Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər

2019-01-25 13:25:50 / 2355 dəfə oxunub
"Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək".

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib

O bildirib ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da imzaladığı "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi. Yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq".

O əlavə edib ki, iyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur: "Eyni zamanda Ailə Məcəlləsinə təliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

Şöbə müdiri qeyd edib ki, uşaq övladlığa veriləndən sonra nəzarəti, övladlığagötürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək: "Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!