərin daxili akkreditasiyasının çox böyük əhəmiyyəti var. Xarici akkreditasiya büroları ali məktəbləri akkreditasiya etmək istəyərkən daxili akkreditasiyaya söykənirlər. Daxili akkreditasiyada da çox ciddi qüsurlar olduğuna və bir çox ali məktəblərin akkreditasiyası aparılmadığına görə beynəlxalq akkreditasiya qurumları daxili akkreditasiyalara istinad edə bilmirlər. Bunun özü də çox ciddi çatışmazlıqlara gətirib çıxarır”.


Ekspert hesab edir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin funksiyalarının nazirliyin Aparatına verilməsi müəyyən dərəcədə akkreditasiya prosesini gücləndirə, bu prosesin obyektiv, şəffaf və dürüst aparılmasına təkan verə bilər:"Təhsil Nazirliyinin Aparatı bu prosesin təşkili ilə əlaqədar çox ciddi mütəxəssislər dəvət etməlidir. Burada söhbət tək işə götürməkdən getmir. Məsləhətçi ekspertlərlə birgə çalışaraq Azərbaycanda təhsil müəssisələrinin dəqiq, dürüst akkreditasiyasının aparılmasına nail olmalıdırlar. Əks təqdirdə beynəlxalq akkreditasiya qurumları təhsilin keyfiyyətinin qiymətləndirilməsində öz sözlərini deyə bilməyəcək. Hazırda bizim üçün əsas məsələ akkreditasiyadır. Bunun bizim ali məktəblərin reytinq cədvəllərində yer tutmasına müstəsna təsiri var”.

E. Əliyev Akkreditasiya və Nostrifikasiya İdarəsinin həm də xaricdə təhsil almış vətəndaşların diplomlarının ölkədə təsdiqlənməsi prosesini həyata keçirdiyini nəzərə çatdırıb:"Akkreditasiyadan fərqli olaraq, İdarədə diplomların tanınması prosesində obyektivlik vardı. Ən azından son dövrlər bu tendensiya müşahidə olunurdu. Yəni diplomların təsdiqinə çox ciddi baxılırdı. Bir çox insanlar sənədlərə baxılması, müsahibə prosedurunda neqativ halların olduğunu iddia edirdilər. Amma mən hesab edirəm ki, bu, belə deyildi. Mən İdarədə bu işlə məşğul olan, yüksək təhsil görmüş insanların bir hissəsini tanıyıram. Düşünmürəm ki, onlar hardasa şəffaflığın, ədalət prinsipinin pozulmasına yol vermiş olsunlar. Elə hallar olur ki, yüzlərlə tələbə oxuduğu ali məktəblərin tədris dilində adi məişət səviyyəsində belə danışa bilmir. Həmin tələbələr də diplomu təsdiq edilməyəndən sonra aləmə car çəkirlər ki, diplomların təsdiqlənməsində neqativ hallar var. Düşünürəm ki, İdarə nazirliyin tərkibində ola-ola bu sahədə öz funksionallığını qoruyub saxlaya bilmişdi”.
ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Təhsil eksperti Kamran Əsədov isə aparılan struktur islahatlarının əslində gözlənilən olduğunu söyləyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin tabeliyindəki bir çox qurumlar gözlənilən vəzifələri yerinə yetriməyiblər:"Prezident 2013-cü ildə Təhsil İnkişafı üzrə Dövlət Strategiyası qəbul etmişdi. Strategiyanın əsas istiqamətlərindən və hədəflərindən biri təhsilin əhatə dairəsini genişləndirmək, təhsilin əlçatanlığının təmin olunması idi. Təhsilin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmin olunması funksiyalarının birini həm də Akkreditasiya və Nostrifikasiya İdarəsi yerinə yetirməli idi. Əvvəllər belə qurum yox idi. Strategiyadan irəli gəldiyi üçün Təhsil Nazirliyinə tabe iki qurum - Akkreditasiya və Nostrifikasiya İdarəsi və Dövlət Peşə Agentliyi yaradıldı. Bəli, peşə təhsili sahəsində son 3 ildə çox ciddi işlər görülüb, islahatlar aparılıb. Akkreditasiya və Nostrifikasiya İdarəsinə gəlincə, bu qurumun fəaliyyəti iki hissədən ibarətdir”.
Картинки по запросу kamran əsədov

K. Əsədov deyib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin fəaliyyət istiqamətinə istər dövlət, istər özəl ali təhsil müəssisələrinin keyfiyyətinin 5 ildən bir yoxlanılması və onlara fəaliyyət lisenziyasının verilməsi daxil olub:"Biz görürük ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin akkreditasiyadan keçirdiyi universitetlərdə inkişaf, keyfiyyət artımı yoxdur. Deməli, bu qurumun akkreditasiya sahəsində fəaliyyəti o qədər də qənaətbəxş deyil”.

