Çimərlik mövsümünə nə qədər hazırıq?-REPORTAJ

Akşin Əlili: “Xidmətin nəzdində çimərliklərin istismarına nəzarət şöbəsi yaradılıb”

2019-05-25 11:37:31 / 4706 dəfə oxunub

İyun ayının 15-dən etibarən çimərlik mövsümünə rəsmən start verilir. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümündə vətəndaşların xoşagəlməz hallarla üzləşməməsi, mavi Xəzərdə bədbəxt hadisələrin qarşısını alınması üçün tədbirlərə start verib. May ayının qızmar günəşi altında fəaliyyət göstərən xilasedicilər, dalğıclar və ümumiyyətlə xidmətin əməkdaşları məlumat lövhələrinin qurulması, yenilənməsi, dəniz dininin təmizlənməsi, təhlükəsizliyin təmin olunması yönündə işlər aparır.



SABAHİNFO.AZ saytı olaraq Bakının Türkan Çimərliyində görülən işlərlə yerində tanış olmaq üçün sözügedən ərazidə olduq. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Akşin Əlili ilə "Azərbaycan” Nəşriyyatından Türkan Çimərliyinə qədər etdiyimiz söhbət əsnasında məlum oldu ki, hazırda mövsümə hazırlıq işləri plana uyğun olaraq həyata keçirilir. Çimərlik ərazilərində çalışan işçilər isə iyun ayının 10-dan etibarən xidmət rəisinin müvafiq əmri ilə gücləndirilmiş iş rejiminə keçirilir.

A.Əlili deyir ki, ümumilikdə Azərbaycanda çimərlik ərazilərində bədbəxt hadisələrin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərin ən önəmlisi maarifləndirmədir. İlk öncə çimərlik ərazilərində məlumat lövhələri qurulur. Bu lövhələrdə bir sıra nüanslar öz əksini tapır: "Bu lövhələr Nazirlər Kabinetinin 216 salyı qərarına əsasən, su obyektlərindən istirahət və idman üçün əsasnamənin 2.6-cı bəndində çimərliklərin təşkili, saxlanılması və istifadəsi qaydalarına uyğun olaraq hazırlanır. Lövhələrdə "Küləkli havada dənizə girmək qadağandır!” ifadəsi var. Bu, küləyin sürəti 10 M/saniyədən çox olduğu təqdirdə tətbiq olunur. Eyni zamanda lövhələrdə "Spirtli içki qəbul edib dənizə girmək qadağandır!”, "Çimərlik ərazisini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!”, "Çimərlik ərazisində balıq ovlamaq qadağandır!”, "Çimərlik ərazisində quraşdırılan qurğuların, xüsusi nişanların üzərinə çıxıb suya baş vurmaq qadağandır!”, "Çimərlik ərazisində xüsusən 13 yaşdan aşağı olan uşaqları nəzarətsiz qoymaq qadağandır!”, "Çimərlik ərazisində məhdudlaşdırıcı nişanları ötüb keçmək qadağandır!” kimi məlumatlar öz əksini tapır”.

Xidmət sözçüsü onu da dedi ki, çimərlikdə istirahət 9:00-dan 20:00-a qədər təhlükəsizdir. Eyni zamanda "Qızmar günəş altında fasiləsiz olaraq dayanmaq qadağandır”! kimi maarifləndirici lövhələr də çimərliklərdə quraşdırılır.

Ümumilikdə maarifləndirici lövhələrin xidmət işinin təşkilində mühüm rol oynadığını bildirən A.Əlili vətəndaşları lövhələrdə yer alan məlumatlara və ən əsası nəzarətçilərin çağırışlarına əməl etməyi tövsiyə edib.

O, həyata keçirilən maarifləndirmə işinin Bakı Metropolitenində və Bakı Nəqliyyat Agentliyinin çimərlik əraziləri üzrə hərəkət edən marşrutlarda çimərliklərdə təhlükəsizlik və davraniş qaydaları haqqında məlumatların yerləşdirilməsi üçün artıq məktublar göndərilib.

İşçi heyətinin təkmilləşdirilməsindən danışan həmsöhbətim qeyd etdi ki, xidmətin daha keyfiyyətli təşkili üçün matros xilasediciləri üçün müsabiqə elan olunub. Müsabiqəyə adətən həqiqi hərbi xidmət keçmiş, yaşı 18-40 arası və üzmək bacarığı olanlar dəvət olunur. Müsabiqədən uğurla keçmiş şəxslər xidmət tərəfindən 1 həftəlik kurslara cəlb olunur. Bu kursu da uğurla başa vuran matros xilasedicilər xüsusi sertifikatla təmin olunaraq xidmətə buraxılırlar. Onların vəzifəsi hər hansı suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsi sudan çıxarmaq, maarifləndirici lövhələrin tələblərini onların diqqətinə çatdırmaqdır.


