"Heç bir kənar qüvvə prezidentlə xalqın vəhdətini poza bilməz"

2019-09-09 15:07:30 / 3207 dəfə oxunub

109 saylı Balakən seçki dairəsindən deputat seçilmiş Nəsib Məhəməliyev "OLAYLAR"-a müsahibə verib. Millət vəkili deputat seçildiyi rayonun sosial-iqtisadi inkişafı, eləcə də hazırda ölkədə həyata keçirilən uğurlu sosial siyasət, bu siyasətin insanların sosial rifah halının yaxşılaşdırılmasına təsirlərindən danışıb. Nəsib Məhəməliyev antiAzərbaycan qüvvələr və radikal siyasi düşərgənin ölkədə hər vəchlə qarşıdurma, xaos, anarxiya yaratmq cəhdlərindən də danışıb və həmin qüvvələrin heç bir halda öz istəklərinə nail ola bilməyəcəklərini əminliklə ifadə edib.

- Nəsib müəllim, artıq parlamentin növbəti sessiyası başlayır. Yəqin ki, yay tətili müddətində seçicilərinizlə görüşləriniz olub. Seçicilərinizi narahat edən məsələlər hansılardır və onların təklif və istəklərini ümumi şəkildə parlamentdə qaldıracaqsınızmı?

- Təbii ki, parlamentin yay tətili zamanı seçicilərimlə bir çox görüşlərim olub. Bir qayda olaraq seçicilərlə müntəzəm olaraq görüşlər keçirirəm. Parlamentin yay tətili isə daha çox görüşlərin keçirilməsinə imkan yaratdı. Adətən seçicilər müxtəlif problemlər səsləndirirlər. Bu sıraya elektrik enerjisinin fasilələrlə verilməsi, bəzi kənd yollarının asfaltlanması, televiziya kanallarında müəyyən verilişlərin formatının dəyişdirilməsi, daha çox cəmiyyətin mənəvi saflaşdırılmasına, mədəni inkişafına, maarifləndirilməsinə yönəlik verilişlərin yayılması, elektrik enerjisinə görə limitin artırılması, son zamamlar mətbuatda çox hallandırılan uşaq pullarının verilməsi, Qabaxçöl qəsəbəsində xəstəxana tikintisi, həmiçnin içməli su, işlə qəbulla bağlı məsələləri aid etmək olar.  Bir qayda olaraq seçiciləri narahat edən məsələləri həm parlamentdə, həm də aidiyyəti icra orqanları qarşısında qaldırıram.

- Millət vəkili seçildiyiniz rayonun sosial iqtisadi inkişafını necə dəyərləndirərdiniz?

- Respublikanın hər bir bölgəsində olduğu kimi millət vəkili seçıldiyim Balakən rayonunda cənab prezident İlham Əliyevin təsdiq elədiyi "Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramı" çərçivəsində bir çox tədbirlər həyata keçirilib, rayonun sosial-iqtisadi inkişafında bir canlanma yaranıb. Dövlət Proqramlarının icra edildiyi ötən illər ərzində rayonda görülən işlər, əldə edilən uğurlar belə deməyə əsas verir. Dövlət Proqramlarının icrası müddətində rayonda 35 yeni məktəb, mərkəzi xəstəxana, mədəniyyət sarayı , bayraq muzeyi, olimpiya kompleksi, Gənclər mərkəzi, parklar, bir çox inzibati binalar, əlil və şəhid ailələri, məcburi köçkünlər üçün yaşayış evləri, avtovağzal kompleksi, kanat yolu, mehmanxana, su elektrik stansiyası tikilib, magistral və kəndlərarası yollar asfaltlanıb. Hazırda "Asan Xidmətin" və incəsənət gimnaziyasının yeni binalarında son tamamlama işləri aparılır. Meliorasiya və İrriqasiya Səhmdar Cəmiyyəti tərəfindən dağ çayları sistemində sahil bərkitmə işləri aparılıb, kəndlərdə əhalinin içməli suya olan tələbatını ödəmək üçün subartizan quyuları qazılıb. Bunlardan əlavə Heydər Əliyev Fondu hesabına uşaq bağçaları tikilərək istifadəyə verilib. Balakən aqrar rayon olduğu üçün insanların kənd təsərrüfatı ilə məşğul olmalarına tam şərait yaradılıb, kreditlər, mal qaranın verılməsi, subsidiya, gübrə təminatı məsələləri dövlət tərəfindən qarşılanır, yem bazasının yaradılması, emal olunması üçün profilli müəssisələr yaradılıb. Tarix baxımından qısa zamanda bu qədər qlobal, böyük maliyyə tutumu tələb edən işlərin görüldüyünə görə qədirbilən Balakən camaatı prezident İlham Əliyevə daim öz minnətdarlıqlarını bildirirlər və apardığı siyasəti dəstəkləyirlər.

