Multikultural ənənələri yaşadan ölkə

2019-07-20 08:35:52 / 1501 dəfə oxunub

Dini etiqadlar hər zaman milyonlarla insanı müqəddəs yerlərə ziyarət etməyə sövq etmişdir. Müsəlmanlar Məkkəyə, xristianlar Qüdsə, Romaya, atəşpərəstlər Azərbaycana və digər yerlərə ziyarət etməyə üstünlük vermişlər. Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və İslam) fəal yayılma mərkəzi kimi çıxış etdiyindən, ölkədə bu dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür. Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dövlət tərəfindən mühafizə olunur və qorunur.

Bu gün Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bakıda və regionlarda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeniləri inşa edilir, mövcud dini ibadətgahlarda bərpa və yenidənqurma işləri həyata keçirilir. Hazırda Azərbaycanda 500-ə yaxın ziyarətgah var ki, onlardan yalnız 50-dən bir qədər çoxu fəaldır. Buraya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı, işğal edilmiş torpaqlarımızdakı ermənilər tərəfindən dağıdılan həm islam, həm də xristian mədəniyyətinə məxsus 67 dini abidənin siyahısını da əlavə etmək yerinə düşərdi. Həmin siyahının bir hissəsi bu yaxınlarda Böyük Britaniya parlamentində "Avropa multikulturalizmi kontekstində tolerantlığın Azərbaycan modeli” mövzusunda keçirilən konfransda dünya ictimaiyyətinin də diqqətinə çatdırılmışdır . Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi cəmiyyətimizə yeni ab-hava gətirmişdir: "Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik… Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir”.

Bəli, bu gün Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmiz dözümlülük, tolerantlıq məkanı olmuşdur.

Dünyanın müxtəlif regionlarında baş verən siyasi, ictimai kataklizmlər, eyni zamanda ekoloji dəyişikliklərin yaratdığı fəlakətlər nəticəsində insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan başqa, diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini anlaşılmazlıqların da böyük rol oynadığını aydın görmək olar. Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib və bir vətən üçün çalışıb yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır və hazırkı qlobalizm prosesində çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki. onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda da vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır. Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına təlqin etdiyi humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox vacib olan bəşəri keyfiyyət olmaqla yanaşı həm də dünyada və ölkədə sosial-siyasi sabitliyin və iqtisadi inkişafın da ən mühüm amillərindəndir. Bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi ölkənin bugünkü sürətli və davamlı hərtərəfli inkişafında özünü əyani surətdə göstərir.

Bu baxımdan ölkəmiz multikultural ənənələri yaşadan ölkə kimi seçilir. Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirlərilayihəsi çərçivəsində çap olunur.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!