Əhaliyə ŞAD XƏBƏR: bu şəxslərə parklanma pulsuz olacaq

2019-04-24 10:34:38 / 3893 dəfə oxunub
Nazirlər Kabineti "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nı təsdiqləyib.

ONA-nın məlumatına görə, bu Qayda fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir.

Yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. Parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalardır. Pulsuz parklanma yerinin ayrılması təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılmasıdır. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi parklanma talonu verilir.

Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu alma göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun electron poçtuna dərhal məlumat göndərilir. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

- minik avtomobilinin istifadəçisi tərəfindən ərizə;

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti;

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;

- nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti.

Elektron müraciət edildikdə, nəzərdə tutulmuş sənədlərin skan edilmiş surəti tələb olunur. Bu halda həmin sənədlərin elektron formatda müraciətə əlavə edilməsi, habelə yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi və baxılaraq cavablandırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində və Bakı Nəqliyyat Agentliyinin informasiya sistemində texniki imkan yaradılır.

Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur.

Müraciət qəbul olunduqdan sonra 2 iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur.

Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə,nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən bu Qaydaya uyğun olaraq təkrar müraciət edilir və on nlara fərdi parklanma talonunun dublikatı verilir. Aşağıdakı hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir:

- nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə;

- fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə;

- fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.

Bu Qaydada göstərilmiş hallarda fərdi parklanma talonunun verildiyi şəxs dərhal fərdi parklanma talonunu verən orqana məlumat verməlidir. Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla). Talonun qüvvədəolma müddətinin bitməsinə azı 15 gün qalmış talonun sahibi bu Qaydaya uyğun olaraq yenidən müraciət edir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.

Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!