Bakıdan avtobusla Naxçıvana gedənlərə - ŞAD XƏBƏR

2019-08-20 16:58:43 / 2005 dəfə oxunub

Bakıdan İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilib.

Məlumata görə, bu, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək üçündür.

DGK sədri Səfər Mehdiyevin sərəncamına əsasən, gömrük nəzarəti avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.

DGK tərəfindən həyata keçirilən pilot layihə çərçivəsindəBakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.

Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Bu ilin 13 iyununda Azərbaycan və İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.

Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur.

İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir. Eyni zamanda, avtobuslar İranda gömrük yoxlamasından keçirilmir.

Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.

DGKhazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!