"Yeni iqtisadi inkişaf modeli Azərbaycanın qüdrətini daha da artıracaq"

2019-05-03 11:39:38 / 2792 dəfə oxunub
"Azərbaycan inamlı inkişafını 2019-cu ilin birinci rübündə də davam etdirib. Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 30-da keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı bildirib ki, birinci rüb ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, bu dövrdə qarşıya qoyulan bütün vəzifələr icra olunub, büdcəyə 200 milyon manat əlavə daxilolmalar baş verib. Bu fakt göstərir ki, Azərbaycan inkişaf və tərəqqi, sabitlik ölkəsidir. Onun sözlərinə görə, Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür ki, burada iqtisadi güc amilinin önəmini xüsusi vurğulamaq lazımdır.
"Respublikamızda davamlı olaraq qarşıya yeni inkişaf hədəfləri qoyulurkən ilk növbədə ölkənin iqtisadi potensialı əsas götürülür. Xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Son 15 ildə respublikamızda milli inkişafın real əsaslarının yaradılması - güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib. Belə ki, qlobal miqyasda meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun şəkildə genişmiqyaslı islahatlar aparılıb, iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təminatı möhkəmləndirilib. Eyni zamanda, Azərbaycan regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir. Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı səciyyə daşıyır. Ölkəmiz inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində respublikamızın cari ilin birinci rübündə də uğurlu sosial-iqtisadi inkişaf göstəricilərinə nail olmasını xüsusi diqqətə çatdırıb. Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu bildirib. Qeyd olunduğu kimi, bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bütün bunlar ölkəmizin dinamik inkişafının əyani göstəriciləridir”-deyə, deputat vurğulayıb.
E.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı yeni iqtisadi inkişaf modelinin hazırlanması anonsunu verib. Şübhəsiz ki, yeni iqtisadi inkişaf modeli Azərbaycanın qüdrətini daha da artıracaq.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!