"Binanın qapılarının hamısına qıfıl vurulmuşdu" - Narkoloji Mərkəzdəki yanğınla bağlı təqsirləndirilən direktor

2019-01-31 16:09:57 / 1809 dəfə oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzinə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi - şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.

Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən müəssisənin direktoru T.Məmmədhəsənov bildirib ki, mərkəzdə xəstənin qəbulu, müalicəsinə nəzarət etmək onun işi olmayıb:

"Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər. Onların müalicələri başa çatanda da könüllü olaraq çıxıb gediblər. Məhəmmədin ailəsinin məcburi mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər? O zaman özümü günahkar bilərdim ki, mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Xəstəyə iynəni də mən vurum, müalicəni də mən aparım və sair".

Onun sözlərinə görə, yeni mərkəzin inşa edilməsi üçün özü müraciət edib: "Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi. İttihamda da göstərilib ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Belə olan halda, bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə həmin yanğından xilas olmaq mümkün deyildi. Çünkü bina köhnə və yararsız idi. Oranın 3 çıxış qapısı olub. Mən gələndə həmin yerə baxış keçirilib, hər 3 qapıya da qıfıl vurulub və növbətçi həkimə verilib. Hər dəfə də növbə dəyişəndə açar götürülüb. Ərazidə su çənimiz də olub".

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonhu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!