Cayçılığın inkişafında dünya təcrübəsi nəzərə alınmalıdır

2019-06-18 15:45:13 / 1314 dəfə oxunub
Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar özünü kənd təsərrüfatı sahələrinin, o cümlədən çayçılığın inkişaf etdirilməsində də göstərir. Belə ki, çayçılığın inkişaf etdirilməsi hazırda işsizliyin qismən də olsa aradan qaldırılmasına imkan verir. Buna nail olunmasının yeganə yolu çayçılığın inkişafı ilə bağlıdır. Bəs, bu sahənin inkişafına necə nail olmaq mümkündür? Aqrar elmləri üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev qeyd edib ki, çayçılıqda yeni təsərrüfatçılıq sistemini yatarmaq qarşıda duran başlıca vəzifədir. Bu sistem nəticəli və səmərəli uzun müddət stabil fəaliyyət göstərən əsasda, milli ənənələrə və xüsusiyyətlərə cavab verən və yaşıl çay yarpağı istehsalında ən yaxşı dünya təcrübələri nəzərə alınmaqla yaradılmalıdır. Belə bir vəzifəni yalnız taktiki problemləri birləşdirməklə, yaşıl çay yarpağı istehsalçılarının, dövlət, kommersiya və bank strukturlarının qarşılıqlı əlaqəli fəaliyyəti ilə həyata keçirmək mümkündür. Fermerlərin sonrakı səmərəli fəaliyyətini şərtləndirən əsas məsələlərdən biri onların yüksək məhsuldar, xəstəlik və ziyanvericilərə davamlı çay sortları tingi haqqında məlumatın olmasıdır. Fermer bilməlidir ki, bir dəfə salınan çay plantasiyaları 70-80 il istifadə edilir. Bitkinin torpaq mühitinə olan münasibəti, sortun morfoloji-bioloji xüsusiyyətləri nəzərə alınmadan əkilmiş çay şitilləri heç də əkildikdən sonra dərhal tələf olmur. Bu, bəzən plantasiya salındığı vaxtdan 5 və hətta 10 il sonra baş verə bilər ki, nəticədə sərf edilmiş əməyə görə fermer ziyan çəkmiş olur. Lənkəran düzənliyinin sarı-qleyli torpaqlarda (qrunt suyu yuxarı olan sahələrdə) qələviləşməyə, bataqlıqlaşmaya və su eroziyasına meylli olduğundan çay bitkisinin daha çox saçaqlı kökə malik olması üçün veqetativ artırma üsullarından istifadə olunmalıdır. Çünki mövcud bu kimi çay plantasiyalarında seyrəklik artmış, yüksək rütubət şəraitində çay kollarında-budaqlarda göbələk xəstəlikləri, mamır və şibyələr üstünlük təşkil edib bitkiləri qurudub sıradan çıxarmışdır. Bu baxımdan məhsuldarlığı artırmaqdan ötrü klon seleksiyası ilə yaradılmış yeni sortlar və yerli torpaq-iqlim şəraiti nəzərə alınmaqla işlənmiş xüsusi yeni becərilmə texnologiya elementləri və torpağın mineroloji tərkibi üçün hazırlanan texnoloji paketlər çayın yetişdirilməsinin aqroekoloji tələblərinə tam uyğun olmalıdır. Məqsədyönlü çay sortlarının seçilməsi və məhsuldarlığın artırılması sahəsində aparılan tədbirlər çayçılığın inkişafının intensivləşdirilməsi işində keyfiyyətcə yeni mərhələdir. Çay istehsalının intensivləşdirilməsində və həyata keçirilməsində kənd təsərrüfatı kooperativləri mühüm rol oynayır. Kooperativlər məhsulların emal olunmasında və satılmasında maddi-texniki təchizat sisteminin üstünlüklərindən istifadə etməkdə daha məqbul formadır. Kooperativ təsərrüfatları güzəştli vergi ödənişlərinə malikdir. