Prezident fransalı naziri qəbul etdi

2019-07-29 11:00:08 / 1567 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən  məlumat verilib.

Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırdı. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğuladı. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulandı, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparıldı.

Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edildi.

Dövlətimizin başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!