İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB

2019-06-10 14:59:22 / 1287 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı "Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğuladı. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirdi.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd etdi. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğuladı. Tomas Vonyer nümayəndə heyəti adından "Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirdi. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlətimizin başçısına çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd etdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!