Xalqları bir-birinə bağlayan mənəvi körpü

2019-08-12 13:13:24 / 1561 dəfə oxunub

Biz bəşər tarixində misli görünməmiş bir fenomenin – ümumdünya sivilizasiyasının təşəkkül tapdığı və formalaşdığı bir dövrdə yaşayırıq. Bu və ya digər xalqın həyatında az-çox əhəmiyyətə malik elə bir hadisə yoxdur ki, onun əks-sədası bütün dünyada səslənməsin. Dünya xalqlarının bu cür yaxınlaşmasının ilkin şərti və hərəkətverici qüvvəsi xalqlar arasında həmişə mövcud olmuş, bu gün həyatımızın ən vacib atributlarından birinə çevrilmiş mədəni əlaqələrdir. Paradoksal hal olsa da, lakin bu da bir həqiqətdir ki, hər bir xalq öz varlığını, özümlülüyünü yalnız başqa xalqlarla qarşılıqlı əlaqələrdə, qarşılıqlı mədəni təsirlərin fonunda və kontekstində təsdiq edir. Xalqların ədəbi əlaqələrinin başlıca forması tərcümədir. Məsələ burasındadır ki, digər incəsənət növləri arasında ən zəngin ifadə vasitələrinə malik, deməli, bu və ya digər şəxs və ya xalqla bağlı məlumatı və həqiqəti hərtərəfli təcəssüm etməyə qadir olan ədəbiyyat – söz sənəti – eyni zamanda ən qapalı incəsənət növüdür. Belə ki, musiqinin, rəngkarlığın, rəqsin, arxitekturanın dili bütün xalqlar üçün eynidir, amma ədəbi nümunə digər dilə çevrilməsə, onun ifadə etdiyi estetik dəyərləri həmin dilin daşıyıcısı olan oxucuya çatdırmaq mümkün deyil.

Təsadüfi deyil ki, müxtəlif dövrlərdə, müxtəlif alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş, mədəni əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər. Bu mənada tərcüməni "bəşəriyyət tarixində xalqları bir-birinə bağlayan mənəvi körpü” adlandıranlar yanılmırlar.

Regional sivilizasiyaların dünya sivilizasiyalarına çevrilməsi ilə xarakterizə olunan XX əsrin sonunda tərcümə doğrudan da xalqların əsl mənəvi körpüsünə çevrilir. Xalqlar bir-birinin ədəbi nailiyyətlərindən bəhrələnir, bir-birinin ədəbi-mədəni dəyərləri ilə zənginləşirlər.

Hazırda həyatımıza, şüurumuza, sosiall psixologiyamıza güclü surətdə təsir etmək potensialına malik olan fenomenlərdən biri də reklamlardır.

Azərbaycan iqtisadiyyatı tədricən dünya standartlarına yaxınlaşdıqca və dünya ticarət sisteminin üzvi tərkib hissəsinə, daha doğrusu, dünyada istehsal olunan çeşid-çeşid malların istehlakçısına çevrildikcə bu malların zəruri təqdimatı kimi həyatımıza daxil olan xarici və yerli reklamlar respublikanın KİV-də, telekanallarda, ictimai nəqliyyat vasitələrində, şəhərlərimizin, hətta kəndlərimizin küçə və meydanlarında gen-bol yer almağa başlayıb.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "…Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir…

…Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır”. Mütəxəssislərin fikrincə, son dövrlərdə müasir Azərbaycan dilində İKT ilə əlaqəli xeyli yeni sözlər əmələ gəlməsinə baxmayaraq, bu sözlüklərin böyük əksəriyyəti Orfoqrafiyada öz əksini tapmayıb. Ölkədə İKT-nin inkişaf tempi və İnformasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığı açıq aşkar hiss olunmaqdadır. Müxtəlif mzakirələr zamanı Azərbaycan dilinin İKT sahəsində tətbiqi ilə bağlı konseptual və konkret məqamlar üzərində dəfələrlə dayanılıb. İKT terminləri üzrə vahid standartların yaradılmasının zəruriliyi, Azərbaycan dilinə aid İnternet resursların yaradılmasının vacibliyi bildirilib. Azərbaycan dilindən istifadə ilə bağlı İnternetdə xüsusi Portalın, həmçinin dil üzrə onlayn "Təcili yardım” xidmətinin yaradılması, yeni lüğətlərin yazılması vacibliyi, mövcud lüğətlərin isə elektron formaya keçirilməsi barədə təkliflər özlüyündə çox maraqlıdır.

 

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkilimövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!