Ədəbi dil normaları niyə pozulur?

2019-07-28 08:40:10 / 1411 dəfə oxunub

Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Dövlətimizin əsas atributlarından biri olan ana dilimizin saflığı və zənginliyi mükəmməl mənəvi varlığımızın, sarsılmaz milli birliyimizin təcəssümüdür. Dövlət dili azərbaycançılıq məfkurəsinin başlıca hədəflərinə çatmağa imkan verir. Əlbəttə, bu faktorlar qloballaşma şəraitində dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi sayəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri kimi təsbit olunub. 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması həmin ilin avqust ayında latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ana dilimizin bütün parametrlər üzrə statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan olub.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl surətdə davam etdirir. Prezident İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin yad təsirlərdən qorunmasının zəruriliyini vurğulayıb, lazımsız yerə dilimizdə əcnəbi söz və kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.

Bu gün dünyada gedən qloballaşma Azərbaycan dilinə də öz təsirini göstərib. Kütləvi informasiya vasitələrində, reklamlarda, afişalarda ədəbi dilimizin yazı qaydalarının kobud şəkildə pozulması halları vardır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Əksər hallarda reklam və afişalarda Azərbaycan dili və mədəniyyəti nəinki doğru təbliğ olunmur, hətta bəzi hallarda əcnəbi dil və mədəniyyətlərə güzəştə gedilir.

Təəssüf ki, Dilçilik İnstitutu bu kimi problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Son illərdə Azərbaycan dilinin ədəbi dil normaları ilə bağlı pozuntular nəinki azalmış, hətta artmışdır.

Media nümayəndələrinin, diktorların, müğənnilərin, aktyorların dilində hər hansı qüsuru aradan qaldırmağa çalışmaqla, onları hər addımbaşı qınaq obyektinə çevirməklə problemin həllinə nail olmaq olarmı? Ümumiyyətlə, ədəbi dil normaları niyə pozulur?

Məncə, bu üsulla problemi nəinki həll etmək olmaz, hətta mövcud vəziyyəti daha da ağırlaşdırmaq olar. Bəzən görürsən ki, elmi dərəcəsi, yaxud titulu olan savadsız və səriştəsiz bir "dilçi-alim” özündən qat-qat savadlı olan jurnalistə, diktora, yaxud sənət adamına dil dərsi keçməyə çalışır. Halbuki həmin dilçi ana dilinin incəlikləri haqqında sənət adamının bildiyinin yarısını bilmir. Böyük dilçi-alimin və onun çalışdığı elm müəssisəsinin ictimaiyyətə təqdim etdiyi qrammatika kitabı başdan-başa ədəbi dil normalrını pozursa, jurnalistə, aparıcılara, sənət adamlarına hansı haqla irad tutula bilər? Əksər hallarda ədəbi dil normaları səriştəli yazıçıların, jurnalistlərin, sənət adamlarının fəaliyyəti sayəsində qorunur. Tam məsuliyyətlə deyirəm ki, artıq, ədəbi dil normalarını ilk növbədə dilçi-alimlərin monoqrafiyalarından, dissertasiyalarından, dərsliklərindən, bir sözlə, əsərlərindən qorumaq vacibdir. Birinci növbədə, orta və ali məktəb dərsliklərindəki qüsurlar aradan qaldırılmalıdır. Yazı qaydalarımızın Kitabi-Müqəddəsi – Orfoqrafiya lüğəti sahmana salınmalıdır. Əgər ortada düzgün yazı qaydalarımızı əks etdirən orfoqrafiya lüğəti, izahlı dilçilik terminləri lüğəti, ədəbi dil normalarının qorunduğu mükəmməl dərsliklər, dərs vəsaitləri, nümunəvi əsərlər azdırsa, yaxud heç yoxdursa, üstəlik, dilimizi məhv edən qüsurları dilə gətirənlər qüsur sahibi olan alimi-kəbirlər tərəfindən təqib olunursa və bütün bunların fonunda alim məsuliyyətsizliyi hökm sürürsə, problemin həllinə nail olmaq o qədər də asan olmayacaq. Hər şeydən əvvəl, dərs verməyə qalxan dilçi-alimin özünün elmi fəaliyyəti, kitab və monoqrafiyası, dərslik və ya dərs vəsaiyinin dilinin, üslubunun monitorinqi keçirilməlidir. Kökləşmiş dilçi-alimin monitorinqini kim keçirəcək? İlk növbədə, savadlı, dilini canı, qanı, varlığı qədər sevən, duyan və mənimsəyən səriştəli orta məktəb müəllimi, peşəkar jurnalist, sıravi Azərbaycan ziyalısı və digərləri.

Məhz bu yolla hadisələrin mənfi istiqamətdə inkişafının qarşısını almaq və qüvvələri real problemin həllinə yönəltmək mümkündür və vacibdir. Bu işdə elmi dərəcə və ya titulun heç bir əhəmiyyəti yoxdur.

İ.Abbasov

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili”mövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!