Sivilizasiyalar arasında fərqlərin siyasiləşdirilməsi

2019-08-09 18:04:59 / 422 dəfə oxunub

Əslində hər şey ikiqütblü dünyanın kollapsından başladı. Sosializm düşərgəsi tarixin arxivinə göndəriləndən sonra Qərbin ikincü qütb axtarışı başlanıldı. Təbii olaraq formalaşan ikinci qütb isə elə formalaşma mərhələsində qarşı tərəfin razılığını almadı və dağıdıldı. Rusiya, Çin, İndoneziya, Hindstan kimi böyük dövlətlərin Qərbə qarşı blok yaratmaq istəyi İndoneziyanın cəzalanması ilə yekunlaşdı. Onillərlə sosializm düşərgəsinə qarşı mücadilədə Qərblə əməkdaşlıq etmiş və bu üzdən də daim müttəfiq kimi sevilən Suxarto üzünü Şərqə tutan kimi «məlum oldu» ki, o, diktator və korrupsiyaçıdır. Analoji başağrıları başqa müttəfiqlər üçün də ola bilərdi. Onların bir daha düşünüb-daşınmaq şansı vardı. Mütəffiqlər bu zamanı yaxşıca qiymətləndirib «ağıllı» qərar çıxarmağı bacardılar. Beləliklə, yeni qütb ideyası iflasa uğradı. Və Qərb özü üçün hədəf «sifariş verdi». Bu, islam idi.

İslamın ikiqütblü dünyada bir tərəf olması obyektiv amillərləmi şərtlənir? Qətiyyən yox. Bir dünya dini və sivilizasiyası kimi islam gerçəkliyi dini rəngarəngliklə səciyyələnir. Burada sünnilik və şiəlik cərəyanlarını, müxtəlif konfessiyalar və saysız-hesabsız təriqətlər var. Bütün müsəlmanları eyni dünyagörüşü birləşdirsə də, bu, islamı bir monolitə, xüsusən də təhlükəsizlik siyasəti nöqteyi-nəzərindən əhəmiyyəti olan bir simaya çevirmir. İstər indi, istərsə də gələcəkdə 55 islam dövlətinin vahid islam sivilizasiyası halında bir araya gəlməsi mümkün deyil. Amma Qərb üçün İslamın başqa cür təqdimi – onun demokratik dünya, xüsusən də Qərb dövlətləri üçün təhlükə yaradan bir qüvvə olması imici xüsusi əhəmiyyət kəsb edir. Təhlükəsizlik siyasəti məsələsinin islam dövlətləri və ya sivilizasiyasına yönəldilməsinin nəticəsidir ki, son illər «islam» və «fundamentalizm» sözləri bir yerdə anılır.

Sivilizasiyalar arasında fərqlərin siyasiləşdirilməsi məsələsi qlobal xarakter daşıyır və bu, bütün dünya dinlərində var. Bu sahə ilə az-çox maraqlananlar bilir ki, xristianlıqda Olster fundamentalizmi, ABŞ-da protestant xristianların fundamentalizmi, bundan başqa, Qvatemala adventistləri, İtaliyada «Comunione e Liberpzione» təşkilatı var. Hindistanda bir-biri ilə bağlı olan üç hinduist fundamentalist təşkilatı mövcuddur. RSS və ya Könüllülərin Milli Birliyi, VHP və ya Ümumdünya İndus Cəmiyyəti, BCP və ya Hindistan Xalq Partiyası. Yəhudilikdə «Quş Eminum», «Kax» təşkilatı, «Xabad», «Xarodi», buddizmdə Şri-Lankadakı «Sinhal Maha Sabha» təşkilatı, Yaponiyada «Meydzi» sintoist funtamentalistləri və s.

Əgər gerçək maraq bütün fundamentalzm təzahürlərinə qarşı mübarizədirsə, onda fundamentalizmin islamla eyniləşdirilməsi yenə məqsədəuyğun deyil. Çünki bu, «islam» sözü arxasında gizlənənlərə böyük xidmət olar ki, islam diasporunu özlərinin siyasi fəaliyyətlərinin səhnəsinə çevirsinlər və bütövlükdə islam adından danışsınlar.

İslama böhtan atanların çalışdığı məsələlərlən biri də islam və terrorçu anlayışlarının bir assosiasiya olunması istəyidir. Amma çoxlarına bəllidir ki, Yaxın Şərqdə «islam» sözünü adında daşıyan terrorçu təşkilatlar məhz Qərbin əli ilə yaradılıb. Bu, dünyanın kapitalzm və sosializm düşərgələrinə bölündüyü zamanlara təsadüf edir. Kommunizm ideologiyasının Kuba, Çili, Vyetnam kimi ölkələrə çatması və tərəfdar toplaması, Laos, Kamboca, Yaxın Şərqdə isə Yəmən, Misir və s. ölkələrlə sıcaq münasibətlərin yaranması Qərbi müxtəlif tədbirlər görməyə məcbur edirdi. O vaxt müsəlmanlar arasında kommunizmə meyl yaranmasına mane olmaq və Yaxın Şərqdə Sovetlərin möhkəmlənməsinə əngəl olmaq üçün müsəlmanlar arasında SSRİ-nin ateist ölkə olması və kommunistlərin hakimiyyətə gəldiyi təqdirdə, dünyəvi dövlət quracaqları hədəsi ilə Qərbin birbaşa ideoloji, siyasi, maliyyə və texniki dəstəyi ilə islam yolunda ölməyə hazır olanlardan ibarət terrorçu qruplar yaradılırdı. Bipolyar dünyanın sonu bu təşkilatları maliyyə dəstəyindən məhrum etdi və onlar yeni sifarişçilər aramağa başladılar. Kuzədən çıxmış «cin» artıq onların özü üçün də təhlükə mənbəyinə çevrildi. Amma əvvəlki «patron»lar bundan da yararlanmağa başladılar. «Cin»lərin varlığının səbəbini islamın mahiyyəti ilə bağlamaq siyasəti yürüdülməyə başladı.