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinin kreditləşməsinə aid dəqiq sistem yaradılıb. Kənd təsərrüfatı istehsalı həmin sistem üzrə nizamlanır. Quraqlıq keçdikdə, daşqın baş verdikdə, yaxud başqa təbii fəlakət nəticəsində təsərrüfatlara dəyən ziyan kənd təsərrüfatı fondlarının sığorta krediti hesabına ödənilir. Buna görə də kənd təsərrüfatına və həmçinin çayçılığın inkişafına ayrılan büdcə vəsaitinin istiqaməti və miqdarı, dotasiyanın səviyyəsi, məhsulların ixrac edilməsinə maliyyə yardımı, məhsulların qiymətləri və s. aqrar kooperativlər və hökümət nümayəndələri arasında aparılan danışıqlarla həll edilsə, bu daha səmərəli olardı. Yaşıl çay yarpağı məhsulunun qiymətinə göstərilən büdcə köməkliyinin səviyyəsi çayçılığın dövlət tərəfindən tənzimlənməsini xarakterizə edən mühüm göstəricidir. Büdcə köməkliyi ilə istehsalın və satışın həcmi tənzimlənir, qiymətlər vasitəsilə fermerlərin gəlirinə təsir göstərilir, kredit və vergi vasitəsilə istehsal xərcləri aşağı salınır. Yardım yalnız ölkə üzrə çayçılıq proqramlarının həyata keçirilməsində iştirak edən fermerlərə verilməlidir. Çayçılıqla məşğul olan inkişaf etmiş ölkələrdə yaşıl çay məhsullarının qiymətlərinə ölkələr üzrə milli orqanlar tərəfindən nəzarət olunur, tələb və təklif arasında balans saxlamaqla bazar sağlamlaşdırılır və bazar qiymətləri müəyyən hədd daxilində tənzimlənir. Bununla belə bazarda vahid qiymətlərin tətbiqi ilə tələb və təklif üzrə sərbəstlik ləğv edilmir."İxraca Yardım Fondu”nun yaradılması bu sahədə yaşıl çay yarpağı məhsulu və sitrus meyvə istehsalçılarının və onun marketinqi ilə məşğul olanlar üçün böyük perspektivlər açır. Bu tədbirlər yaşıl çay yarpağı və sitrus meyvə emalı sahəsində istehsalçı fermer təsərrüfatları ilə emal müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə köməklik göstərəcək. Çay və sitrus meyvə istehsalı və onun inkişafı sahəsinə investisiyalar üzrə kredit təminatı Dövlət Fondu tərəfindən aparılmalıdır. Fond sahibkarların fəaliyyətində kommersiya banklarının iştirakının formalaşdırılmasına və kreditlər üzrə faizlərin azaldılmasına kömək etməlidir. Lənkəran bölgəsində İxraca Yardım və Ticarətə Kömək Agentliyinin təşkili çayçılığın və sitrusçuluğun inkişafında, emalı sənayesində fermer və sahibkarlar üçün mühüm töhfə verə bilər. Mövcud vəziyyəti yaxşılaşdırmaq üçün uzunmüddətli, güzəştli kredit və qrantların verilməsi, yüksək məhsuldar, universal yeni texnikaların alınması, onların özəl texniki servis müəssisələrində cəmləşdirilməsi nəzərdə tutulmalıdır. Emal müəssisələrinin tam fəaliyyəti əhali arasında işsizliyin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Bu zaman kənd təsərrüfatı məhsulları idxal olunmur, çünki öz potensialımız bu məhsullara olan təlabatı ödəməyə imkan verir. Ölkəmizdə mülkiyyətin bütün formalarından istifadə olunması üçün müvafiq şəraitin yaradılmasına baxmayaraq çayçılığın inkişafı üçün məhsuldar qüvvələrin yerləşməsinin (maşın traktor parkı, kimyəvi mühafizə vasitələri və s.) yeni konsepsiyası işlənib hazırlanmayıb. Hazırda keçmiş işlərin müsbət təcrübələrini yeni dövrün çayçılığın inkişaf konsepsiyası ilə əlaqələndirməklə kəndtipli yaşayış məntəqələrinin iqtisadi və sosial həyatlarını formalaşdırmaq mümkündür. Bu da yerli əhalinin yeni yaranan iş yerlərinə cəlb olunmasını təmin edə bilər.

Nurlan 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!