“İBSA Judo Gran-Prix Baku 2019” yarışında Azərbaycanı təmsil edən idmançıların adları dəqiqləşib

2019-04-03 15:16:40 / 3369 dəfə oxunub
"İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) məlumatına görə, 13-14 may 2019-cu il tarixlərindən Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib. 

MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək. 

İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan Komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Bunlar Murad Əliyev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq). 

Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımızı bunlardır:  Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq). 

Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan Bakı Qran-Prisində ən böyük nümayəndə heyəti ilə qatılacaq. 

İlqar Rəhimov "İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır. 

SOCAR və BP şirkətləri yarışın əsas tərəfdaşlarıdır. "Toyota” şirkəti yarışların rəsmi tərəfdaşıdır. 

Yarışın rəsmi dəstəkçiləri Bakı Nəqliyyat Agentliyi, "Coca-cola” şirkəti, ASAN Radio, İctimai TV (İTV), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "Şəms Group”tərcümə şirkətidir. 

Yarışların informasiya dəstəkçiləri "AzərTac”, "Trend” və "Report” informasiya agentlikləri və Milli.Az, Day.Az, Oxu.Az və Baku.News xəbər saytlarıdır. 
İTV yarışların final bloklarını canlı yayımlayacaq. Bundan əlavə İPPON TV yarışların bütün bloklarını canlı yayımlayacaq. 

İlqar Rəhimovun sözlərinə görə, para cüdo yarışlarında idmançıların tibbi klassifikasiyasının da vacib məsələ olduğunu qeyd edib: 

ABŞ, Braziliya, Nigeriya, Avstraliya, İsrail, Keniya və Almaniya kimi ölkədən 6 nəfər klassifikator gələcək. Beynəlxalq klassifikatorlar heyəti yarışa qatılan idmançıları tibbi müayinədən keçirəcək və onların para cüdo yarışları üçün uyğun olub-olmadıqlarını müəyyən edəcək. Klassifikasiyalar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq”, - o vurğulayıb.  

Təşkilat komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq. 
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!