Elə həmin dövrdə Türkiyədə SSRİ-nin ideoloji, maliyyə və texniki yardımı ilə məşhur PKK terror təşkilatı yaradılırdı. Bu təşkilatın əli ilə indiyə kimi otuz mindən artıq insan qətlə yetirilb və onların mütləq əksəriyyəti, demək olar ki, hamıısı müəslmanlardır. Ümumiyyətlə, özünü islamçı adlandıran terror təşkilatlarının qətlə yetirdiyi adamların çoxu müsəlmandır. Amma nədənsə Qərbin məlum dairələri bu barədə danışmağı sevmir, zərərçəkmiş kimi özlərini göstərirlər.

1996-cı ilin martında Misirin Şarm əl-Şeyx şəhərində terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli görüşdə islam dövlətlərinin başçıları öz qərbli həmkarlarının yekun kommünikeyə «islam terrorçuluğu» anlayışını salmaq cəhdlərinin əleyhinə getdilər. Bu, dəfələrlə vurğulanıb və İslam Konfransı Təşkilatının sənədlərində də birmənalı şəkildə bildirilib ki, müsəlman terrorçu, terrorçu isə müsəlman ola bilməz. Bir sözlə, ben Ladenlər, taliblər, daha kimlər, kimlər (onları Qərbdən olan müəllimləri daha yaxından tanıyır) islamın bətrından çıxmayıb.

Avropa kütləvi informasiya vasitələri istisnasız olaraq «islam» fundamentalistlərinin terror aktları haqda məlumatlar yaysalar da, islamı fundamentalizm və terrorizmlə eyniləşdirmək kimi riyakar siyasət, yaxşı ki, Qərbin özündə çoxları tərəfindən qəbul olunmur. Almaniyanın Gettingem Universitetinin professoru Bassam Tibi bu məsələ ilə bağlı yazır: «İslam dünyasında hələ onu da unutmayıblar ki, aktiv şəkildə terrorla məşğul olanların çoxu Əfqanıstanda müharibə zamanı Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. ABŞ-da «islam təhlükəsi» haqda danışa-danışa amerikalılar bu müharibənin elə əvvəlində Pakistan xüsusi xidmət orqanları tərəfindən ən radikal və dözümsüz fundamentalistləri – taliban hərəkatını dəstəkləyirdilər. İndi taliblər artıq ABŞ-la münasibətləri kəsiblər, necə ki bundan əvvəl bunu «ərəb əfqanları» eləmişdi…» Elə həmin müəllif maraq doğuran daha bir faktı diqqətə çatdırır: «Adında «islam» sözünü daşıyan terror təşkilatları «İslam İnternasionalı» adlı təşiklat yaratmaq niyyətində idilər və onu 1996-cı ildə Londonda reallışdırmaq istəyirdilər. Yalnız Misirin və digər ərəb ölkələrinin davamlı təzyiqləri sonucunda Böyük Britaniya hökuməti bu qurultayı yasaqladı».

Amma Qərbin bir sıra siyasi dairələri üçün kimin haqlı olması önəmli deyil. Bir vaxtlar «Haqlıdır, haqlı deyil, bu, mənim dövlətimdir» prinsipi indi Hantinqtonun tərtibində «Haqlıdır və ya haqlı deyil, fərq etməz, bu, mənim sivilizasiyamdır» şəklində həyata keçirilir. Hədəf isə Qoca Şərqdir. Zəngin karbohidrogen ehtiyatları müqabilində milyonlarla insanın kasıblıq həddində yaşadığı bir coğrafiya. Beləliklə, bizim portret cizgilərimiz belə müəyyənləşir: fundamentalist, terrorçu, ekstremist, demokratik dəyərlərlə uzlaşmayan… Əslində, bir sıra aparıcı Qərb dövlətləri rəsmilərinin müsəlman dövlətlərində demokratik, xalq iradəsinə söykənən hakimiyyət formalaşmasında marağı ciddi deyil. Şərqdə demokratiya yolu seçmiş Türkiyə, güclü iqtisadi inkişaf keçirən Malayziya kimi örnəklər Qərb siyasi dairələrinə, ən nəzakətli adamların təbiri ilə desək, könül xoşluğu vermir, əksinə, bu ölkələr nə qədər sıxıntıda olsa, daha məmnun olarlar. İmkan qazanarlar ki, «arqument»lərinə daha bir paraqraf əlavə etsinlər: «Müsəlmanlar demokratiya yolunu mənimsəyə bilmirlər».

Bəli, islamın düşmən və barbar obrazı Qərbin bir sıra üzdəniraq siyasilərinə hava və su kimi lazımdır. 11 sentyabrdan sonra əvvəlcə beynəlxalq ictimai rəy ben Ladenin, bir qədər sonra «əl-Qaidə»nin, sonra Əfqanıstanın, daha sonra İraqın əleyhinə səfərbər olundu. Bununla da kifayətlənilmədi. Artıq dairə bir qədər də genişləndirilib. Çünki sözügedən siyasi qüvvələrə islam sivilizasiyasını təhlükəsizlik siyasətinin hədəfi seçməkdə haqlı olduqlarını sübut etmək üçün dəlillər lazımdır. Və bununla da öz militarist, müstəmləkəçi siyasətlərinə bəraət qazandırmaq istəyirlər.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirlərilayihəsi çərçivəsində çap olunur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!