Avtoservisdə avtomobili yandı, 40 minlik ziyanı müstəntiq necə ört-basdır etdi?

Polis müstəntiqi prokurorluğun qərarını saymadığını necə sübut etdi?

2019-05-22 13:49:25 / 1776 dəfə oxunub

Bakı şəhər sakini Vəli Kərimli onun maşınını yandıran «MAD» avtoservisin sahibi Oruc Əsədbəylinin cəzasız qalmasından, üstəlik ona vurulmuş ziyanın ödənilməməsindən narazıdır. Prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova, Baş Prokurorluğun İdarə rəisi Kamal Qılıcova yazdığı şikayət ərizələrində V.Kərimli Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mircavadlı Ceyhun Rasim oğlunun qanunsuz qərar qəbul etməsini, Xətai rayon prokurorunun işə laqeyd, qeyri-obyektiv baxmasını bildirir. Müstəntiq V.Kərimlinin avtomobilnin yanmasında təqsiri olan «MAD» avtoservisin icarəçisi Əsədbəyli Oruc Möhsüm oğlunu məsuliyyətdən yayındırmaq üçün qanunsuz qərar qəbul edib. V.Kərimlinin şikayəti Xətai rayon prokurorluğunda təmin olunub, müstəntiq C.Mircavadlının qərarı ləğv edilərək, Polis İdarəsinə işin təkrar araşdırılması tapşırılıb. Xətai RPİ-nin baş müstəntiqi C.Mircavadlı yalnız əvvəlki qərarın tarixini dəyişərək, qalan bütün mətnini olduğu kimi "copy past”la yeni qərara köçürməklə sanki Prokurorluğa "mən heç kimi saymıram” mesajını verib. Hadisə barədə məlumat verən V.Kərimli bildirib ki, «Cadiliac Escalade» markalı avtomaşını 04.11.2018-ci ildə kimyəvi təmizləmə üçün Xətai rayonu Neapol küçəsi 43 ünvanda yerləşən «MAD» avtoservisi işlədən Oruc Əsədbəyliyə verilib. O.Əsədbəyli avtomaşının salonunu təmizləyib noyabrın 8-də təhvil verməliydi. Noyabrın 8-də səhər saat 6-da V.Kərimliyə zəng vuran polis əməkdaşı maşının «MAD» avtoservisin qarşısında yandığını deyib. Hadisə yerinə çatanda V.Kərimli maşının salonunda yanğının yanğınsöndürmə xidməti tərəfindən söndürüldüyünü görüb. İlkin araşdırmada məlum olub ki, maşının salonunu təmizləyən O.Əsədbəyli gecə vaxtı avtomaşının mühərrikini işlək vəziyyətdə qoyaraq evə gedib. Küçədə yanan avtomobili ərazidə xidmət keçən polis əməkdaşları görüb, yanğın xidmətini çağırıblar və hadisə barədə ona məlumat veriblər. V.Kərimli Xətai rayon prokurorluğuna müraciət edərək avtomobilin yanmasında təqsiri olan O.Əsədbəylidən şikayət edib. Hadisə əvvəlcə Xətai rayon Polis İdarəsində araşdırılıb, sonradan FHN-nin istintaq idarəsinə göndərilib. FHN-nin istintaq idarəsinin təyin etdiyi ekspertiza nəticəsində avtomaşının mühərrikinin işlək vəziyyətdə qalaraq cihazlar panelinin qızmasından yandığına dair rəy verilib. Bundan sonra iş araşdırılması üçün təkrar Xətai rayon Polis İdarəsinə göndərilib. Uzun müddət zərərçəkənə araşdırma barədə məlumat verilməyib, nəhayət, müstəntiq Ceyhun Mircavadlı O.Əsədbəylinin təqsiri olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunmasına dair 17 mart 2019-cu il tarixdə qərar qəbul edib. Qeyd edək ki, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyi ilə avtomobilin yanmış hissələrinin bərpası üçün 40.420 manat vəsait tələb olunduğu göstərilir. V.Kərimliyə 40.420 manat zərər dəyib, O.