Çayçılığn inkişafına əlavə investisiya cəlb edilməlidir

2019-06-16 17:05:40 / 850 dəfə oxunub
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır. Prezident İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam ölkədə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi daşıyır.

Yeri gəlmişkən xatırladaq ki, sözügedən Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Dövlət Proqramında "Çayçılığın inkişafının əsas istiqamətləri” bölümündə, çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması nəzərdə tutulur. Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında göstərilir ki, yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi ön plana çəkilməlidir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər. Bu tədbirlərə güzəştli şərtlərlə texnika, güzəştli kreditlər daxildir.

Lakin mütəxəssislər hesab edirlər ki, dövlətin dəstəyindən başqa, bu sahəyə əlavə investisiyaların cəlb olunması önəmlidir. Bu istiqamətdə bir müddət əvvəl təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” böyük önəm daşıyır. Nəzərə almaq lazımdır ki, fermer təsərrüfatları həmişə xammalın satılması problemilə üzləşirlər. Bu problemin aradan qaldırılması məqsədilə iri şirkətlər çay istehsalçılarını gübrə ilə, digər istehsal vasitələri ilə təmin olunması məsələsini həll edir, fermerlər isə şirkətləri xammalla təmin edirlər. Lakin logistika məsələsi, məhsulun satıcıya çatdırılması, qablaşdırılması və sair məsələlər var ki, onların həlli müəyyən kapital tələb edir. Burda böyük investisiyaların cəlb edilməsi, dövlət və özəl sektor arasında əlaqələrin formalaşması məsələsi də var. Təbii ki, dövlət bütün bu məsələləri öz üzərinə götürə bilməz. Odur ki, ölkədə çayçılığn inkişafına nail olmaqdan ötrü bu sahəyə investisiyaların cəlb edilməsinə ehtiyac var. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində böyük nailiyyətlər əldə olunub: 

"Regionlarda infrastruktur problemi, fasiləsiz enerji təminatı və s. kimi ciddi problemlər artıq öz həllini tapıb. Növbəti mərhələdə prioritet hədəf regionlarda aqrar sahənin inkişaf etdirilməsidir. Bu baxımdan hər bir regionun xüsusiyyəti nəzərə alınır. Vacib kənd təsərrüfatı məhsullarının becərilməsi ilə daxili bazar yerli məhsul hesabına təmin ediləcək. Bu çox mühüm məsələdir. Eyni zamanda, rəqabət qabiliyyətli məhsulların ixracı üçün geniş imkanlar var. Və cənub zonasında çayçılığın və çəltikçiliyin inkişafı üçün münbit şərait var. Bu sahə artıq ənənəvi sahəyə çevrilib. Yəni sovetlər dönəmindən çayçılıqla bağlı fəaliyyətlər olub. İndi isə dövlət proqramı səviyyəsində çayçılığın inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu, həmin sahəyə elmi və sistemli şəkildə olan yanaşmanın göstəricisidir. Burada əsas məqsəd məhsulun dünya bazarlarına çıxarılması və rəqabət qabiliyyətinin artırılmasıdır. Atılan bu addım ilk növbədə iqtisadiyyatımızın inkişafına ciddi təsir edəcək. Həmçinin yeni iş yerlərinin yaradılmasına və ölkəyə valyuta axınına səbəb olacaq”.

Abbas

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!