- Ümumilikdə hazırda respublikada sosial iqtisadi vəziyyət, sosial sahədə atılan addımlar, iqtisadi sahədə əldə olunan uğurlar cari ilin də ölkəmiz üçün uğurla başa çatacağını deməyə əsas verirmi?

- Hər bir dövlətdə sosial iqtisadi vəziyyətin güzgüsü makroiqtisadi göstəricilərin sabitliyi, ÜDM-nin artım tempi, valyuta qızıl ehtiyatları, xarici borcun miqdarı, beynəlxalq kredit reytinqi, iqtisadiyyata yatırılan investisiya, həyata keçirilən sosial layihələr və bir çox digər amillərlə xarakterizə olunur. Son zamanlar aparılan islahatlar, sahibkarlığın inkişafı, qeyri-neft sektoru ilə bağlı görülən işlər, dövlət büdcəsinin icra vəziyyəti onu deməyə əsas verir ki, 2019-cu il də uğurla başa çatacaq.

- Son vaxtlar dövlət başçısının sosial sahədə atdığı addımlar, eləcə də imzaladığı fərman və sərəncamlar əhalinin sosial rifah halının yaxşılaşdırılması necə təsir göstərir?

-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev üçün əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, insanların daha yaxşı yaşaması hər zaman prioritet olub və dövlət başçısının ötən illər ərzində atdığı addımlar, həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar bunu deməyə əsas verir.  Cari ilin əvvəlindən cənab prezidentin qəbul etdiyi sosial paketin icrasına başlandıqdan isə minimum əmək haqqları birdən-birə 180 m- dan 250 manata qaldırıldı. Demək olar ki, büdcədən maliyyələşən işçilərin tam əksəriyyətinin maaşları , pensiyalar, təqaüdlər artırıldı, şəhid ailələrinə birdəfəlik yardımlar verildi. Məcburi köçkünlərin, Qarabağ əliləri, şəhid ailələrinin mənzil problemlərinin həlli istiqamətində çox böyük addımlar atıldı. Tam əminliklə demək olar ki, ölkəmiz uğurla inkişaf edir, əhalinin rifah halı getdikcə yaxşılaşır.

- Ancaq maraqlı qüvvələr, radikal siyasi düşərgə bütün bu uğurlara kölgə salıb Azərbaycanda ciddi cəhdlə xaos, anarxiya yaratmağa çalışırlar. Sizcə cəmiyyətdə heç bir dəstəyi olmayan həmin qüvvələrin istəyi baş tuta bilərmi?

-Çox təəssüf ki, həm daxildə, həm də xaricdə Azərbaycanın uğurlu inkişafını görmək istəməyən, bacardıqları qədər qarayaxma kampaniyası aparan qüvvələr mövcuddur. Mənə elə gəlir ki, bu qüvvələr müəyyən maraqlar çərçivəsində eyni mərkəzdən idarə olunur. Onların əsas məqsədi Azərbaycanın güclü dövlətə çevrilməsinin qarşısını almaq, 90- cı illərin əvvəllərində olduğu kimi, xaos, anarxiya yaratmaq, milli birliyi pozmaq və nəticədə Yaxın Şərq ölkələrində olduğu kimi, Azərbaycanı idarəolunmaz hala gətirməkdir. Bu adamlar başa düşmürlər ki, indiki beynəlxalq geosiyasi vəziyyətdə, beynəlxalq hüquq normalarının işləmədiyi, açıq formada ikili standartların mövcudluğu, dünyanın müxtəlif regionlarında supergüclərin qarşı-qarşıya gəldiyi bir dövrdə Azərbaycan kimi dövlətin müstəqilliyini qoruyub saxlamaq, sabitliyi, inkişafı təmin etmək olduqca çətin məsələdir. Burada həm daxili, həm də xarici siyasət zərgər dəqiqliyi ilə hesablanmalı, regionda maraqları olan qüvvələrin siyasəti ölkəmizin xeyrinə balanslaşdırılmalı, proseslərdən maksimum az zərərlə çıxılmalıdır. Hesab edirəm ki, son 16 il ərzində bütün bu problemlərin öhdəsindən layiqincə gələn, özünü dünya çapında təsdiq edən, xalqımızın tam etimadını qazanan prezident İlham Əliyev yeganə liderdir ki, Azərbaycanın qarşısında duran XXI əsrin yaratdığı mürəkkəb çağırışlara cavab verir. Əks halda , olduqca ciddi problemlərlə qarşılaşa ,dövlətçiliyimizi itirə bilərik. Ancaq çox yaxşı haldır ki, xalqımız yekdildir, yaxşını pisdən ayırmağı bacarır, prezidentin siyasətini dəstəkləyir, gələcəyə ümidlə baxır. Dövlətimiz kifayət qədər güclüdür. Heç bir kənar qüvvə prezidentlə xalqın vəhdətini poza bilməz.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!