Ümumi işin təşkili məsələsinə toxunan A.Əlili bildirdi ki, xilasedicilər yalnız özləri üçün ayrılmış ərazidə həm vizual, həm də məhdudlaşdırıcı nişanların dənizə doğru hissəsində su nəqliyyat vasitəsi ilə hərəkət edəcərək müşahidə aparırlar: "Məhdudlaşdırıcı nişanlar 1, 75 hündürlükdə quraşdırılır. Bəzi hallarda çimərlik ərazisində olan gənclər bu nişanları ötüb keçmək istəyir. Hətta bunu özləri üçün fəxr hesab edirlər. Belə olan halda ərazidə xidmət aparan nəzarətçi həmin şəxsləri məlumatlandırır. Bəzi halalrda isə xilasedicilərlə mübahisələr olur, xidmət əməkdaşları təhqirlərə məruz qalır. Vəziyyət çətinləşəndə Post Patrul Xidmətinə müraciət olunur. Və həmin şəxs çimərlik ərazisindən uzaqlaşdırılır”.

Ölkə üzrə ümuimən 35 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış quruplarının xidmət göstərdiyini qeyd edən A.Əlili bu xidmətin Bakı ilə yanaşı regionlarda da eyni qayda ilə həyata keçirildiyini bildirdi: " Ötən il yeni 10 ədəd xilasedici qayıq, 40 dərs dalğıc avadanlıqları, xidmətin balansına verilib. Texnika və vasitələri ilə tam formalaşdırılıb. Biz 2018-ci ilin sonunda suda baş vermiş bədbəxt hadisələrin təhlilini apardıq və təhlil nəticəsində muəyyən etdik ki, bəzi ərazilər var ki, o ərazilərdə xilasetmə texnikaları yoxdur. Həmin ərazilərə ən yaxın məntəqələrimiz uzaq olduğundan ölümlə nəticələnən bədbəxt hadisələr baş verir. Hazırda əlavə olaraq Şüvəlanda 2 xilasetmə məntəqəsi, Astarada 1 xilasetmə məntəqəsi, Səmkir rayonunda 1 dalğız axtarış qrupu fəaliyyət göstərir. Ümumiyyətlə, onu qeyd edim ki, bu işlərin həyata keçirilməsi nəticəsində indi 50 metrdən bir  1 nəzarətçi var. Bir məsələni xüsusi qeyd etmək istəyirəm: biz çimərlik mövsümünə öz xidməti ərazilərimizdə sualtı baxışlar həyata keçiririrk. Bildiyiniz kimi, Xəzər dənizində olan güclü küləklər nəticəsində dalğalar dənizin dibində yarğanlar, dəliklər əmələ gətirir. Bizim dalğıclar həmin əraziləri xüsusi nişanlarla nışanlayırlar. Özəl çimərliklərdə belə bir baxış həyata keçirilmir deyə həmin ərazilərdə bədbəxt hadisələr baş verir. 2018-ci ildə 73 ölüm hadisəsi nəzarətsiz və özəl çimərlik ərazilərində baş verib. Bizim xidməti ərazilərdə bir dənə olsun ölüm hadisəsi baş verməyib”.

A.Əlili xidmətin çətinliklərindən danışıb. Bildirib ki, işə ən böyük maneə içkili vətəndaşlar tərəfindən yaradılır. Belə ki, içkili vətəndaşlar nəzarətçilərin sözünə, nişanların üzərində olan məlumatlara riayət etmir.

Türkan Sularda Xilasetmə Məntəqəsinin rəisi Amil Qədirov ərazidə 2005-ci ildən fəaliyyət göstərdiyini bildirdi. Onun sözlərinə görə, xidmət etdiyi müddətdə bu çimərlikdə heç bir bədbəxt hadisə baş verməyib. İşə böyük həvəs və coşğu ilə yanaşan A.Qədirov işçi heyətinin fəaliyyətinə şəxsən nəzarət edir, tapşırıq və tövsiyələrini verirdi.

Sonda onu da bildirək ki, artıq özəl çimərliklərdən olan  Amburan və Bilgəh Beach çimərlikləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə çimərlik ərazisində təhlükəsizliklə bağlı əməkdaşlıq haqqında sənəd imzalayıb. Yaxşı olar ki, digər özəl çimərliklər də bu kimi əməkdaşlığa hazır olsunlar.

 

Ədil Ədilzadə

SABAHİNFO.AZ


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!