Beyləqanın İcra başçısı Asif Ağayevin bir kadrı da işdən çıxarıldı

2019-10-16 11:44:16 / 1293 dəfə oxunub
Beyləqan Rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənov dünən vəzifəsindən azad olunub.

Tahir Həsənov ötən ilin dekabr ayında icra başçısı Asif Ağayev tərəfindən vəzifəyə təyin eilmişdir. Tahir Həsənov bu vəzifəyə Təhsil İşçiləri Beyləqan Rayon Komitəsinin sədri vəzifəsindən gəlmişdi. Bu təyinatla bağlı ölkə mediasında xeyli ciddi yazılar yer alırdı. Hətta Tahir Həsənovu Asif Ağayevin kadr təyinatının təşkilatçısı olmasını iddia edənlər də var idi. Amma dünən Beyləqan Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə rayonun Çəmənli kənd tam orta məktəbinin direktoru Həsən Həşimov təyin olunub.

Asif Ağayevin təyinatları hansı əsasda apardığı rayonda hər kəsə yaxşı bəlli olduğundan, icra başçısının bu təyinatı da rayonda ciddi etirazla qarşılanıb. Əgər Asif Ağayev TŞ-də müdir dəyişikliyini rayon təhsilinin inkişaf etdirilməsi məqsədilə etsəydi, çox güman ki, təhsil şöbəsinin müdiri vəzifəsinə rayonun ucqar kənd məktəbinin direktorunu yox, ən azı, təhsil şöbəsində uzun illər təcrübə qazanmış, məktəbləri yaxından tanıyan TŞ-nin müdir müavini, inspektor, metodist vəzifəsində çalışan xeyli savadlı kadrların arasından seçərdi. Deməli, başçının bu təyinat da göstərdi ki, təyinatların "meyarı" və "məqsədi" tamam başqadır.

Asif Ağayev Beyləqanda başçı vəzifəsini icra etdiyi son bir ildə Təhsil şöbəsinin müdiri vəzifəsinə gətirdiyi Tahir Həsənov bir ili tamam olmamış vəzifədən çıxarılan üçüncü rəhbər vəzifəli şəxsdir. Bundan əvvəl "Beyləqan" qəzetinin baş redaktoru vəzifəsinə gətirdiyi, mediada adı "qısa yubka" xanım kimi hallanan, icra başçısının Bakıdan gətirdiyi və üç aydan sonra işdən çıxardığı baş redaktor xanım da bu taleyi yaşadı. Asif Ağayevin Beyləqandakı "Dostluq" Dövlət Damazlıq müəssisəsinə Sabirabaddan direktor gətirdiyi həmyerlisi Hikmət də 3 ay işlədikdən sonra müəssisədə çalışan işçilərinin şikayəti əsasında Kənd Təsərrüfatı nazirliyi tərəfindən vəzifədən qovuldu.

Misallardan göründüyü kimi, Beyləqanda "kadr islahatı" pərdəsi altında icra başçısı Asif Ağayevin həyata keçirdiyi kadr dəyişikliyi ölkə Prezidenti cənab İlham Əliyevin kadr islahatları ilə daban-dabana tam ziddiyyət təşkil edir. İcra başçısının şəxsi qazanc məqsədilə rayonda apardığı yanlış kadr siyasəti rayon əhalisinin haqlı narazılığına və ciddi etirazına səbəb olub.

Rayon əhalisi, xüsusən ziyalılar icra başçısının rayonda yaratdığı mürtəce, rüşvətxorluq mühitin ortadan qaldırılması, rayonda sağlam mühitin yaradılması üçün ölkə Prezidentinə ünvanladıqları şikayət məktubları bir qayda olaraq, cənab Prezidentdən gizlədilir və heç bir tədbir görülmür, icra başçısının pis əməllərindən bəhs edən şikayət məktubları Asif Ağayevin özünə qaytarılır. O da həmin şikayət ərizələrinin sahiblərinin şikayət məktublarında qaldırdıqları məsələləri həll etmək əvəzinə, məktubları zibil qutusuna ataraq, dövlətin qanunlarını və Prezidentin xalqa xidmət etmək barədə verdiyi tapşırığı insanların gözü qarşısında açıq-açıq pozur və icra etmir.

Asif Ağayevin rayona rəhbərlik sahəsində yol verdiyi yuxarıda qeyd etdiyim və etmədiyim bir slra ciddi yanlış hərəkətlər, nöqsanlar ölkə Prezidentinin yerdəki nümayəndəsinin statusu ilə, rayon rəhbəri adı ilə və əxlaq normaları ilə bir yerə sığmır. Asif Ağayev dərk etmir ki, onun hər bir yanlış hərəkəti yüz minlik Beyləqan əhalisini ölkə Prezidentindən narazı salır, xalqın dövlətə bəslədiyi inamı, sevgini sarsıdır.
Asif Ağayevin Beyləqanda yol verdiyi yanlış mənfi hərəkətləri davam etməsinə baxmayaraq, beyləqanlılar inanır ki, ölkə Prezidenti cənab İlham Əliyev xalqda narazılıq doğuran rayondakı mənfi hallardan tez xəbər tutacaq, uyğun qəti addımlar atacaq və həddini aşan icra başçısını layiq olduğu şəkildə ağır cəzalandıracaqdır.

P. S. Asif Ağayevin Beyləqanda yolların çəkilməsi prosesində SOCAR-dan əldə etdiyi mazut hesabına maxinasiya edərək, 400 min manatı pulu ələ keçirib mənimsəməsi barədə faktları yaxın zamanda açıqlayacam.

reportyor.tv
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!