Azərbaycançılıq və multikulturalizm

2019-07-26 08:37:57 / 395 dəfə oxunub

Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında baş vermişdir.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçılik hərəkatının görkəmli xadimləri mədəni azərbaycançılıq hərəkatına başçılıq edirdilər. Mədəni azərbaycançılıq hərəkatının görkəmli nümayəndələrinin fəaliyyəti nəticəsində Azərbaycan xalqının milli şüuru formalaşmağa başladı. Bu proses xalqın öz mədəni və etnik birliyini dərk etməsində mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycançılıq ideyasının mədəni mərhələdən siyasi mərhələyə keçməsi Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır. Siyasi azərbaycançılığın nümayəndələri ilk dəfə olaraq Azərbaycan xalqının siyasi hüquqlarını müdafiə etməyə başladılar.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması siyasi azərbaycançılıq ideyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ idi. Bu mərhələ azərbaycançılıq ideyasının iqtisadi mərhələyə keçməyi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başladı.

Sovet dövrü ərzində Azərbaycan xalqının milli mədəniyyəti kommunist sivilizasiyası tərəfindən sıxışdırılırdı. Sovet İttifaqının milli siyasəti bunun həyata keçirilməsində vasitə rolunu oynayırdı. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin qarşısında rus şovinizminin əsasını təşkil edən sovet totalitar sistemi dururdu.

1980-ci ilin əvvəllərində sovet totalitar sisteminin çökməsi prosesi başladı. Qorbaçovun başladığı yenidənqurma siyasəti sovet totalitar sisteminin çökməsi prosesini sürətləndirərək müttəfiq respublikaların çoxunda, o cümlədən Azərbaycanda milli azadlıq hərəkatının qalxması üçün əlverişli şərait yaratdı. Ermənistan ölkəmizə qarşı torpaq iddialarını qaldıraraq Azərbaycanın əzəli hissəsi olan Dağlıq Qarabağı öz tərkibinə qatmaq tələbi ilə Kremlə müraciət etdi. Ermənilərin bu hərəkəti nəinki Azərbaycana qarşı yönəlmişdi. O, digər respublikalarda başlayan milli azadlıq hərəkatlarının inkişafında da ciddi maneə idi. Beləliklə, 1980-ci illərin sonlarında Azərbaycan xalqının milli azadlıq hərəkatının üzləşdiyi Ermənistanın ərazi iddiaları bu hərəkatın qarşısında duran böyük bir maneə idi.

Azərbaycan xalqının milli azadlıq hərəkatı o qədər də əlverişli vəziyyətdə deyildi. Belə ki, onun qarşısında iki çətin məsələ dururdu. Birincisi, Ermənistanın hərbi təcavüzündən Azərbaycanın ərazi bütövlüyünü qorumaq; ikincisi, sovet imperiyasına qarşı mübarizədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək. Bu iki mühüm məsələni həll etmək üçün elə bir siyasi partiya tələb olunurdu ki, o, yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq hərəkatına başçılıq etməyə, onu lazımi istiqamətə yönəltməyə qadir olsun. Bu tarixi zərurətə cavab olaraq 1988-ci ilin sonlarında Azərbaycan Xalq Cəbhəsi (AXC) meydana gəlir.

AXC-nın meydana gəlməsi siyasi azərbaycançılığın inkişafında mühüm bir hadisə idi. Fəaliyyətinin ilkin aylarında xalq tərəfindən dəstəklənən AXC bəzi obyektiv və subyektiv səbəblərə görə tarixi missiyanı yerinə yetirə bilmədi. Azərbaycan xalqının milli azadlıq hərəkatını yatırtmaq məqsədilə Kreml onu aqressiv bir hərəkat kimi qələmə verərək 20 yanvar 1990-cı ildə Sovet ordu hissələrini Bakıya yeridərək çoxlu sayda dinc əhali öldürdü. Ordunun dinc əhaliyə qarşı yönəldilməsi vəziyyətin artıq nəzarət olunmadığından xəbər verirdi. Lakin sovet rəhbərliyinin bu hərəkəti Azərbaycan xalqının milli azadlıq hərəkatını dayandıra bilmədi. Əksinə ona yeni impuls verdi.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixinin yeni başlanğıcı idi. Lakin dövlət müstəqilliyinin bərpa olunması Dağlıq Qarabağ problemini həll etmədi. İndiyədək Ermənistanın hərbi qoşunları Azərbaycanın 20% ərazisini öz işğalı altında saxlayır. Bu işğalın nəticəsində Azərbaycanda bir milyondan artıq məcburi köçkün vardır. Yuxarıda qeyd olunduğu kimi, müasir dövrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının bir kütləvi hərəkat kimi qalxmasında Dağlıq Qarabağ problemi müstəsna rol oynamışdır. Azərbaycan xalqının əksəriyyəti milli azadlıq hərəkatının əsas məqsədini Dağlıq Qarabağ probleminin həll olunmasında görürdü. Abdülrəhman Vəzirovun, Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin hakimiyyətdən getmələrinin əsas səbəblərindən biri məhz onların Azərbaycanın ərazi bütövlüyü qoruya bilmədikləri olmuşdur. Azərbaycan xalqı ölkənin ərazi bütövlüyün təmin edə biləcək və ümumiyyətlə müasir dövrdə Azərbaycanı yüksəldə biləcək yeganə şəxs kimi ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. İlk dəfə olaraq Heydər Əliyev Azərbaycançılıq ideyasını iqtisadi sahədə yeritdi. Bundan başqa ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.