Əsədbəyli yanğının baş verməsində səhlənkarlığını etiraf edir. Xətai Prokurorluğu müstəntiqin qərarını qanunsuz olduğuna görə ləğv etmiş, yenidən araşdırılması göstərişini vermişdir. Xətai RPİ-də təkrar araşdırmanın yenə də eyni müstəntiqə tapşırılması burada xüsusi maraqların olduğunu istisna etmir. Həqiqət budur ki, O.Əsədbəyli avtomaşının salonunu, elektron cihazlar panelini kimyəvi maddələrlə təmizlədikdən sonra mühərriki işlək vəziyyətdə küçədə nazərətsiz qoyaraq evinə gedib. Mühərrikin uzun müddət fasiləsiz işləməsindən cihazlar panelinin qızması ilə salonda olan kimyəvi maddə yanğına səbəb olub. Müstəntiq isə bu həqiqəti ört-basdır edərək, prokurorluğun qərarını da saymadan, O.Əsədbəylini «təqsirsiz» elan edib. Halbuki, müstəntiq «MAD» avtoservisin icarəçisi O.Əsədbəylinin hərəkətlərində yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq (CM-in 314.1-ci maddəsi), əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-in 186-cı) və ya əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə (CM, 187-ci) əlamətlərinin olmasına dair araşdırma aparmamış, bu maddələrdə nəzərdə tutulmuş cinayət tərkibli əlamətlərin mövcudluğu baxımından O.Əsədbəylinin təqsirli hərəkətlərinə heç bir hüquqi qiymət verilməmişdir: «…Cəzasızlığın və arxayınlığın nəticəsidir ki, avtomobilimin yandığı «MAD» avtoservis O.Əsədbəylinin rəhbərliyi ilə heç bir yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, yanğına, partlayışa qarşı tədbirlər görülmədən fəaliyyətini davam etdirir. O.Əsədbəyli Xətai RPİ-nin Baş müstəntiqinin və Xətai rayon prokurorluğunun onun cinayətinə, növbəti təhlükəli əməllərinə göz yummasına o qədər arxayındır ki, bunu başqalarının yanında danışmaqdan da çəkinmir. Bu arxayınçılıq mənə dəymiş ziyanın ödənilməməsi, təqsirkarın cəzalandırılması ilə yanaşı, daha ağır nəticələrə də səbəb ola bilər. Bu yaxınlarda Nizami rayonunda «Diqlas» ticarət mərkəzində baş vermiş yanğın çoxsaylı sahibkarlarla yanaşı, dövlətimizə də külli miqdarda zərər vurulması ilə nəticələnmişdir. Həmin yanğın hadisəsinin də kiçik bir obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, səhlənkarlığın nəticəsi olduğu bəyan edilmişdir. 08.11.2018-ci il tarixdə O.Əsədbəylinin səhlənkarlığı səbəbindən avtomobilimin yanmasını ərazidə olan polis əməkdaşları vaxtında aşkar etməsəydilər, bu hadisə daha böyük fəsadlara səbəb olardı. Bu cür təhlükəli, səhlənkarlıq cinayətinin cəzasız qalmasına, ört-basdır edilməsinə yol verilməsi mənim bir vətəndaş kimi dövlətimizə, qanunlarımıza, tühləksizliyimizin təminatına inamımı sarsıtmağa yönəlmişdir.» V.Kərimli Prezident İlham Əliyevə, Baş prokuror Z.Qaralova, Prezidentin köməkçisi F.Ələsgərova ərizələrində O.Əsədbəylinin qərəzli səhlənkarlığı ilə avtomaşının yanması nəticəsində yararsız hala düşməsi, ona 40.420 manat ziyan dəyməsinə görə şikayətinin obyektiv araşdırılmasına, işin Xətai RPİ-dən alınaraq başqa müstəntiqin araşdırmasına verilməsinə, təqsirkar şəxslərin cəzalandırılmasına dair obyektiv qərar verəcəyinə ümid etdiyini bildirir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!