Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

2019-06-24 15:50:10 / 1363 dəfə oxunub

Prezident İlham Əliyevin iyunun 20-də həyata keçirdiyi kadr dəyişiklikləri gündəmin ən çox müzakirə olunan mövzularından biridir.
Prezidentin imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini,general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəistəyin edib.

Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarında çalışmış, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz QənizadəModern.az-ın Dövlət Təhlükəsizlik Xidmətindəki təyinatla bağlı suallarına ətrafı cavab verib.

Ç.Qənizadənin sözlərinə görə, 2005-2015-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dövründə bütün peşəkarlar xüsusi xidmət orqanlarından kənarlaşdırıldı:

"Eldar Mahmudov Əli Nağıyevin yerinə özü ilə əvvəllər polis orqanlarında çalışmış insanları gətirməklə sanki dövlət təhlükəsizliyi ilə deyil, OBXSS fəaliyyəti ilə məşğul olmağa başladı. Nəhayət, sahibkarlara, iş adamlarına əziyyət verən qurumun rəhbərliyi 10 ildən sonra dəyişdirildi. Mədət Quliyevin bu quruma rəhbər təyin edilməsi ilə orada yenidən canlanma baş verdi. Mədət Quliyevin rəhbərliyi ilə bu qurumda formalaşmış cinayətkar ünsürlər kənarlaşdırıldı və yavaş-yavaş əvvəllər burdan qovulmuş peşəkar çekistlərin DTX-ya gətirilməsi prosesinə başlanıldı. Deyərdim ki, Mədət Quliyevin rəhbərliyi dövründə bu qurum tam olaraq üzərinə düşən işlə məşğul oldu. Bu sahədə arzu etdiyimiz bütün islahatların başlanmasının şahidi olduq”.

"Əli Nağıyev OBXSS işçisi deyil”

Müsahibimiz sualımıza gülə-gülə cavab verərək deyib ki, Əli Nağıyev OBXSS-də işləməyib:


"Sualınıza cavab olaraq qeyd edim ki, həm Daxili İşlər Nazirliyində, həm də DTX-da kadr dəyişikliyi olub. DTX-da aparılmış kadr dəyişikliyi ilə bağlı bildirmək istəyirəm ki, Əli Nağıyev OBXSS-də işləməyib. Hesab edirəm ki, uzun illər təhlükəsizlik xidmətində çalışmış, sıravilikdən general rütbəsinə qədər bu qurumda fəaliyyət göstərmiş əsl professionalın rəhbərliyə gətirilməsi normal haldır. Ümid edirəm ki, Mədət Quliyevin dövründə bu qurumda başlanmış uğurlu islahatlar Əli müəllimin dövründə daha da dərinləşəcək və genişləndiriləcək. Bu qurum öz tarixinə nəzər salaraq sırf dövlətimizin təhlükəsizliyi ilə məşğul olan qurum kimi fəaliyyətini davam etdirəcək”.

Təkəbbürdən uzaq olan sadə insan...

Çingiz Qənizadə Əli Nağıyevlə tanışlıqlarından da söz açıb:

"Əli müəllimi hələ 1990-cı illərdən tanıyıram. O zaman DTX-nın Nərimanov şöbəsinə rəhbərlik edirdi. Peşəkar olmaqla yanaşı, olduqca ədalətli və haqsızlığa qarşı barışmaz mövqe nümayiş etdirən məmurdur. O bu fikirlərimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olduğu dövrdə də bir daha sübuta yetirib. Əli müəllim dövlətin maraqlarını hər şeydən üstün tutan şəxsiyyətdir. Təkəbbürdən uzaq olan sadə insandır. Əli Nağıyevin yenidən DTX-da rəhbər vəzifəyə gətirilməsi təkcə bizim yox, həm də bu qurumda çalışan əsl professionalların sevincinə səbəb olan məqamlardan biridir. Çünki vaxtilə Əli Nağıyev də EldarMahmudovun təzyiqləri vasitəsilə bu qurumdan kənarlaşdırılmışdı. Bunun da yeganə səbəbi o idi ki, Əli Nağıyevin professional olması qeyri-professional nazir və onun cinayətkar komandasını qane etmirdi. Əli Nağıyev bu qurumun sırf dövlət təhlükəsizliyi işləri ilə məşğul olmasına çalışsa da, cinayətkar komanda başqa işlərlə məşğul olurdu. Zaman göstərdi ki, Əli Nağıyev haqlıdır”.

"O, vətən və xalq maraqlarını üstün tutan şəxsdir”

Parlament üzvü həmin dəstənin ifşasından sonra yenidən Əli Nağıyevin bu quruma gətirilməsinin olduqca müsbət təyinat olduğunu qeyd edib:


"Əli müəllim vaxtlə Azərbaycan torpaqlarının işğalına qalxmış erməni cinayətkarlarına qarşı cəbhə bölgələrində, səngərlərdə vuruşmuş əməkdaşlardan biridir. O həm milli, həm dövlət, həm də vətən maraqlarını hər şeydən üstün tutaraq lazım gələndə sinəsini qabağa verməyi bacaran generallarımızdan biridir. Əli müəllimə, dövlətimizin təhlükəsizliyi və maraqları naminə çətin və şərəfli işlərində uğurlar arzulayıram”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!