Ümummilli lider Heydər Əliyev – siyasi multikulturalizmin banisi kimi.

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi.

Azərbaycançılıq ideologiyası və multikulturalizmin əhəmiyyətini H.Əliyev aşağıdakı kimi qeyd etmişdir:

– Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq;

– Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da — bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib;

– Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır;

– Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir;

– Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri…ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir;

– Respublikada bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi-plüralizm, söz azadlığı, sahibkarlıq azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilsin.

Prezident İlham Əliyev – müasir dövrdə

azərbaycançılığın və Azərbaycan multikulturalizminin siyasi dayağı kimi.

Azərbaycançılıq və multikulturalizm siyasəti ölkənin demokratik inkişafının, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Bir neçə Qərb ölkəsinin dövlət başçılarının multikulturalizmin iflasa uğradığını qeyd etdiyi bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti olduğunu bəyan etmişdir. Azərbaycan Respublikası bu məsələyə ölkənin ümumi inkişafının mühüm məqsədlərindən biri olan demokratik inkişafın, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsi kimi yanaşır.

Multikulturalizm – ölkədə etnik-mədəni dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə yönələn bir siyasətdir. Multikulturalizmə əsaslanan dövlət siyasətinin əsas məqsədi ölkədə yaşayan bütün xalqların etnik-mədəni dəyərlərinin qorunmasına, inkişafına və cəmiyyət daxilində bu xalqların inteqrasiyasına nail olmaqdır. Azərbaycanın ərazisində yaşayan bütün xalqların, o cümlədən milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişafı məsələsinə Azərbaycan Respublikası özünün dövlət siyasətinin həm məqsədi, həm də vasitəsi kimi yanaşır. Mədəniyyət, siyasi, iqtisadi, sosial sahə.

Elm və təhsil sahəsi. Azərbaycançılıq və multikulturalizm dövlət siyasətinin mədəni, siyasi, iqtisadi və sosial sahələrdə uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri bu siyasətin elmi araşdırmalara əsaslanması və bu araşdırmaların nəticəsində əldə olunan elmi biliklərin əhaliyə çatdırılmasıdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası azərbaycançılıq və multikulturalizmin elmi cəhətdən təhlil olunmasına və onun ali və orta- ixtisas təhsil müəssisələrində tədris edilməsinə xüsusi fikir verir.

Azərbaycan Respublikası multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Bu təşkilatların fəaliyyətlərinin mühüm bir istiqaməti insan hüquqlarının beynəlxalq müdafiəsi ilə bağlıdır. Milli və dini azlıqların hüquq və azadlıqlarının müdafiəsi isə, məlum olduğu kimi, insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla əməkdaşlığı onun beynəlxalq aləmdə imicinin yüksəlməsinə səbəb olur.

Azərbaycan Respublikası azərbaycançılıq və multikulturalizmin inkişaf etdirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər beynəlxalq təşkilatların milli və dini azlıqların hüquq və azadlıqlarının, o cümlədən onların etnik –mədəni dəyərlərinin müdafiəsi sahəsində qəbul etdiyi qərarları dəstəkləyir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatların milli və dini azlıqların hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul etdiyi konvensiyalara qoşulmuşdur. Məsələn, Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiya 1 fevral 1995-ci il tarixində Azərbaycan hökuməti tərəfindən imzalanmış və 16 iyun 2000-ci il tarixli Qanunla ratifikasiya edilmişdir. Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixli Qanunla UNESKO-nun "Mədəni özünüifadə müxtəlifliyin qorunması və təşviqinə dair” Konvensiyasına qoşulmuşdur.

Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Azərbaycançılıq ideologiyasının universitet tələbələri arasında təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!