Onlar korrupsiyaya qarşı “savaşır” - SİYAHI

2019-11-04 12:02:29 / 478 dəfə oxunub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.

E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyatİdarəsinin rəisi işləyib.

Qeyd edək ki, həmin İdarənin rəisi Kamran Əliyevdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini təkcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirmir.

Belə ki, 2004-cü ilin 3 martında Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beşüzvü Prezident, beşüzvü Milli Məclis, beşüzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur.

Korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Prezidentini, Milli Məclisi və Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.

Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır.

Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsinə baxır.

Həmçinin, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.

Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.

Komissiyaya sədrliyi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev həyata keçirir.

Prezident tərəfindən komissiyaya üzv təyin olunan digər dördşəxs isə aşağıdakılardır:

Vilayət Eyvazov -Daxili İşlər naziri

Şahin Əliyev -Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Milli Məclis tərəfindən təyin olunmuş Komissiya üzvlərinin də adlarını təqdim edirik:

Ziyafət Əsgərov - Milli Məclis sədrinin birinci müavini

Əli Əhmədov - Baş nazirin müavini (üzv təyin olunanda deputat idi)

Lətif Hüseynov - Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi

Əli Hüseynli - Milli Məclisinin deputatı

Bəxtiyar Əliyev – Milli Məclisin deputatı

Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri isə aşağıdakı şəxslərdir:

Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri

Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə naziri

Zakir Qaralov - Azərbaycanın Baş prokuroru

Ramiz Rzayev - Ali Məhkəmənin sədri

Kamal Cəfərov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi (oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!