İlham Əliyev Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

2019-08-09 17:38:19 / 1552 dəfə oxunub

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqınıtəbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir.

Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!”


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!