Təhsil eksperti uzun müddət ölkədə əsas narazılıqlardan birinin xaricdə təhsil alan azərbaycanlıların diplomlarının tanınması ilə bağlı olduğunu xatırladıb:"Təəssüf ki, çox ciddi şəkildə problemlər mövcud idi. Bəzən rüşvət halları, qanunsuzluq, incitmələr var idi. Hər il çoxsaylı insanlar müraciət edirdi və onların diplomlarının tanınması ilə bağlı problemlər ortaya çıxırdı. Əslində bu müddət ərzində Akkreditasiya və Nostrifikasiya İdarəsi bu problemi həll etməli idi. Elə çıxış yolu tapılmalı idi ki, insanlar xarici ölkədə təhsil alarkən onların diplomlarının tanınması asanlaşsın. Hazırda bu proses çox uzun çəkirdi. Hətta tanınmasından imtina olunmuş diplomla bağlı vətəndaş birinci instansiya məhkəməsinə müraciət edir, hətta məhkəmə müsbət qərar versə də, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi etiraz edirdi. Apelyasiya Məhkəməsinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə qədər proses davam edirdi. Hətta Avropa Məhkəməsinə qədər diplom məsələsi uzanırdı. Bu proses bu qədər uzanmamalı idi. Bu qurum sanki insanların diplomlarının tanınmasına kömək edəcək deyil, maneə olacaq bir qurum idi. Məsələn, 2018-ci ildə 1500-dən çox şəxsin diplomunun tanınmasından imtina olunub. Bu, kifayət qədər böyük rəqəmdir. Halbuki həmin insanlar 4 il əvvəl təhsil almağa getdikləri xarici ölkədən gətirdikləri sənədə görə hərbi xidmətdən möhlət hüququ alıblar. Qanunun biri digəri ilə ziddiyyət təşkil edidi. Onsuz da Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılana qədər bu funksiyanı Təhsil Nazirlyinin adi bir müvafiq şöbəsi yerinə yetirirdi. Bunun üçün ayrıca bir İdarə yaradılsa da, qarşıya qoyulan hədəflərə çatılmadı. Ona görə də Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib. O cümlədən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi bir-birlərini təkrar edən qurumlardır. Düzdür, onlar birləşdirildi, bu da əslində onların ləğvi deməkdir. Onsuz da bu gün eyni ixtisas üzrə kadrlar hazırlayan, bir-birini təkrarlayan universitetlərimiz var. O universitetlər birləşdirilməli, ləğv olunmalıdır ki, büdcə yüngülləşsin. Burada kiminsə iş yerini itirməsi ilə əlaqədar dövlət büdcəsini yükə salmaq olmaz. Faydalılıq əmsalı qeyd olunan qurumlarda çox aşağı idi. Həyata keçirilən təhsil islahatlarında bu qurumların nə qədər rolu və payı var? Yaxud təhsil problemlərinin azaldılması istiqamətində qeyd olunan qurumlar hansı işləri görüblər? Heç bir nəticə görə bilməyəcəyik. Məsələn, təhsil şöbələri Bakıda və rayonlarda ləğv olunmalıdır, heç bir rol və fəaliyyətləri yoxdur. Yaxud Ali Attestasiya Komissiyası ləğv edilərək, müdafiə şuraları universitetlərə verilməlidir. Bu, əlçatımlılığın və sosial rifahın təmin olunması üçün vacib nüanslardır. Bu gün təhsildə bir-birini təkrarlayan, eyni işi müxtəlif yerlərdə eyni ad altında görən qurumlar var. Təbii ki, bu, yaxşı hal deyil”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!