Nazirlikdən həyəcan təbili: Bu zavodlar və restoranlar Xəzəri çirkləndirir - SİYAHI

2019-05-02 10:18:39 / 2241 dəfə oxunub
Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq.Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbasa Xəzər dənizinə axıdılır”.

O qeyd edib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

ETSN rəsmisinin sözlərinə görə, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur. Çayların çirklənməsinə səbəb "Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır. O qeyd edib ki, "Aysberq” oteli, "Aysberq” pivə və "Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən "Malibu”, "Oberlyuks”, "Atlant”, "Mayak”, "Dənizçi”, "Lokomativ”, "Sunset”, "Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır.

"Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib”.

Ə.Həsənov aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini deyib.

"Tərəfimizdən monitorinqlər davam etdirilir və müvafiq tədbirlər görülür. Lakin, inzibati məsuliyyətə cəlb etməklə də iş bitmir. Bir daha obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa çağırırıq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!