Masallıda dəm qazı faciəsi: Bir ailənin iki üzvü ölüb, biri ağır vəziyyətdir

2019-02-06 17:56:58 / 2437 dəfə oxunub
Masallı rayonunun Boradigah qəsəbəsində dəm qazından Nurullayevlər ailəsinin iki üzvü ölüb, birinin vəziyyəti isə ağırdır.

Bakı şəhərində yaşayan, 55 yaşlı Hənifə Nurullayev, onun həyat yoldaşı 45 yaşlı Elnurə Zülfüqarova və onların övladı 20 yaşlı Əli Nurullayev qəsəbədə olan evlərinə gəliblər.

Ailənin üzvləri uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü yolüstü İran İslam Respublikasının istehsalı olan qaz sobası alıblar. Sobanı evdə quraşdırıb, tüstü borusunu tüstü bacasına qoşaraq yatıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı evə dolub. Nəticədə, ailə üzvləri boğulub.

Nurullayevlərin qəsəbəyə gəlişindən xəbər tutan qohumları günorta saatlarında onların mobil telefonlarına zəng ediblər. Telefona cavab verilmədiyi üçün evə gələrək, qonşuların köməyi ilə balkondan mənzilə daxil olublar. Evə daxil olduqda isə Hənifə Nurullayevin və Elnurə Zülfüqarovanın öldüyü, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğu aşkarlanıb.

Əli Nurullayev Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, 20 yaşlı gəncin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar aparılır. (AzərTAc)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!