İynə ilə 5 dəqiqəlik burun əməliyyatı?

2019-04-11 05:31:35 / 10933 dəfə oxunub
Amerikalı tədqiqatçılara görə, kiçik iynələrdən və elektrik cərəyanından istifadə edərək burun üzərində bir neçə dəqiqə çəkən sürətli "qeyri-cərrahi" əməliyyat aparmaq mümkündür.

Qulaq və ya burunun ucunda yerləşən və müəyyən dərəcədə elastikliyi olan qığırdaq strukturlarının forması EMR deyilən elektromexaniki üsulla dəyişdirilə bilər, alimlər bildirib.

ABŞ-ın Florida ştatında keçirilən elmi konfransda bildirilib ki, lokal keyləşdirmə vasitəsilə keçirilən bu cür əməliyyat xəstəni kəsik, tikiş və çapıqlardan qoruya bilər.

Yeni metodika hələ insan üzərində sınaqdan keçirilməyib.

Tədqiqatçılar EMR üsulunu heyvanlar üzərində sınaqdan keçiriblər. Belə ki, bu yolla dovşanın qulağının duruşunu dəyişmək mümkün olub.

Yeni üsul necə işləyir?
Müəyyən elastikliyi olan qığırdaq toxumaları nisbətən bərk zülal hissəcikləri və yapışqana bənzər zülallardan ibarətdir.

EMR üsulu tətbiq edilərkən həmin toxumalardan kiçik iynələr vasitəsilə elektrik cərəyan buraxılır, nəticədə, qığırdaq yumşalır.

"Toxuma yumşalandan sonra ona istənilən formaya salmaq olar", - tədqiqatçılar qrupunun üzvü doktor Michael Hill deyib.

Tədqiqatçılara görə, toxumanın forması dəyişdirildikdən sonra qığırdaq bir neçə dəqiqəyə bərkiyir və yeni görünüş alır.

Doktor Hill və Kaliforniya Universitetindən olan həmkarı professor Brian Wong qeyd ediblər ki, EMR üsulu ilə sərt vətər və ya göz almasının ön hissəsini örtən qişanın yaratdığı görmə problemi kimi hallar müalicə oluna bilər.

Uzun yol keçilməli
Swansea Universitetinin Tibb Məktəbindən professor Iain Whitaker hesab edir ki, yeni üsulun insan üzərində əməliyyatlarda istifadəsindən danışmaq hələ xeyli tezdir.

"Bu üsul işlək çıxsa, onu qulağın görünüşünü dəyişdirmək üçün tətbiq etmək olar, - deyən professor hesab edir ki, burun əməliyyatı üçün bu yol problemli ola bilər.- Burunun təxminən, üçdə biri sümükdür. Odur ki, bu üsuldan burunun uc hissəsində keçirilən əməliyyat üçün istifadə edilə bilər".

Alimlər yeni üsulun sınaqdan keçirilməsinin vacibliyini qeyd edirlər.

Burunda "adi" əməliyyatın hansı riskləri ola bilər?

Rinoplastika və ya burun formasının dəyişdirilməsi əməliyyatı ümumi anesteziya altında (xəstənin yuxuda olduğu halda) keçirilir.

Bu cür cərrahiyə əməliyyatı zamanı burundakı qığırdaq və sümüyün forması dəyişdirilə bilər, burunun üstündəki və ya içərisindəki dəri kəsilə bilər.

Burunun formasının dəyişdirilməsi üzrə cərrahiyyə əməliyyatının aşağıdakı fəsadları ola bilər:

daimi tənəffüs çətinliyi
burun dəlikləri arasında qığırdaqlı çəpər zədələnə bilər
iybilmə qabiliyyəti dəyişə bilər
burun qanaxması baş verə bilər
İstənilən cərrahiyyə əməliyyatının digər xoşagəlməz fəsadları da ola bilər:

kəskin qanaxma
qan damarlarında tromb əmələ gələ bilər
infeksiya
anesteziyaya orqanizmin allergik reaksiyası
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!