Din və Demokratiya Mərkəzi Masallıda seminar-müzakirə keçirib

2019-07-17 08:33:53 / 404 dəfə oxunub

Din və Demokratiya Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Dinin siyasiləşdirilməsi meyillərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirləri” adlanan layihə üzrə Masallı şəhərində seminar-müzakirə keçirib.
Masallı şəhər Gənclər Mərkəzində keçirilən "Dinin siyasiləşdirilməsi və onun ehtimal edilən təhdidləri” mövzusunda tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov açaraq Azərbaycanın dünyəvi dövlət modeli, ölkəmizdə dövlət-din mnasibətləri, milli-mənəvi dəyərlərin təbliği üçün yaradılan şəraitdən danışıb.

Din və Demokratiya Mərkəzinin sədriVasif Sadıqlı tədbirdə geniş məruzə edib. Postsovet müsəlman ölkələrində dini durumun spesifikasından danışan natiq qeyd edib ki, bu ərazilərdə dinin siyasətə alət edilməsi üçün zəminlərdən biri də sovet respublikalarının əhalisinin dini biliklərinin zəif olması ilə bağlı idi.
V.Sadıqlı qeyd edib ki, sivilizasiyalar arasında fərqlərin siyasiləşdirilməsi məsələsi qlobal xarakter daşıyır və bu, bütün dünya dinlərində var. "Bu sahə ilə az-çox maraqlananlar xristianlıqda Olster fundamentalizmi, ABŞ-da protestant xristianların fundamentalizmi, bundan başqa, Qvatemala adventistləri, İtaliyada «Comunione e Liberpzione» təşkilatı var. Hindistanda bir-biri ilə bağlı olan üç hinduist fundamentalist təşkilatı mövcuddur”.

Onun sözlərinə görə, islama böhtan atanların çalışdığı məsələlərlən biri də islam və terrorçu anlayışlarının bir assosiasiya olunması istəyidir. "Amma çoxlarına bəllidir ki, Yaxın Şərqdə «islam» sözünü adında daşıyan bir sıra terrorçu təşkilatlar məhz Qərbin əli ilə yaradılıb. Bu, dünyanın kapitalzm və sosializm düşərgələrinə bölündüyü zamanlara təsadüf edir. Kommunizm ideologiyasının Kuba, Çili, Vyetnam kimi ölkələrə çatması və tərəfdar toplaması, Laos, Kamboca, Yaxın Şərqdə isə Yəmən, Misir və s. ölkələrlə sıcaq münasibətlərin yaranması Qərbi müxtəlif tədbirlər görməyə məcbur edirdi. O vaxt müsəlmanlar arasında kommunizmə meyl yaranmasına mane olmaq və Yaxın Şərqdə Sovetlərin möhkəmlənməsinə əngəl olmaq üçün müsəlmanlar arasında SSRİ-nin ateist ölkə olması və kommunistlərin hakimiyyətə gəldiyi təqdirdə, dünyəvi dövlət quracaqları hədəsi ilə Qərbin birbaşa ideoloci, siyasi, maliyyə və texniki dəstəyi ilə islam yolunda ölməyə hazır olanlardan ibarət terrorçu qruplar yaradılırdı. Bipolyar dünyanın sonu bu təşkilatları maliyyə dəstəyindən məhrum etdi və onlar yeni sifarişçilər aramağa başladılar. Kuzədən çıxmış «cin» artıq onların özü üçün də təhlükə mənbəyinə çevrildi”.

Onun sözlərinə, 1996-cı ilin martında Misirin Şarm əl-Şeyx şəhərində terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli görüşdə islam dövlətlərinin başçıları öz qərbli həmkarlarının yekun kommünikeyə «islam terrorçuluğu» anlayışını salmaq cəhdlərinin əleyhinə getdilər. Bu, dəfələrlə vurğulanıb və İslam Konfransı Təşkilatının sənədlərində də birmənalı şəkildə bildirilib ki, müsəlman terrorçu, terrorçu isə müsəlman ola bilməz.

Tədbirdə çıxış edən yerli dini icmaların nümayəndələri dinin siyasiləşdirilməsinin fəsadları, gənclərin dini siyasətə alət edənlərin toruna düşməməsi üçün diqqətli olmağın hər bir möminin vəzifəsi olduğunu qeyd ediblər.

Seminar-müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!